Nazirin bəyənmədiyi, senzuranın incitdiyi, qəhrəmanına heykəl qoyulan “Əsgər atası” - “Onların filmləri”
02 aprel 2020 10:15 (UTC +04:00)

Nazirin bəyənmədiyi, senzuranın incitdiyi, qəhrəmanına heykəl qoyulan “Əsgər atası” - “Onların filmləri”

“Bizim filmlər” varımızdı, dedik Lent.az -da həm də “Onların filmləri” barədə yazaq. Bu layihədə özümüzün yox, xaricilərin çəkdiyi filmlərdən bəhs ediləcək.  Layihəyə “Baharın on yeddi anı” (https://lent.az/news/339876) filmi ilə başlamışdıq. Bu dəfə Gürcü filmindən danışırıq, “Əsgər atası”.

 Humanist, işıqlı filmdir. Elə bir adam yoxdur ki, “Əsgər atası” filminə soyuqqanlı baxsın.

Gürcü kinematoqrafçılarının əməyidir. Film real hadisələr əsasında lentə alınıb. Sadə bir gürcü kişi müharibədə olan oğlunun yaralanıb hospitalda yatdığını eşidir. Gəlir oğlunun yanına, görür ki, hospitaldan çıxıb, qayıdıb cəbhəyə. Düşür oğlunun izinə ki, qayıdanda  onun anasına “sağ-salamat gördüm oğlumuzu” - deyə bilsin. Cəbhə boyu gəzdikcə başına gələnlər filmin süjet xəttini təşkil edir.

 

Filmin ssenari müəllifi Suliko Jqentidir. Onun 18 yaşı tamam olanda könüllü cəbhəyə gedib. Ağır yaralanıb hospitala düşəndə atası onun arxasınca gəlib və uzun, təhlükəli yollardan keçməli olub. Amma ssenaridə yazılanlar təkcə onun atasının başına gələnlər deyil. Öz oğlunun arxasınca gəlib Sulikonun özü ilə birgə Berlinə qədər döyüş yolu keçən və başına macəralar gələn başqa bir atanın dramıdır – Georgi Maxaraşvilinin. Müəllif onun adını da olduğu kimi saxlayıb.

 

Suliko Jqenti ssenarini yazıb, verib tələbə yoldaşı rejissor Rezo Çxeidzeyə. Ssenaridən təsirlənmiş rejissor dərhal onu götürüb aktyor Serqo Zakariadzenin yanına gəlib.

 

Rejissor xatirələrində yazır ki, ssenarini götürüb getdim kinostudiyaya: “Aktyor əvvəlcə salamımı belə dilucu aldı. Dedim sizə ssenari gətirmişəm, diqqət etmədi, başladım ssenarini danışmağa. Dedim ki, sadə kəndli oğlunun arxasınca hospitala, oradan da cəbhəyə gedir. Cəbhələrdə gəzib oğlunu axtarır. Gördüm yavaş-yavaş diqqətini çəkir.

 

- Hə, sonra necə olur? - deyə soruşdu.

 

Maxaraşvilinin başına gələnləri nağıl etdikcə Serqo diqqət kəsilməyə başladı. Həvəslə sonluğu ilə maraqlandı”.

 

Söhbətin sonunda gözləri yaşaran aktyor, rejissorun Maxaraşvili obrazını ona vermək istədiyini eşidərək, heyrətlənib: “Doğrudanmı, mənə belə xoşbəxtlik nəsib olar, elə bir obrazı oynayaram” - deyib.

 

Onu kinostudiya rəhbərliyi obraza təsdiqləmək istəmirmiş ki, həddən artıq xarakterli aktyordur - bir kəndli üçün bu, tipik deyil.

 

“Əsgər atası”nın çəkilişləri çətinliklə başa gəlib. Pul çatmırmış, senzura da bir yandan. 38 min sovet rubluna filmi çəkib bitiriblər. Çəkilişlər Moskva, Baltikyanı və Qafqaz qarnizonlarında çəkilib. Ordu təmənnasız köməklik edirmiş çəkilişlərə.

Rejissor Rezo Çxeidze xatirələrində yazır ki, uzun müddət studiyada Zakariadzeni çəkməyə razılaşmırdılar. Mənim üçün isə baş rolun ifaçısı çox önəmli idi”.

 

Çəkilişlər yeni başlayıb axarına düşəndə kinostudiyanın rəhbərliyi dəyişilir. 

 

Yeni rəhbərlik ssenaridəki bəzi məqamların gürcü xalqına təhqir olduğunu vurğulayıb, onu dəyişməyi tələb edib. Deyib ki, Maxaraşvili çox cahil verilib.

 

Rejissorun təkidi və nüfuzu sayəsində film bütün çətinliklərdən keçib.

 

Moskvada filmin ilk dəfə iki nəfər üçün nümayişi olub. Kinematoqrafiya naziri Aleksey Romanov və onun xanımı üçün.

 

Nazir də deyib ki, sovet adamı bu filmi qəbul etməyəcək. Niyə?

 

- Əsgər zabitə əl qaldırır filmdə.

 

Nazirin filmə qadağa qoymasına xanımı ağlamaqla cavab verir. Zaldan çıxhaçıxda nazir geri qanrılıb, “generala göstərin” - deyir.

 

General filmin sonunda ayağa qalxıb sənət əsərini alqışlayıb. Rejissor ona nazirin fikrini çatdıranda isə general: “O, yəqin anlamayıb ki, atası yaşında kişi əsgərə başa salır canlını qorumaq lazımdır – üzümlüyü də həmçinin”.

 

Filmin premyerası 1965-ci il yanvarın 11-də Tbilisidə olub. Mayın 1-də isə Moskvada. Ən yaxşı kişi roluna görə mükafatı da, Lenin mükafatını da Serqo Zakariadze Moskvadakı premyeradan sonra alıb.   

 

Sonrakı illərdə də hər qələbə günü - 9 mayda filmin nümayişindən sonra aktyor və rejissor müxtəlif mükafatlara layiq görülərmiş. 

 

Serqo Zakariadze filmin premyerasından sonra 6 il yaşayıb. Onun vida mərasimində aktyordan, sənət adamlarından çox sərhədçilər olub. Gətirdikləri əklilin üstünə belə yazılmışdı: “Əsgərin atasına oğullarından”.

 

Rejissor danışır ki, filmə verilən ən böyük mükafat onun nəzərində bir gəncin etirafı olur: “Elədiyi oğurluğa görə milisə gedib özünü təslim edən gəncdən soruşublar ki, nə əcəb təslim olmağa qərar verdin? Cavab verib ki, “Əsgər atası” filminə baxdım və qərara aldım ki, bütün həyatımı yalnız düzgün yaşayacam”.

 

Kalininqradda filmin çəkilişlərindən sonra Serqo Zakariadze Maxaraşvilinin qrimində piyada mehmanxanaya qayıdırmış. Yolda su almaq üçün mağazaya girib. Satıcıya yaxınlaşanda növbəyə duranlar ona irad tutublar ki, növbəsiz keçmək olmaz. “Növbəsiz hara keçirsən, şeytanabənzər” - deyə kimsə ona müraciət edib. Onu heç kim Xalq artisti Serqo Zakariadzeyə bənzətməyib. O vaxtlar aktyorlara xüsusi hörmət vardı. Aktyor pərt halda su almadan mağazadan çıxmalı olub. Belə münasibətdə alışıq deyildi axı. Adətən hara gedirdisə, onu qabağa çəkib yol göstərirdilər, hörmətlə-izzətlə qarşılayırdılar. Bu dəfə isə hətta “şeytanabənzər” - deyə müraciət etdilər. 

 

“Əsgər atası”nın prototipini cəbhədə hamı sevərmiş. O əsgərlərə oğlu kimi, əsgərlərsə ona öz ataları kimi münasibət göstərərmiş. Ağır silahları alıb gənc əsgərlərin əlindən özü daşıyarmış.

 

Yazın qoxusu duyulanda Berlinin yaxınlığında bir sahədə tüfənginin ucu ilə yeri eşib ora buğda atarmış Maxaraşvili. Əsgərlərin ona təəccüblə baxdığını görüb, yaz gəlir - deyib, buğdanı əkmək lazımdır ki, çörək bol olsun.

 

Filmin ən təsirli səhnəsi Berlin ətrafında sovet əsgərləri üzüm tinglərinin üstündən tankla keçmək istəyərkən Maxaraşvilinin onların qarşısına keçməsidir.

 

Gənc zabiti danlayır ki, bu bərəkətdir, onu tapdamaq olmaz, yoxsa sən də faşistsən? Həmin səhnənin sonunda hamı necə susub baxırsa, çəkiliş meydançasında eynisi baş verib. Dubl çəkilib bitəndən sonra səhnənin təsirindən çəkiliş meydançasında ani sükut çöküb. Sonra aktyoru qucaqlayıb, təbrik ediblər.

 

Senzura isə uzun müddət həmin səhnəyə görə yaradıcı qrupu incidib, filmin nümayişinə icazə verməyib.

 

Yəqin hamının yadındadır, uzun, məşəqqətli axtarışdan sonra Berlinin mühasirəsində Maxaraşvili öz oğlunu tapır, ona qovuşanda oğlunun gözlərini qapamalı olur, oğlu ölür. Qarşısında cansız cismi uzanmış oğluna baxıb – nə yaman, böyümüsən, oğul - deyir.

 

“Əsgər atası” müharibədən, onun insanların həyatına vurduğu ağır zərbələrdən danışan təsirli filmlərdən biridir. Yalnız bir xalqın yox, insanlığın mənzərəsidir.

 

Kaxetiyada, Georgi Maxaraşvilinin vətənində onun 15 metrlik heykəlini qoyublar.

Heykəlin qarşısında həmin müharibədə həlak olan Kaxetiyalıların ad və soyadları yazılıb. Qırx faizinin soyadı Maxaraşvilidir...

 

P.S. Mətn Rusiya və Gürcüstan mətbuatından seçmələr əsasında hazırlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12671
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar