Dermatoloq Vaqif Abdullayevin Lent.az-a müsahibəsi:
- Qışda dəriyə necə qulluq etmək lazımdır? Dərini soyuqdan qorumaq üçün qadınlarımıza nə məsləhət görərdiniz?
- Qış aylarında mütləq şəkildə dəriyə qulluq lazımdır. Çünki bu aylarda soyuq hava dəriyə mənfi təsir göstərir. Dağlıq rayonlarda hava soyuq olsa da ultrabənövşəyi şüaların spektri çox yüksək olur. Bu şüalar dərini yandıra bilir. Bu səbəbdən “sbf” kremləri mütləq şəkildə istifadə olunmalıdır. Qış aylarında qadınlarda yaranan əsas problem dəri quruluğudur.
Qış aylarında şikayətlər əsasən, quruma, qabıqlanma ilə bağlı olur. Həmçinin soyuq ekzemaları, allergik dermatitlərin kəskinləşməsi ilə əlaqədar şikayətlərə daha çox rast gəlinir. Bəzi xanımlar var ki, soyuğa çıxdıqda dodaqlarında qızarmalar, qurumalar, göz ətrafında, ağız ətrafında olan qabıqlanmalarla bağlı şikayətlənirlər.
- Bəzi qadınlar gecə makiyajı təmizləmədən yatırlar. Bunun dəriyə hansı zərərləri var? Ümumiyyətlə makiyajın üzə hansı zərərləri var?
- Makiyajı uzun müddət dəridə saxlamaq olmaz. Makiyaj adətən dəridə olan qüsurları aradan qaldırmaq üçün istifadə olunur. Əgər, dəridə hər hansı bir qüsur və ya problem yoxdursa, qadınların makiyajdan tez-tez istifadə etməsi tövsiyə olunmur. Makiyajı uzun müddət saxladıqda dəridəki yağ və tər vəzləri dəridəki məsamələr vasitəsilə dərinin səthinə yağı və təri ifraz edir. Qalın makiyajdan istifadə etdikdə dəridəki məsamələr tutulur və üzdə sızanaqların yaranmasına səbəb olur. Buna görə də qısa bir zamanda makiyajın silinməsi və dərinin təmiz qalması tövsiyə olunur.
- Əsasən lazer epilyasiyasından sonra üzdə sızanaqlar yaranır. Hətta bu sızanaqlar qalıcı olur. Bunun səbəbi nədir? Yaranan bu sızanaq ləkələrini necə aradan qaldırmaq olar?
- Əksər hallarda lazer epilyasiyasından sonra sızanaqların yaranması tüklərinin kökünün tam şəkildə yandırılmaması ilə bağlı ola bilər. Bu sızanaqlar adətən qalıcı olmur. Qalıcıdırsa, bu epilyasiyadan qaynaqlanmır. Belə hal yaranarsa, dermatoloqa müraciət etməlidirlər.
Biz pasiyentlərimizə düzgün mütəxəssislərlə işləməyi məsləhət görürük. Çinin nərdivan altı fabriklərində istehsal olunan cihazlardan istifadə etməməlidirlər. Avropadan gətirilən lazer cihazları daha keyfiyyətlidir.
Bəzən də, bu problemlərin yaranması daxili səbəblərlə, avitaminozla (uzun müddət pəhriz saxlanılması və sağlam qidalanmama, həzm sistemi, qalxanabənzər vəzdəki problemlər, endokrinoloji xəstəliklər və s. ilə əlaqədar yaranan vitamin çatışmazlığı) bağlı olur.
- Dermatoloqa yalnız qadınlar deyil, artıq kişilər də müraciət edirlər. Bəs kişilərin dəri ilə əlaqəli hansı problemləri olur?
- Kişilər də qadınlar kimi həkimə müraciət edir. Onlar da üzdə sızanaqlar və ya başqa dəri problemləri yaranır. Bunlar genetik və ya hormonal faktorların təsirindən yarana bilər. Kişilər estetik prosedurlarla bağlı, üzün lazer cilalanması, botoks və ya digər prosedurlara görə müraciət edir. Bu müraciətlər daha çox lazer epilyasiya və dermatoloji xəstəliklərlə bağlı olur.
- Dəridə qırışların yaranmasına əsas səbəb nədir?
- Dəridə qırışların yaranması müxtəlif səbəblər baş verə bilər. Qırışların növündən asılı olaraq fərqli yanaşmalar var. Dəridə qırışların yaranması əslində fizioloji bir prosesdir. Yəni müəyyən bir yaş dövründə dəridə qırışlar yaranmalıdır.
- Hər bir kəsin dərisi fərqlidir. Dəriyə uyğun qulluğun növünü necə müəyyən etmək olar?
- Dərinin rənginə, tipinə uyğun qulluqlar fərqlidir. Dəri yağlı, quru və ya kombinə olunmuş dəri ola bilər. Bunların hər birinin ayrıca qulluq vasitələri var. Ağ dərili insanlar xüsusilə yay fəslində günəşdən qorunmalıdırlar. Yağlı dəriyə malik insanlar isə daha çox təmizləyici lasyonlardan istifadə etməlidirlər. Çünki bu dərinin yağlılığını azaldır və normallaşdırır. Quru dəriyə malik insanlar isə daha çox nəmləndiricilərdən istifadə etməlidirlər.
- Neçə yaşdan sonra qadınlar üzünə xüsusi qulluq etməlidirlər?
- Təbii ki, bəlli bir yaşdan sonra üzə qulluq edilməlidir. Əslində burada yaş yox, əsasən genetik faktorlar önəmli rol oynayır. Əslində yaş məhdudiyyəti qoymaq düzgün deyil. Çünki elə insan var ki, yetkinlik yaşına çatan kimi dərisində problemlər yaranır
Lakin heç bir problemi olmayan şəxslər üçün, 30 yaşdan sonra üzə xüsusi qulluq etmək daha məqsədəuyğundur.