Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu baş ağrısının gətirdiyi təsirləri ilə bağlıdır.
Bir çoxumuz davamlı baş ağrısı ilə mübarizə aparırıq. Dözə bilmədikdə isə gün ərzində digər orqanizmimizə əks təsir edən ağrıkəsici preparatlardan istifadə edirik.
Maraqlıdır bəs, davamlı baş ağrıları hansı xəstəliklərin simptomları ola bilər?
Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova açıqlama verib.
Onun sözlərinə görə, ən sıx yayılmış növü gərginlik tipli baş ağrılar:
"Birincili baş ağrısının ən sıx yayılmış növü gərginlik tipli baş ağrıları, miqren və müxtəlif sefalalgiyalardır. Gərginlik tipli baş ağrılarının əsas simptomları kəllənin ətrafında yayılmış basıcı, sıxıcı ağrılardır, onlar adətən ümumi məişət aktivliyinə çox təsir etmir. Miqren baş ağrılarının isə aura ilə müşayət olunan və olunmayan növləri var. Aura adətən baş ağrılarından öncə başlaya və qısa müddətdən sonra baş ağrısına keçə bilər.
Bu zamanı pasientlərin gözlərində qığılcımlar, parlaq işıqlar, qoxu və səs hallüsinasiyaları, üzdə və ətraflarda qarışqa gəzintisinə bənzər və keyləşmə kimi hissiyat pozuntuları müşahidə edilir. Miqren zamanı baş ağrı yüngüldən çox şiddətli ağrılara qədər arta bilər. Davamlı, yaxud tutma şəkilli, bəzən isə günlərlə çəkə bilər. Dayanmadan olan baş ağrıları “miqreniz status” adlanır və təcili tibbi yardım tələb edir.
Sefalalgiyalar zamanı deşici və həddən artıq şiddətli ağrılar ola bilər və pasientə əzab verə bilər".