“Məktəbə ilk dəfə 5 yaşımda getmişəm. Bir neçə aydan sonra valideynlərimi çağırdılar ki, çox uşaqdı, hərəkətləri düz gəlmir. Başladım ağlamağa ki, məktəbi istəyirəm. O vaxt məktəbə həvəs vardı. Sonradan 6 yaşımda təkrar birinci sinfə getdim. Sənədlərimdə təvəllüdüm səhv gedir, əslində 1953-cü ilin sentyabrın 4-də doğulmuşam. Bacım 52-də. Yaşıdlarımın hamısı 7 yaşından gəlmişdilər, məni də 52 yazdılar. Məktəbi “əla” qiymətlərlə oxumuşam. Dəcəlliyimə görə davranışdan “4” alırdım. Çox şuluqluq edirdim. Aşağı sinifdə dəcəlliyimə görə küncə də qoyurdular. Sadəcə məni yaxşı oxumağım xilas edirdi, müəllimlər çox istəyirdi məni. Rəsmə marağım çoxuydu. Çəmənlikdə maral şəkli çəkmişdim. Atam gəldi, üzümdən öpdü, konfet verdi ki, nə gözəl şəkil çəkmisən. Şəkli çərçivəyə salıb divara vurmuşdu”.
5 yaşında məktəbə gedən, sonra uşaq hərəkətlərinə görə məktəbdən çıxarılan, təvəllüdü səhv yazılan bu dəcəl şagirdin adı Qurban Yetirmişlidir. Lent.az-ın “Məktəb illəri”nin budəfəki qonağı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlidir. Birinci sinfə Gürcüstanın Marneuli şəhərində 1 saylı Mehdi Hüseynzadə adına Azərbaycan məktəbinə gedib.
- O vaxt oxumağın ayrı bir tərzi vardı. Heç vaxt ağlıma gəlməzdi ki, məktəbi bitirib ali məktəbə daxil olmaya bilmərəm. İndiki oxuyan şagirdlər üçün daha gözəl şərait var: ədəbiyyat, informasiya bolluğu, internetin verdiyi məlumat və s. Biz barmaqla saya-saya gəlib bu günə çıxmışıq. Nə pis olsa da, sovetlər birliyində elmə-təhsilə güclü tələb vardı, müəllimlər tələbkar idi, nizam-intizam vardı. Müəllimlərimə minnətdaram ki, tələbkarlığı ilə bizi elmləndirdilər. Birinci sinifdən dördüncü sinfədək Həmail müəllimə dərs deyib. Dünyasını çoxdan dəyişib, Allah rəhmət eləsin! Məni çox əzizləyirdi, başımı sığallayırdı. Hərdən deyirdim, müəllim, qarnım ağrıyır, tez kürəyimi ovardı. Tək mənə yox, bütün şagirdlərinə qarşı belə idi. Heç vaxt qışqırmazdı, vurmazdı bizi. Hər uşağa öz övladı kimi yanaşırdı. Qədir müəllim vardı, riyaziyyat dərsi keçirdi. Şənbə-bazar günləri üçün sinfin yaxşı oxuyanlarına əlavə misal-məsələ verirdi. Yoxlayırdı, səhv tapanda dəftəri vururdu başımıza, yerə atırdı ki, get həll elə!
Gülür.
-Elementar bir şeydə səhv edəndə çox qəzəblənirdi, qələmi alırdı əlinə, səhvin üstündən xətt çəkdirir, acıqlanırdı: “Bax, burada səhv etmisən!” O vaxt ona acığımız tutardı, bu gün fikirləşəndə ona minnətdaram. Belə bir xüsusiyyətim vardı, hansı müəllim mənə acıqlanırdı, ona çətin sual verirdim. Səlahəddin Xəlilovla qonşu idik. Anası məktəb direktoru idi, atası da ədəbiyyat müəllimi. O vaxt müəllimlərin biliklərinin təkmilləşdirmək üçün jurnallar, məktəb proqramından yüksək məqalələr olardı. Səlahəddin o jurnalı mənə verirdi, oxuyub müəllimlərimə ordan sual verirdim. Məsələn, şəkərin tərkibi. Şəkərin tərkibini yazanda lövhənin yarısı dolurdu. Uzun bir formula idi. Kimya müəllimindən soruşurdum ki, müəllim, bu çayla içdiyimiz şəkərin kimyəvi formulu necədi? O da dərslikdə yoxuydu. Müəllim aciz qalırdı. Deyirdim, müəllim, icazə verin, mən yazım.
Müsahibəyə başlayanda Qurban müəllim ciddi görkəmdə olsa da, danışdıqca üzü gülür, cizgiləri mülayimləşir, uşaqlaşırdı.
-Deyirsiniz, dəcəl olmusunuz. Yəqin tez-tez döyülərsiniz.
-İdmanla məşğul olurdum, yaxşı basketbol, futbol oynayırdım. Beşdə-altıda oxuyardım, boksa yazıldım. Bir neçə ay keçmişdi, məşqə təzə uşaq gəldi. Məşqçim dedi ki, sən bir az bu uşaqla məşğul ol. Gördüm uşaq naşıdı, mənə də ləzzət edir, üzü açıq idi, sağdan-soldan üzünə döşədim. Məşqçimiz də kənardan məni güdürmüş. Çağırdı məni yanına, dedi, indi gəl mənimlə bokslaşaq. 1-2 dənə yaxşı ilişdirdi. Gördüm, yox, əl çəkmir, döyür məni. Qaçdım, əlcəyi çıxarıb əlimə butulka aldım, getdim müəllimin üstünə. O da məni qovdu ki, bir daha gəlmə (gülür). Onda müəllim tərəfindən belə döyülmüşəm. Bir dəfə də məktəbin direktoru – Midhət müəllim vurub. Yeddinci, ya səkkizinci sinifdə oxuyardım. Sinif yoldaşımla birgə balaca kərtənkələ tutduq. Kibrit qutusuna qoyub gətirdim məktəbə. Qızlara göstərdikcə qorxub qaçırdılar. Müəllim sinfə girəndə təntidim, kibrit qutusunu lövhənin kənarına qoydum. Firuzə müəllimə təzə dərsi danışırdı, lövhənin qarşısında keçəndə gözü kibrit qutusuna satardı, götürdü əlinə. Əlində oynada-oynada danışmağa davam etdi. Həmin an sinifdə olmayan bir sakitlik oldu. Hamının fikri kibrit qutusundadı. Müəllimə də ləzzət edir ki, uşaqlar belə sakit durub. Deyir, baxın, maraqlı dərs olanda necə diqqətlə qulaq asırsınız?! Birdən necə oldusa, müəllim qutunun ağzına açdı, kərtənkələ içindən hoppanıb çıxdı. Müəllim başladı qışqırmağa, az qaldı yıxıla, tez tutduq onu. Hay-haray düşdü. Kimsə qutunu götürüb pəncərədən yerə atdı, məktəb direktoru gəldi, oğlanları düzdü lövhənin qarşısına. Soruşdu, Qurban, kərtənkələni sinfə kim gətirib? Dedim, bilmirəm. Söz ağzımdan yenicə çıxmışdı ki, əlindəki bir topa açarla boynumdan vurdu. Gözüm qaraldı, dedim, mən gətirmişdim, Midhət müəllim, məktəbin zoologiya muzeyinə verəcəkdim.
Əlini əlinə vurub gülür, gülürük.
-Məni qovdu sinifdən, tapşırdı ki, valideynlərim gəlməmiş sinfə buraxılmayım. Evdən çıxıb gəlirəm məktəbə, tənəffüsdə sinif yoldaşlarımla oynayıram, zəng çalınanda dərsə buraxmırlar, məktəbin həyətində gözləyirəm. Axırda anama dedim, məni dərsə buraxmırlar, gəl, gedək. Atam məktəbə gəlməzdi, ancaq anam gələrdi. Gəldi, danışdı müəllimlərlə, bağışladılar. Bax, o döyülməyim hələ də yadımdadı.
-Parta yoldaşınızı xatırlayırsınız?
-Həəə, Ruqiyyə. İndi də məktəbdə müəllimdi. Bir gülməli hadisəni yadıma saldınız. 8 martda həmişə müəllimlərə hədiyyə aparardıq. Ailədə, maşallah, 5 bacı, 2 qardaşıq. Hamımız da məktəbə gedirik. 7 uşaq, hər biri də 3-4 qadın müəlliminə hədiyyə aparmalıdır. Həmin gün 3 qadın müəlliminin dərsi vardı. Mənə də anam 2 hədiyyə vermişdi, üçünə gücümüz çatmadı. Əlqərəz, birinci müəllim sinfə girdi, apardım hədiyyəsini verdim, ikinci müəllim gəldi, apardım hədiyyəsini verdim. İkinci müəllim hədiyyələrini aparmadı, Ruqiyyəyə tapşırdı ki, hədiyyələri torbaya yığıb saxlasın, evə gedəndə götürəcək. Ruqiyyəgillə qonşu idi, deyəsən. Üçüncü müəllim gəldi, hamı aparıb hədiyyəsini verdi, mən qaldım. Müəllim soruşdu dərsi kim danışar? Uşaqlar əllərini qaldırdı, dedi, Qurban danışsın. Elə “Qurban danışsın” deyəndə əlimi atdım Ruqiyyənin yanındakı torbadan bir hədiyyə götürüb aparıb qoydum müəllimin stoluna.
Otağı qəhqəhə səsi bürüyür.
Məktəb illərində eşq-məhəbbət sualını zarafatyana cavablayır: “Qızların hamısına deyirdim, “sevirəm səni”, hamı da məni sevirdi”.
-Sevimli müəlliminiz kim olub?
-Firuzə müəllim.
-Kərtənkələ ilə qorxutduğunuz?
-Bəli, bəli. Alicənab, çox gözəl müəllim idi. Ədəbiyyatdan mənə daim “4” yazırdı. Poeziyaya, şeirə marağım çox idi. O vaxt oxuduqlarım hələ də yadımdadır. Ədəbiyyatdan sərbəst mövzu verirdilər. Məsələn, “Çiçəklənən Azərbaycan”, “İnsan necə xoşbəxt ola bilər?” və s. Firuzə müəllim söz verirdi ki, kim bu sərbəst mövzulardan birini işləsə, ona qiyməti 1 bal artıq yazacağam. Görürdüm mənə elə hey “4” yazır, başlayırdım sərbəst mövzular yazmağa. Axırda mənə “5” yazmağa başladı. Tarix, riyaziyyat, fizika müəllimlərim məni görəndə "Deyəsən, yazıçı olacaqsan, nə gözəl fantaziyan var?!” – deyirdilər. Sən demə, Firuzə müəllimə mənim yazdıqlarımı müəllimlər otağında oxuyurmuş.
Adətən müsahiblərim dərsdən hind kinolarına baxmaq üçün qaçdıqlarını deyir. Qurban müəllim də dərsdən çox qaçıb, amma…
-Məktəbimizin gözəl idman meydançası vardı - yamyaşıl, məktəblərarası futbol, basketbol yarışları orada keçirilərdi. O yarışları izləmək üçün dərsdən qaçardıq. Amma səbəbsiz dərsdən qaçmazdıq.
Son zəng
-Pul topladıq, sinif yoldaşımızın evində qeyd etdik. Gecə saat 3-ə kimi çalıb-oynadıq.
Müsahibəni son zənglə bitirməyi düşünürdüm ki, Qurban müəllim məktəb illərindən daha bir maraqlı xatirəsini danışdı. Yazmasam olmaz.
-Məktəbdən bizi tütün yığmağı aparmışdılar. Tütün sahəsini siniflər üzrə bölmüşdülər, hər sinfə ayrı-ayrı ərazi vermişdilər. Bizi sahəyə maşınla aparıb gətirirdilər. Xüsusi iynələr vardı. Tütün yarpaqlarını iynəyə keçirib sapa düzürdük. Axırda hər sinfin yığdığı tütünü tərəziyə qoyurdular. “Zavuç”umuz tütünləri tərəziyə qoydu, mən də yanında durmuşdum. Tütün yarpaqları yerə sallanırdı, ayağımı qoydum yarpağın üstünə. “Zavuç” dartır, görür gəlmir, dartır, görür gəlmir. Axırda baxdı ki, mən ayağımla saxlamışam, mənə bir dənə yaxşı sillə vurdu (gülür). Mən də iynələri çıxardıb cumdum müəllimin üstünə. Müəllim başladı qaçmağa. Tütündən yığdığımız pulla getdik restorana - gürcü xəngəli yedik.