Azərbaycanlı jurnalist Mehriban Bəylərqızı Türkiyədə keçirilmiş prezident seçkiləri zamanı Azərbaycan bayrağı qaldıraraq xalqımızın Ərdoğana dəstəyini ifadə edib.
Mehriban Bəylərqızının Azərbaycan bayrağı ilə ifadə etdiyi dəstək Türkiyə və dünya mətbuatında işıqlandırılıb.
“Azərbaycanlı jurnalist Mehriban Bəylərqızı seçkilərdən sonra Ankaradakı Prezident sarayının eyvanından cənab Ərdoğanın çıxışı zamanı Azərbaycan bayrağını qürurla yüksəltdi və dünya mətbuatının diqqətini çəkdi. Bu Azərbaycanla Türkiyə arasındakı qardaşlığın hər zaman güclü olacağının növbəti dəfə nümayişi idi. Bu Azərbaycanla Türkiyə arasındakı güclü dostluq əlaqələrinin yalnız siyasi və iqtisadi sahədə deyil, eyni zamanda mədəni-humanitar səviyyədə də çox yüksək olduğunu dünyaya göstərmək, birlik və bərabərlik mesajı idi”,- deyə Anadolu agentliyi yazıb.
Mehriban Bəylərqızı Lent.az-a verdiyi açıqlamada bildirib ki, o hazırda Türkiyədə fəaliyyət göstərən “3 nöqtə” telekanalının Azərbaycan təmsilçisidir.
“Məni orda Azərbaycan təmsilçiliyinin rəhbəri olan Sahil İmanovun təklifi ilə seçkilərdə akkreditasiyadan keçdim. Dalğalanan minlərlə Türkiyə bayrağı arasında mən də öz bayrağımızı qaldırdım. Seçki ilə bağlı küçələrə çıxmış minlərlə insanın bayrağımıza olan sevgisini gördüm. Hər kəs yaxınlaşır, Azərbaycan bayrağı ilə şəkil çəkdirirdi. Bu mənə çox böyük fərəh hissi verirdi. İndi bu duyğunu ifadə etmək çətindir. Möhtəşəm sevgi, möhtəşəm fəxr və birliyimizin bəxş etdiyi sevinc duyğusu var idi. Orda İspaniya telekanalları məndən müsahibə götürdülər. Mən belə qarşılanacağımı düşünmürdüm. Cənab Ərdoğanın eyvan nitqi zamanı ordaydım. Canlı yayımlar edirdim. O ərəfədə müxtəlif ölkələrin reportyorları yanaşıb soruşur, hansı ölkədən gəldiyimiz, niyə Azərbaycan bayrağı qaldırdığımı soruşurdular. Mən də cavab verirdim. Lakin Azərbaycan-Türkiyə dostluğunun təmsilçisi kimi təqdim olunacağım ağlıma gəlməzdi. Bundan da qürur duydum. Mən şəhid bacısıyam. Qarabağ uğrunda verilmiş müqəddəs müharibədə mənim ailəm də bir can qurban verib. Bu gün Türkiyənin dəstəyi ilə, işğal altındakı torpaqlarımızı azad görmək, o yerlərə gedib proqramlar çəkmək inanılmaz bir sevinc verir”, - deyə jurnalist bildirib.
O həmçinin qeyd edib ki, tezliklə TRT Türk telekanalında yayımlanacaq “Rəngli dəqiqələr” verilişinin aparıcısı olacaq. Bu verilişdə Azərbaycanın mərkəzində, eləcə də ucqar kənd və rayonlarında çəkilmiş süjetlər təqdim olunacaq.
“Tezliklə Türkiyənin ən nüfuzlu və qocaman kanallarından olan TRT-də Azərbaycanın kənd və rayonlarının gəzməli, görməli yerləri, maraqlı ənənələri barədə proqramlar yayımlayacağam. Ümumilikdə bütöv Azərbaycanla bağlı məlumatlar veriləcək. Bir şəhid bacısı olaraq ölkəmi sevdirmək, tanıtmaq üçün dünyanın ən ucqar nöqtəsinə belə getməyə hazıram”, deyə Mehriban Bəylərqızı bildirib.