Tariximiz: neçə dövlət qurduq?
26 dekabr 2012 16:50 (UTC +04:00)

Tariximiz: neçə dövlət qurduq?

Bu gün Azərbaycan xalqının öz tarixinə, öz tarixi kökünə həmişə dərin marağı olub. Müstəqillik əldə etdikdən sonra  tariximizin yenidən nəzərdən keçirilməsi və bu sahədə mövcud olan nöqsanların, ideoloji ştampların  aradan qaldırılması təbiidir, vacibdir. Bu mənada istər ölkə daxilində, istərsə də xaricdə çap olunan elmi məqalələr və kitablar böyük maraq doğurur.

 

Belə mənbələrdən biri 2010-cu ildə Türkiyənin Kütahya şəhərində çap olunmuş, Mustafa İngəncin “Tariximiz: neçə dövlət qurduq?” kitabıdır. İyirmi iki bölmədən ibarət 500 səhifəlik bu kitab üzərində müəllif 20 ildən çox işləyib.

 

Kitabda Mustafa İngənc türklərin bir etnos kimi yaranıb təşəkkül tapması, xalq və millət kimi formalaşması, yayılması, ən qədim dövrlərdən başlayaraq orta əsrlərdə və sonralar qurduğu dövlətlər, habelə Osmanlı İmperatorluğunun yaranması və süqutu, Türkiyə Cümhuriyyətinin yaranması, bu gün dünyada mövcud olan müstəqil türk dövlətlərinin tarixi, mədəni və iqtisadi həyatı haqqında tarixi sənədlərə söykənən bir araşdırma-monoqrafiya ortaya qoyub. Kitabda bizim üçün ən maraqlı məsələlərdən biri Azərbaycan-Türk dövlətlərinin qədim dövrlərdə və orta əsrlərdə Qaraqoyunluların, Ağqoyunluların, Atabəylərin, Eldənizlərin və Səfəvi Azərbaycan dövlətinin yaranma tarixinin araşdırılmasıdır. Müəllif Azərbaycan ərazilərində yaranan türk dövlətlərini və burda formalaşan Azərbaycan türk etnosunu Anadolunun digər bölgələrində yaranan türk etnosu ilə əlaqəli şəkildə tədqiq edir.

 

Mustafa İngənc Səfəvi dövləti, bu dövlətin meydana gəlməsinin konkret tarixi şəraiti, 15 yaşında dövlət qurub ona rəhbərlik edən Şah İsmayılı, onun  sərkərdəlik məharətini göstərir, qısa zaman kəsiyində böyük bir imperiya qurduğunu yazır. Osmanlı İmperatorluğunun gənc şaha və onun qələbələrinə qısqanclıqla yanaşdığını, bütün bunların isə son nəticədə Anadoludan türk toplumlarının azalmasına və yerinin başqa etnoslarla əvəz olunmasına səbəb olduğunu qeyd edir. M.İngənc bu dövləti quranların əsl-nəcabətinin Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini quran türkmənlər, Anadoludan İran ərazisinə köç edən türklər olduğunu yazır. Sah İsmayılı həm sərkərdə, həm dövlət xadimi ,həm də şair və elm adamı kimi xarakterizə edir, Azərbaycan dilinin dövlət dili statusunda işlədilməsini  xüsusi qeyd edərək yazır: ”Səfəvi dövlətinin rəsmi dili türkcə idi. Səfəvi dövlətində elm adamlarına önəm verilirdi. Riyaziyyat, fəlsəfə, astronomiya elmləri inkişaf etdirilirdi. Səfəvilər zamanında məscidlər tikilir, yollar, körpülər salınır, türbələr inşa edilirdi”.

 

Müəllif Osmanlı və Səfəvi türk dövlətləri arasındakı çəkişmələrdə müəyyən xarici təsirlərin və bəzən şəxsi ədavət hisslərinin də rolunun olduğunu istisna etmir. Məlumdur ki, Şah İsmayıl Sultan Bayəzidin oğlu, sonralar sultanlıq taxtında əyləşən Səlimə deyil, o biri qardaşı Əhmədə  isti münasibət bəsləyirdi.  Sultanlıq taxtını Səlim ələ keçirəndən sonra iki dövlət arasında münasibət daha da kəskinləşdi. Müəllif yazır: “1512-ci ildə Yavuz Sultan Səlimin taxta keçməsi ilə Osmanlı dövlətinin də xarici siyasətində yeni hədəf Şah İsmayıl olmuşdur. Yavuz Sultan Səlim Anadoluda Səfəvi tərəfdarları olan 40.000 insanı həbs etdirib bir qismini öldürtdürdü, bir qismini isə sürgünə göndərdi”.

 

Müəllif qeyd edir ki,  professor Faruk Sümərə görə, Şərqi Anadoluda Səfəvi idarəsi davam etsəydi, bu bölgədə türkcədən başqa heç bir dildə danışılmayacaqdı.

 

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Səfəvi hökmdarı Şah İsmayıl Xətai haqqında yazısı dərc olunmuşdu. Mustafa İngəncin kitabında əks olunan fikirlərin akademik R.Mehdiyevin yazdıqları ilə səsləşməsi də bizim üçün əlamətdar haldır.

 

Kitabda Azərbaycanda mövcud olan xanlıqların yaranması və süqutu, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və süqutu, SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən Azərbaycan Respublikası və onun əldə etdiyi uğurlar haqqında geniş informasiya öz əksini tapıb.

 

Gülhüseyn Kazımlı  

fəlsəfə doktoru

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar