<span style="color:red;">Dilarə Əliyeva:  “Onu qucaqlayıb, yarım saat ağladım”–<span style="color:red;"> MƏKTƏB İLLƏRİ
22 fevral 2017 10:44 (UTC +04:00)

Dilarə Əliyeva: “Onu qucaqlayıb, yarım saat ağladım”– MƏKTƏB İLLƏRİ

 

“İlk dərs günüm idi. Qənirə müəllim bizi dəhlizə çıxardı ki, məktəblə tanış eləsin. Sinfə qayıdanda oturduğum yerə baxdım ki, çantam yoxdu. Təşvişə düşdüm, sinfi ələk-vələk elədim, tapmadım. Sən demə, sinfi səhv salmışam. İndi də beləyəm ha. Yol tanımaq qabiliyyətim heç yoxdu. Burdan çıxsam, illərdi yaşadığım evi gedib tapmayacam”.

 

Əməkdar artist Dilarə Əliyeva Lent.az-ın “Məktəb illəri” layihəsində məktəb illərindən danışır. 1979-cu ildə Sumqayıt şəhəri 21 nömrəli məktəbə gedib. İlk müəllimi Qənirə xanım olub.

 

- Uzun saçları vardı. Daim hörükdə saxlayardı. Bayram günlərində hər iki yanından salardı. Adi günlərdə boynunun arxasında toplayardı. Uşaqları sevən, onlara bilik öyrətmək üçün alışıb-yanan insan idi. Doqquz il əvvəl məktəbimizdə məzunlarla görüş olmuşdu. Məni də dəvət etmişdilər. Qənirə müəllimlə də görüşdüm. Nostalji hisslər yaşadım. Onu qucaqlayıb, yarım saat ağladım. Xətrini istədiyim müəllimlərim çox olub: Solmaz müəllim. Biologiya dərsi keçirdi. Rus dili müəllimimiz Rafael müəllim. Dil-ədəbiyyat müəllimimiz Gülağa müəllim. Rəsm müəllimimiz Rəhim müəllim. Onun əl qabiliyyətini çox sevirdim. Xarakter etibarı ilə gözütox insanam. Bu dünyada yeganə qibtə etdiyim insanlar rəssamlardı.

 

- Parta yoldaşınız kim olub?

 

- Zaman-zaman dəyişib. Birinci sinifdə mehman adlı oğlan idi. Sonra İlhamla oturdum. Yuxarı siniflərdə Şəfəqlə.

 

- Şəfəq rəfiqəniz idi?

 

- Zöhrə ilə rəfiqə idik. Ən yaxın rəfiqəm isə Gülnarə idi. “Matan” deyirdim ona. Paralel siniflərdə oxuyurduq. Həm də qonşu idik. Biz ikinci mərtəbədə, onlar isə beşdə qalırdılar. Həyatımı Matansız təsəvvür etmirdim. Matan mənim üçün hər şey idi. Matanı görmək üçün dərsdən çıxıb evə qaça-qaça gəlirdim. Bina evində yaşayırdıq. Evin içində boru keçirdi - “otoplenie”. Borunu aşağıdan vuranda yuxarıdan eşidilirdi. Anam uşağa qarşı həddindən artıq sərt idi. Matanla söhbətə başımız necə qarışırdısa, bir də borunun səsinə ayılırdıq. Anam əsəbiləşib boruya vururdu ki, evə gəlim. Matan deyirdi, vəssalam, Diliş, bu dəfə səni döyəcək! Anam məni döyməsin deyə yazıq qız məndən qabaqda gedirdi.

 

- Dilarə Əliyeva özünü necə xarakterizə edir?

 

- Həddindən artıq məsuliyyətli şagird olmuşam. Getdiyim yer ancaq ev-məktəb, məktəb-ev olub. Dərslərimi yaxşı oxumuşam. Hətta sevmədiyim fənləri də.

 

- Hansı fənləri sevməmisiniz?

 

- Texniki fənləri. Onlara hörmət də etməmişəm (gülür). Onlar da məni qəbul etməyiblər. Humanitar fənləri çox sevmişəm. Çox yaxşı inşalar yazırdım. O vaxt instituta qəbul imtahanında inşa yazdırırdılar. Xəttim də çox gözəl olduğu üçün mən o inşadan beşdə beş almışdım. Tələsik yazsam belə səliqəli olur. Rahat oxunur. Qrammatikanı da yaxşı bilirəm.

 

Məktəb illərindən yadda qalmış xatirəsini danışır.

 

- Beşinci sinifdə oxuyurduq. Rus dili müəllimi bir dəfə jurnalı açdı ki, bir qızın adının qarşısında 3 dənə “2” yazılıb. Müəllim qızı idi, həm də əlaçı. Bu, çox böyük qalmaqal doğurdu.  Düşündülər ki, bunu uşaqlar edib. Başladılar uşaqları cəzalandırmağa ki, kim edibsə, etiraf etsin. Dərs bitir saat 1-də, bizi evə getməyə qoymurlar. Hamının valideynini məktəbə çağırmışdılar. Bizi qorxudurdular ki, sinfə it gətirəcəyik. Birdən bir qız başladı ağlamağa ki, mən itdən qorxuram. Düşdülər onun üstünə ki, deməli, sən eləmisən?! Qız da and-aman elədi ki, mən, ümumiyyətlə, itdən qorxuram. Günü bu günə qədər o məsələ çözülməmiş qaldı. Bilmədik, ora o ikiləri kim yazmışdı.

 

Xatirələrinə davam edir.

 

- Birinci sinifdə oxuyanda “A” hərfini təzə keçmişdik. Bir dəcəl oğlan vardı, heç oxumurdu. Müəllim dəftərlərimizi açanda gördü ki, “A” hərfinin yerinə o oğlan bir sıra svastika işarəsi yazıb. Müəllim dəftəri bizə göstərəndə hamımız gülmüşdük (gülür).

 

Deyir, dərsdən heç vaxt qaçmayıb.

 

- Sinif nümayəndəsi idim. Biləndə ki, uşaqlar bu gün dərsdən qaçacaq, əvvəlcədən müəllimdən icazə alıb evə gedərdim. Onlar qaçıb kinoya gedirlər. Mənim anam kinoya getməyə icazə vermirdi. Məcbur evə gəlməli idim. Evə tez gəlsəm, biləcəkdilər ki, dərsdən qaçmışam. Niyə qaçıb bir adımı iki edim?!

 

- Müəllimlər şübhələnmirdilər bəs?

 

- Məktəbin ictimai həyatında fəal idim, üstəlik də məsuliyyətli, düzgün şagird kimi tanıyırdılar. İnanırdılar ki, problem olmasa, Dilarə icazə almaq. Mən də onların bu etimadından sui-istifadə edirdim.

 

Gülürük.

 

Növbə çatır, məktəb illərindəki sevgi-məhəbbətə. Deyir, nə onu sevən olub, nə də o sevib. İlk sevgisi elə Oqtay olub.

 

- İnstituta girən kimi Oqtay məni öz tamaşasına dəvət elədi. Rejissorluqda oxuyurdu, diplom tamaşası hazırlayırdı. Bir neçə dəfə imtina etsəm də, sonda razılaşdım. “Ər və arvad” tamaşası idi. Tamaşanın məşqlərində bir-birimizi tanıdıq, münasibətlərimiz alındı, evləndik. Birinci kursun oktyabrında nişanlandıq, növbəti kursda evləndik.

 

Son zəng

 

- Bunu bir dəfə hekayə şəklində kulis.az-a yazmışdım. Siz istəyirsiz deyə, sizə də danışıram. Əvvəlcədən uşaqlarla danışmışdıq ki, son zəng günü tədbirdən sonra Bakıya gəzməyə gedəcəyik. Sumqayıt məktəblərində də icazə vermirdilər Bakıya gəlməyə. Bununla belə, qərara aldıq ki, Bakıya gedəcəyik. Biologiya müəlliməmiz bizə söz verdi ki, bizi aparacaq. Sinif rəhbərimiz bundan xəbər tutan kimi müəlliməyə qəti etiraz elədi. Biologiya müəllimi də bizə dedi ki, mən məktəbin qaydalarına qarşı çıxa bilmərəm. Valideynlərimiz də bir şərtlə razılıq vermişdi ki, müəlliməmiz də bizimlə gedəcək. Sinif olaraq, Bakıya getməkdə, israrlıydıq. Belə qərara gəldik ki, müəllimsiz gedək Bakıya. Dəmiryolu vağzalı da bizə çox yaxın idi. 24 şagird piyada vağzala tərəf yollandıq. Sinif rəhbərimiz görəndə ki, biz gedirik vağzala tərəf, tez bir-bir uşaqların evinə zəng edib. Birinci bizə zəng edir, anama deyir ki, bəzi siz bilirsiniz ki, qızınız müəllimsiz-filansız Bakıya gedir? Anam da bunu eşidən kimi ayaqyalın qaçıb vağzala. Vağzala çatan kimi elektrik qatarı tərpənir. Gəldik çatdıq Bakıya. Düşdük metroya. Məni də fikir götürüb ki, anam bilsə, necə olacaq?! Bir də onda ayıldım ki, qatar gəlib gedib, uşaqlar qatara minib, görməmişəm. Platformada tək qalmışam. Növbəti gələn qatara minib, uşaqları axtarmağa başladım. Heç kimi görməyincə, başladım ağlamağa. Ömrümdə birinci dəfədi ki, metroya minirdim. Yol-iz tanımıram. Hamı yığıldı başıma, sakitləşdirməyə çalışdılar. Qatar dayananda düşdüm, yenə ətrafa boylandım ki, bəlkə kimisə görəcəm. Görməyincə yenə başladım ağlamağa. 3 qız, bir oğlan mənə yaxınlaşdı, ağlamağımın səbəbini soruşdular, dedim. Dedilər, yəqin uşaqlar bulvara gediblər. Biz də ora gedirik, gedək, əgər orda olmasalar, biz səni Sumqayıt yola salarıq. Tibb Texnikumunun tələbələriydilər. Qoşuldum onlara.

 

Metrodan çıxdıq, sonra yenidən metroya qayıtdıq. Metroya girəndə sinif yoldaşım Mehmanı gördüm. Ay aman! Sevindiyimdən necə qışqırdım?! Sən demə, uşaqlarla bayaqdan məni axtarırlarmış. Gətirdi məni qızların yanına. Uşaqlar hamısı necə ağlayırdılar! Bu boyda olanlardan sonra, tənbəllik eləməyib, bulvara gəzməyə getdik. Evə qayıdanda Sumqayıtda avtobusdan düşən kimi gördük hamı bizə qəribə baxırlar. Bir neçəsi bizə tez-tez yaxınlaşıb soruşur ki, Bakıya gedən uşaqlar sizsiz? Məlum oldu ki, valideynlərimiz bütün şəhərə küy salıblar ki, uşaqlar müəllimsiz Bakıya gedib. Həyətə girəndə qonşularımız dedilər, Diliş, Diliş, Lətifə səni öldürəcək, qoy biz də səninlə gələk, döyməsin. Razılaşmadım. İstəmirəm axı onların yanında döysün.

 

Qapını bacım açdı. Məni görən kimi dərindən ah çəkib, başını aşağı saldı. Atam qəzet oxuyurdu. Məni içəri çağırıb, başladı sorğu-sual etməyə. Anam hələ ki, dinmirdi. Atam əlini qaldırdı ki, məni vursun, rəngim ağardı. Dedi, sənə əlim də qalxmır. Anam dedi, eybi yox, mən vuraram. Bu vaxt ev telefonuna zəng gəldi. Qulağım eşidə-eşidə anama dedi, ona əlini vurmayasan və evdən çıxıb harasa getdi. Acından ölürdüm. Mətbəxə keçdim ki, anam dovğa bişirib. Əlimi atdım ki, dovğa çəkib, əlimə çubuq dəydi. Nə yemisən? Turşulu aş. Anam məni o qədər döydü ki, nə qardaşım, nə də bacım əlindən ala bilmədi. Üç gün, üç gecə mənə yemək vermədi. O dediyim rəfiqəm Matan anamdan xəlvət koftasının altında mənə kolbasa-çörək gətirirdi.

 

Üç gün sonra məktəbə getməliydim, buraxılış imtahanına. Yadıma düşəndə həmişə kövrəlirəm.

 

Gözləri yaşayır.

 

Blokdan çıxanda balkondan arxamca səsləndi ki, müəllimə soruşsa ki, valideynin niyə gəlməyib? Deyərsən, utandığından. Bədənim çubuqların izindən gömgöy idi. Məktəbə çatanda qızların vəziyyətini görəndə özümə şükür elədim.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6575
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar