Elnarə Abdullayeva: “Gərək gündə 4-5 uşaq döyəm” - MÜSAHİBƏ
13 dekabr 2012 10:30 (UTC +04:00)

Elnarə Abdullayeva: “Gərək gündə 4-5 uşaq döyəm” - MÜSAHİBƏ

Xanəndə Elnarə Abdullayevanın Lent.az-a müsahibəsi

- Elnarə xanım yaradıcılığınızda nə kimi yeniliklər var, hazırda toylar da yoxdur...

- Toyların mənim yaradıcılığıma heç maneçiliyi yoxdur. Yaradıcılığımda yeniliklərim boldur. Bir müddət öncə ifa etdiyim “A bül-bül” adlı mahnım çox sevildi. Hara gedirəmsə, məndən bu mahnını istəyirlər. Daha sonra çox qədimi “Sozaloğlu” adlı bir aşıq mahnısı ifa etdim. İlk olaraq bu mahnıya müraciət edəndə çoxu dedi ki, bu mahnı sevilməyəcək, yəni necə deyərlər, tutmayacaq. Lakin daha sonra bu fikri söyləyənlər özləri yanıldıqlarını dedilər. Çünki mən bu mahnını yeni üslubda ifa etdim və hər kəsin ürəyinə yatdı. Deyərdim ki, mahnıya yeni nəfəs gətirdim. İndi isə bu mahnıya klip çəkdirməyi düşünürəm. Daha sonra çoxdan ifa etdiyim “Heydər baba” adlı mahnımı yeni üslubda aranjeman etdirdim. Bir neçə mahnım isə aranjemandadır.


- Bu aralar çox tənqid olunursunuz. Sizin tənqid olunmanıza səbəb nədir, ifanızda nəyi qəbul edə bilmirlər?

- Məni tənqid edənlər özləri də bilmədən məni böyük bir zirvəyə qaldırıblar. Onlar deyirlər ki, mən muğam oxumuram. Ağu deyirəm, dərvişsayağı oxuyuram. Mənim üçün bu cür tənqidlərdən yaxşı heç nə ola bilməz. Əvvəl narahat olurdum ki, niyə belə deyirlər? Amma sonra bunların sözlərinə önəm vermədim. Çünki mənə dəyərli sənətkarlar və xalq qiymət verib. Mənim ifa tərzimi xalq qəbul edir. Müəyyən adamlar var ki, özlərini sənətkar adlandırmaq istəyirlər, qəbul etmək istəmirlər. Həm də məni tənqid edənlərin özləri gülməli oxuyan müğənnilər kateqoriyasına daxildirlər.

- Bu tənqidləri sizin özünüzə deyənlər olur?

- Mənim üzümə o sözü cəsarət edib deyə bilməzlər. Ancaq mənə gəlib onların sözləri çatır. Necə ifaçı olmağımı bilmək istəsəniz, sənətkarlarımızdan mənim ifam barəsində münasibət öyrənə bilərsiniz. Ancaq sənətkar olmayanlara mikrofon uzatsanız, onlara mənim barəmdə 1-2 sual versəniz, ürəkləri açılacaq, başlayacaqlar tənqid etməyə. Onların tənqidi isə məni heç maraqlandırmır. Çünki mənim sənətimə qiymət verənlər çoxdan verib.

- Ümumi götürsək, sizi də şou-biznesə aid etmək olar. Çünki sizin də yalnız gəliriniz toydandır. Hazırda Azərbaycanda yaxşı ifaçılar varmı?

- Düzdür. Mən toya gedirəm. Ancaq mən toyu düşünüb, bu sənətə gəlməmişəm. Mənim sənətim olmasaydı, bu sənətə gəlməzdim. Əksəriyyətinin səsi yoxdur, ancaq özlərini biabır edirlər. Səsin yoxdursa, nə məcburdur, müğənni olasan? İndi gülməli oxuyanlar ağlamalı oxuyanların qarşısına keçib. Amma xalq bilir, kimə və nəyə qulaq asır. Əsil sənət daim var, olub, olacaq.

- Bildiyimizə görə, sizi tənqid edənlərin önündə qalmaqallı açıqlamaları ilə gündəmə gələn Əli Mirəliyev gəlir...

- Ümumiyyətlə, mənim ailədə aldığım tərbiyə, mədəniyyət yol verməz ki, kiminləsə qalmaqal yaradım. Haqqımda hər hansı bir müğənninin dediyi neqativ fikrə cavab vermirəm. Əli müəllimdir də, deyib, desin... O, heç özü də bilmədən, məni yüksək səviyyələrə qaldırıb. Ağu üslubunda muğam oxuyuram. Mənim üçün çox xoşdur, bu cür tənqid. Məni istəyənlər də sağ olsun, istəməyənlər də... Yəni onların səviyyəsinə enən deyiləm.


- Siz xalq artisti Ağaxan Abdullayevin tələbəsi olmuşsunuz. Bəs sizin özünüzün tələbəniz varmı?

- Mənim tələbələrim yoxdur. Çünki bəzən Universitetdə diqqət edirəm, indiki tələbələrin müəllimə qarşı münasibətini, hərəkətini görürəm. Mən şəxsən müəllim işləsəm, gərək gündə 4-5 uşaq döyəm. Çünki indiki tələbələrin əksəriyyəti bizim qədər sənətkara hörmət etmir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4971
avatar

Yalçın UĞUR

Oxşar yazılar