Məktəbə Sumqayıtda gedib. 12 saylı məktəbə. Rus bölməsinə. Bu məktəb sovet dövründə respublikada sayılıb seçilən məktəblərdən olub. Məzunlarının 90 faizi ailə məktəbə qəbul olurmuş.
Bunlar Dağıstanın və Azərbaycanın əməkdar artisti Ədalət Şükürovun dediklərindəndi. Məktəbini öyə-öyə bitirmir. Təhsilinin keyfiyyətindən, müəllimlərindən ağız dolusu danışır.
Sovet İttifaqı dağılandan sonra məktəb də dağılır. Daha doğrusu kollektivi. Müəllimlərinin bəzisi İsrailə, bəziləri isə Almaniyaya üz tutub. Bununla da məktəbin gəlhagəl dövrü bitir.
- İlk müəlliməm Anna Pavlovna olub. O vaxt qərənfil dəbdəydi. Qızıl gül siz deyən çox yoxuydu. Sentyabrın birində əlində uzun çubuqları olan qərənfil aparmışdım. O vaxt boyumuz balacaydı. Heç indi də böyük deyiləm. Boyumu nəzərə alsaq buketim özüm boyda idi. Ağladımmı? Yox, ağlamadım. O vaxtın uşaqları tamam başqa cürüydü. İndiki uşaqları evdə tək qoymaq olmaz. Amma biz 5-6 yaşımızda valideynlərimiz işə gedəndə evdə tək qalardıq. Anam toxuculuq fabrikində işləyirdi. Səhər yeddidən işə gedərdilər. O vaxt nə qulluqçu varıydı, nə dayə. Evin böyüyü də məniydim. İndi kimsə uşağını həyətə buraxmaq istəmir. Amma bizim günümüz elə həyətdə keçirdi. Müxtəlif oyunlar oynayardıq. Kompüter çıxandan uşaqları həyətdə görmək olmur.
Deyir ki, Sumqayıtda o vaxtlar ruslar, almanlar, ukraynalılar da çox olub. Bu qədər müxtəlifliyin arasında mehribançılıq da çox imiş.
-Məktəbi necə oxumusunuz?
-Desəm ki, əla oxumuşam, yalan olar. Qiymətlərin “üç”, “dörd” olub. Buna baxmayaraq sinif nümayəndəsi idim. Fikir versəniz görərsiniz ki, sinifdə ən zəif oxuyanlar çox qabağa gedir. Bu paradoksdu. Çox yaxşı oxuyanlara elə gəlir ki, onlar hər şeyi bilir. Hədəfləri sadəcə ali məktəbə qəbul olunmaq olur. Vəssalam. Amma zəif oxuyan uşaq daim özünü sınayır, nəyəsə çatmağa can atır. Müxtəlif işləri “prob” edir. Özünü tapana qədər başı daşdan daşa dəyir.
-Ən çox sevdiyiniz fənn?
-Coğrafiya. Fizika, kimya, riyaziyyat mənlik deyil. Müəllimlər məndən inciməsin, mənə botanika, kimya heç vaxt lazım olmadı. Amma coğrafiya çox lazım oldu. Dünyanı gəzmək üçün. Bizim sinifdə demək olar ki, hamı xəritəni yaxşı bilirdi. Şövkət müəllimə coğrafiyanı çox gözəl tədris edirdi.
Müəllim gərək dərsi elə keçsin ki, uşaq dərsə ürəklə gəlsin. Sankt-Peterburqda universitetdə oxuyanda bizim bir müəllimimiz vardı Əfrasiyab Vəkilov. Səməd Vurğunun doğmaca əmisi oğlu. Şərqşünaslıqdan dərs deyirdi. Mühazirə otağının qapısında növbə tuturduq ki, qapı açılan kimi birinci içəri keçsin. Həyatda gərək hər şeyi ürəklə edəsən. Mahnını da gərək ürəklə oxuyasan, dərsini də. Fizika, riyaziyyat dərsləri başlayanda “offf” deyərdik. Çox təəssüf edirəm ki, alman dilini yaxşı öyrənməmişəm. Valideynlərə məsləhət görürəm ki, uşaqlarına xarici dil təhsili versinlər.
-Neçə dil bilirsiniz?
-Azərbaycan, rus, ingilis və ispan dilində sərbəst danışıram. Piterdə olanda ispanlarla tez-tez görüşürdüm. Azərbaycanda ispan dilində danışmağa adam yoxdu. Olsaydı, əla olardı. Praktika olmadığından bu dillər nisbətən yadımdan çıxır. Xarici gedəndə 2-3 gün sonra təmiz yadıma düşür. Portuqal dilində də bir az bilirəm. Portuqal və ispan dilləri Türk dili ilə Azərbaycan dilini kimi oxşardı.
Layihəmizin adını ispanca deməyini istəyirik.
-Estudiantos anyos. Eskuelo - məktəb deməkdi.
İspanca bir neçə söz öyrəndikdən sonra mövzumuza, yəni Estudiantos anyos-a geri dönürük.
-Parta yoldaşınız yadınıza gəlir?
-İlk parta yoldaşım Vadim Makarov olub. Rusuydu. Sonra Arzu Mustafayeva, Şamil Aydabekov və Feliks İşmakovla. Vadim Makarov Rusiyada Dumada deputatlardan birinin köməkçisidi. Şamil Aydabekov “Lyukoil” şirkətində vertolyot briqadasının müavinidi. Feliks İşmakov polkovnikdi. Uzun illər Həştərxanın polis rəisi olub. İndi isə Moskva vilayətinin Ximki şəhərinin polis rəisinin müavinidi. Arzu xanım isə Bakı Dövlət Universitetinin müəllimidir.
-Görüşürsüz onlarla?
-Həştərxanda Heydər Əliyev parkının açılışına gedəndə Feliksin anasını Fəridə xanımı görən kimi tanıdım. Bir buket gül alıb evlərinə qonaq da getdim. Arzunun qızının toyunda iştirak eləmişəm. Ara-sıra görüşürük.
-“Məktəb illəri” deyəndə ağlınıza ilk gələn bir xatirə...
-Dərsdən qaçıb çayxanaya gedərdik.
“Heyif o günlərdən” deyir və köks ötürür.
-Hind kinosuna bəs?
-Kinoya axşamlar gedərdik. “Vaqif” adına kinoteatra. Bilet tapmayanda ağacın başına çıxıb ordan baxardıq.
Gülür və yadına məzəli xatirə düşür.
-Şövkət müəllimə həm də fotoqraf idi. Onuncu sinfi bitirəndə bizim birinci sinif şəkillərimizi od qiymətinə satdı. Dedi, istəyirsiniz sizin birinci sinif şəkillərinizi verim? Dedik, hə. Bir manatlıq şəkli 20 manata satdı. Dedik, ucuz elə. Eləmədi. Hamıda məcbur olub aldı. Kim almaz ki? Sonra öyrəndik ki, hər il belə edirmiş.
-Döyülmüsüz?
-Heç vaxt. Nə danışırsınız, bizim məktəbdə müəllim şagirdi döyə bilərdi? Bəlkə başqa məktəblərdə olub. Amma bizdə əsla.
-Məktəb illərində sevgi-məhəbbət?
-Birinci sinifdə sevgi başqa cür olur, səkkizinci sinifdə ayrı. Hər yaşın öz sevgisi var. İnsan böyüyür, dünya görüşü dəyişir. Konkret kimisə sevmişəm? Yadımda da deyil, Vallah. Məktub yazardın, həsrətlə cavabını gözləyirdin. İndi nə var e, “WhatsApp”la yazışırlar, “Skype”da görüşürlər. Belə sevgi olur?
-Hədiyyə verməklə aranız necəydi?
-Səkkiz martda ancaq müəllimlərə. O vaxtlar sabun tapılmazdı. Müəllimə xarici sabun hədiyyə verərdik. Qızlar üçün isə konsert təşkil edərdik. Mahnı oxuyardıq, şeir deyərdik.
-Siz də oxuyurduz?
-Mahnı oxumağı, gitara çalmağı pioner düşərgəsində öyrənmişəm. Sarı Qayada “Metallurq” adlı pioner düşərgəsi vardı. Üç ay yay tətilini orda keçirirdik.
-Son zəng?
-Rəsmi hissə məktəbdə oldu. Sonra gəldik Bakıya. Dağüstü parkda gəzdik. Sumqayıta qayıdıb, restoranda şənliyimizi davam etdirdik.
-Sonuncu sual. İndiki təhsillə o vaxtkı təhsil arasındakı fərqi necə təhlil edə bilərsiniz?
-İlin sonunda baxıram ki, hamının övladı ali məktəbə qəbul olub. Yəni hamı belə yaxşı oxuyur? İmtahanda abituriyentə verilən suallara hərdən müəllim özü cavab verə bilmir. Test sualları ağır və lazımsızdır. Uşağa loqorifm keçirlər. Heç kimə heç vaxt lazım olmayacaq loqorifm. Yazıqdılar. Uşaqları imtahanlarda belə yükləmək olmaz. Məsələn, xaricdə birinci uşağın dünya görüşünü yoxlayırlar. Bu dəqiqə uşaqdan soruş ki, göydəki ən böyük ulduz hansıdı? Bilməyəcəklər. Mən loqorifmi nə edim? Məktəblərdə mütləq xalq rəqsləri keçirilsin. Uşaqlar toylarda gözəl rəqs eləməlidir. Hər bir valideyn onun övladı toyda gözəl rəqs edəndə onunla fəxr edir. Sonra din dərsləri keçilsin. Uşaqların dinlə bağlı təsəvvürləri olsun. Bizim bir dini kitabımız var. Quranı Kərim. Bu kitabda neçə ayə var, müqəddəslərimizin adlarını bilməlidi uşaq. Kəlmeyi şəhadətini bilməlidi. Mən nə edirəm lazım olmayan həndəsəni, kimyanı, fizikanı, biologiyanı? Lazımsız şeylərdir. Bunları yığışdırmaq lazımdır. Uşaq özü konkret xoşlayarsa, qoy özü oxusun.