“İlk dərs günü ağlayırdıq. Valideyndən ayrılmaq, məktəb, yeni kollektiv, bir vahimə, məktəb xofu... çətin idi. Bu gün uşaqları məktəblərin açılması münasibəti ilə təbrik edirik, amma uşaqları məktəbin açılması heç vaxt sevindirmir. Həmişə tətillər sevindirir. Kim məktəbə gedəndə sevinirdi ki?! Əksinə, həsrətlə tətili gözləyirdik. Bizim vaxtımızda 4 tətil vardı: noyabr, qış, mart və yay tətili. Və biz onları sevirdik. 1982-ci ilin dekabr ayında Brejnev öləndə bizə 3 günlük tətil verdilər. Allahdan arzulayırdıq ki, daha çox SSRİ rəhbəri ölsün, biz tez-tez tətilə çıxaq. Bəxtimizdən elə oldu ki, tezliklə Andropov, dalınca da Çernenko öldü”.
Gülürük. İlk dərs günündə ağlayan, məktəbdən çox tətilləri sevən müsahibim Milli Məclisin keçmiş üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadədir. Əslən Füzuli rayonundan olsa da, məktəbə Bakıda gedib. 1975-ci ildə Seyid Cəfər Pişəvəri adına 4 nömrəli farsca təmayüllü məktəbə.
İ Ağazadə məktəb illəri haqqında xatirələrini Lent.az-ın oxucuları ilə bölüşür.
- İlk müəllimim Xədicə Yusifova olub. Allah ona uzun ömür versin! Bizə hər şeyi öyrədib. Çox zəhmli müəllim idi. Bizə elə gəlirdi ki, Xədicə müəllim elə indiki yaşında idi. Amma sən demə, onun o vaxt 28-29 yaşı olub. Çox gözəl qadınıydı. Təbii ki, bunu sonralar dərk etdik. Uşaq vaxtı bizim üçün zəhmli sinif rəhbəri idi. Ondan qorxurduq.
- Döyürdü?
- Yooox, döyməyi yox idi. Qadının xarizması vardı. Bir tərs baxışı yetərli idi. Çox da savadlıydı. Həyatda qazandıqlarımın bir qismini də ona borcluyam. Həyatımda ən böyük rol oynayan müəllim –Telman müəllim olub. Dil-ədəbiyyat müəllimimiz, həm də sinif rəhbərimiz. Bizim fərqli insan, şəxsiyyət kimi yetişməyimizdə böyük rolu olub. Sovet məktəblərindəki qadağaların hamısını aradan qaldıran, şəxsiyyət kimi formalaşmağa yardım edən və arxasında duran sinif rəhbəri olub. Sinfimizin uşaqları SSRİ miqyasında yaxşı oxuduğuna görə qış tətillərimin əksəriyyətini sovet respublikalarının paytaxtlarını gəzmişəm. Moskva, Kiyev, Daşkənd, Leninqrad, Minsk və s. şəhərlərə pioner turları olardı. 6-cı sinifdə oxuyanda Qubaya getmək istədik. Telman müəllim dedi, hazırlaşın, gedəcəyik. Aprelin 17-nə planlaşdırmışdıq. Həmin gün də iməcilik vardı. Bir gün əvvəldən üzərimizə düşən işləri bitirdik, şənbə günü çıxdıq yola. İlk dəfə spirtli içkini onda içmişdik. Qəçrəşdə. Telman müəllim buna mane olmadı, əksinə, şərait yaratdı. Sadəcə, nəzarətdə saxladı. Dedi, onsuz da bir zaman araq içəcəksiniz. İndi için və dadını bilin ki, nədi. Sonrakı mərhələdə bunu istəyəcəksiniz, ya istəməyəcəksiniz?! Bu gün az qala 30 ildir, içki içmirəm. Yaxud futbola getmək istəyirdik. Neftçi oynayacaqdı. Məktəb kollektiv getməyimizə icazə vermirdi. Telman müəllim bizi kollektiv aparırdı.
- Bu, ona problem yaratmırdı?
- Yaradırdı. Danlayırdılar, amma o qorxmurdu. Yenə edirdi. 1983-ü ildə SSRİ miqyasında ümumittifaq məktəbləri içərisində məktəbimiz və onun da içərisində sinfimiz 1-ci yer tutmuşdu. Təlim və tərbiyə üzrə. Yadımdadır, rəhmətlik Elmira Qafarova maarif naziri idi. Moskvadan maarif naziri ilə Azərbaycan maarif naziri kimi də Elmira Qafarova sinfimizin bütün şagirdlərinə mükafatlar təqdim etmişdilər. Demək olar, bütün olimpiadalarda iştirak edirdik və qalib gəlirdik. Maraqlı məktəb illərimiz olub. Bizim pis xarakterli müəllimlərimiz olmayıb. Sevimli olmayan müəllim anlayışı bir dönəmdən sonra keçib gedir. Ən sevimli müəllimlərim Telman müəllim olub, Zərəfşan müəllim, rəhmətlik Bəşir müəllim olub. Böyük Vətən Müharibəsi veteranı idi. Tarix dərsi keçirdi, həm də məktəbin tədris hissə müdiri idi. Çox böyük insan, pedaqoq idi. Həddən artıq çox sevirdik onu.
- Parta yoldaşınızı xatırlayırsınız?
- Rəhmətə gedib. Rusiyada iş adamı idi. Öldürüldü. Allah ona rəhmət eləsin! Polad İmamverdiyev. Sinif yoldaşlarımızla bu gün də görüşürük. Adi günlərdə, toyda, yasda və s. Xüsusi görüş günümüz də var: 25 may. Daim telefonla əlaqə saxlayırıq. Bir neçə nəfər dünyasını dəyişib. Polad, Sevda Kərimova. Ceyhun Bəşirov Qarabağda şəhid olub. 29 oktyabr 1991-ci ildə. Rəhmətlik Yusif də gənc yaşda dünyasını dəyişdi. Yerində qalanlarla maksimum dərəcədə görüşürük. Çox mehriban sinfimiz vardı. Hamı bir-biri ilə dost idi. Ən yaxın dostum Polad olub. 18 ildir dünyasını dəyişsə də, mən elə bilirəm, ölməyib. Məktəbi bitirən kimi oxumağa Rusiyaya getdi. Daim məktublaşırdıq. Bakıya gəldikcə görüşürdük. Yanımda olmadı deyə mənə elə gəlir ki, Polad yenə Rusiyadadı, gələcək.
“Dərsdən qaçmısınız?” sualını “o”ları uzadaraq cavablayır.
- Ooooo qədər! Kirov adına Dağüstü Parka da çıxırdıq, araq içməyə də getmişik, qumar oynamağa da getmişik. O mərhələlərin hamısını yaşamışıq. Bəzən elə-belə də qaçmışıq. Ya dərsi bilməmişəm, yaxud 3-4 uşaq dərsi bilmirdi ki, sözü bir yerə qoyub, dərsdən qaçmışıq. Sinfimiz çox yekdil idi. Məktəbdə adla deyilirdi. Sinfimizdən 12 nəfər medala namizəd vardı. Azərbaycanda çox nadir siniflərdən biri idi.
- İqbal Ağazadə necə şagird olub?
- Sakit şagird olmamışam. Ümumiyyətlə, sinfimiz yaxşı sinif olmayıb. Bütün fənlərdən “əla” qiymət alsaq da, təlim-tərbiyədən “2” almışıq. Bütün günü dalaşırdıq. Sinif-sinif, qrup-qrup. Hətta 9-10-da oxuyanda Xalq Təsərrüfatı İnstitutuna davaya getmişdik. İnstitutun tələbəsi sinif yoldaşımız olan qızın arxasıyca gəlmişdi. Yığışıb gedib institutda auditoriyada o oğlanı döymüşdük. Montin “Sovetski”dən sonra ən ağır, kriminal yer olub. Biz də gənclikdə Montin uşağının taleyini yaşamışıq. Dava-şava. Yayda bekar olanda Montin parkında tennis oynamağa gedərdik. Amma təhsilimiz də öz yerində. 1983-cü il idi. Müxtəlif fənlərdən respublika olimpiadasına getməli idik. Bizim kefimiz istəmədi, getmədik. Montində “Ekspress kafe” vardı. Gəldik kafeyə, 33 qəpikdən hərəyə bir sosiska və araq aldıq. Sonra məktəbə qayıtdıq. Hamı da elə bilir biz olimpiadaya getmişik. Məlum oldu ki, məktəbi təmsil etməli olan heç bir şagird olimpiadaya getməyib. Böyük qalmaqal çıxdı. Az qala hamımızı məktəbdən qovurdular, güclə saxladılar. Məktəbin hər günü bizə xatirədir.
Deyir, sinif yoldaşları ilə görüşlərdə məktəb illərində yaşadıqları hər detalı müzakirə edirlər. Xatırlayıb gülürlər. Bəzən də kədərlənirlər. Rəhmətə gedənləri yad edib. Üzlərində gülüş yaradan xatirələrindən birini bizim üçün danışır.
- Birinci sinifdə oxuyurduq. Əlifbanı yenicə bitirmişdik. Təxminən fevral olardı. İki ən yaxşı oxuyan uşağa - mənə və İlham Ağayevə icazə verdilər ki, kitabxananın üzvü olaq və hərəmiz bir kitab götürək. Kitabxananın müdiri Sveta müəllim idi. Deyəsən, hələ də müdir odur. Mən “Biri var idi, biri yox idi” kitabını götürdüm, İlham “Koroğlu”nu. Xüsusi tipli təmayüllü məktəb olduğundan günün ikinci yarısı da məktəbdə qalıb ev tapşırıqlarımızı edərdik. Axşamlar uşaqlarla yığışardıq. Birimiz nağıl oxuyardıq, hamımız qulaq asardıq. “Koroğlu”nu oxuduqca uşaqların içindən Koroğlu və onun dəliləri olmaq keçdi. İlham Koroğlu oldu, Gözəl Opra vardı Güney Azərbaycandan, o da Nigar oldu. Və hərəyə bir dəli adı qoydular. Çingizlə Aydın Koroğlunun tapşırığı ilə Çənlibeli axtarmağa getdilər. Günün sonda baxdılar ki, Çingizlə Aydın yoxdu. Bütün respublika bir-birinə dəydi. 2 uşaq məktəbdən yoxa çıxıb. 3 gün bu uşaqları tapa bilmədilər. Biz də onları satmamaq üçün hara getdiklərini demirik. Çingizgil Çənlibeli tapan kimi biz də qaçacaqdıq. Sən demə, gediblər Biləcəriyə - yük qatarına miniblər. Yük qatarının üstündə gedəndə milis tutub gətirmişdi. Ondan sonra sirrimizin üstü açıldı. İlhamı da xeyli töhmət etdilər, hamımız cəza aldıq.
Adətən, ilk sevgilərin çoxu məktəb illərində yaşanır. İqbal Ağazadə isə məktəb illərində sevib-sevilmədiyini desə də...
- İndiki Türkiyə səfirliyinin ərazisindəki Pioner evində teatr dərnəyinə gedirdik. Dərnəyin rəhbəri Loğman Kərimov idi. Bizim sinif orada başqa siniflə dostlaşmışdı. Eyni vaxtda Teatr dərnəyinə gedirdik. Lalə, Sədaqət, Xəzər, Rəna vardı. Təəssüf ki, onların oxuduğu məktəbi unutmuşam. Yadımda tək qalan budur ki, 9-cu mikrorayonda idi məktəbləri. Lalə xanımın mənə hədiyyə etdiyi bir kitab da var. Nigar Rəfibəylinin “Bir həzin axşamda düşsəm yadına” kitabı. İçərisində yazmışdı ki, “əziz İqbalıma yadigar olaraq”. Bax, sevgi deyirsiniz, bəlkə də elə sevgi idi... nə bilim?! O vaxtdan sonra onları heç görmədim. Görməyi çox istəyərəm. Yeri gəlmişkən, onları axtarıram. Bu müsahibəni oxusalar, adlar onlar üçün bir şey deyəcək.
Son zəng
- Son zəngdə 10-cular birincilərə hədiyyə verirdilər. Onlar da bizə gül-çiçək. Adını çəkməyəcəm, indi çox tanınan bir qadındı. Mən hədiyyəmi ondan almışdım. Yeganə sinif olmuşuq ki, polislə dalaşa-dalaşa gecəni səhərə qədər bulvarda qalmışıq. Yüz yerdən qovublar, amma getməmişik. Günəşi Bakı bulvarında qarşılamışıq. Qızlı-oğlanlı. Yeməklərimizi qutularında gətirib Kirov heykəlinin yanında, pilləkənlərin arxa tərəfində gizlətmişdik. Yaxşı içmişdik. Gecə 11-dən sonra ora yığışdıq. Ceyhunla İlham gözəl meyxana dedilər...
P.S. Yeri gəlmişkən, bu gün İqbal Ağazadə üçün əlamətdar günlərdən biridir. Onun 49 yaşı tamam olur. Bu müsahibə də elə təbrik əvəzi olsun.