Qanlı-qadalı günlərimizi anbaan lentə alan jurnalist ELƏ ŞEYLƏR DANIŞDI Kİ...
22 avqust 2024 13:46 (UTC +04:00)

Qanlı-qadalı günlərimizi anbaan lentə alan jurnalist ELƏ ŞEYLƏR DANIŞDI Kİ...

Bəlkə də, adı sizə tanış deyil. Bəlkə də, şəklini görsəniz, şəkildəki adam sizə nəyisə xatırlatmayacaq. Amma 1990-cı illər. Həmin o qanlı-qadalı günlər. Və həmin o qanlı-qadalı günlərin, az qala, anbaan görüntülərini lentə alan, dövlət televiziyasında bir çox çətinliklərə baxmayaraq yayımına nail olan adamdır o.

Hər halda, 44 günlük Vətən müharibəsindən, böyük Zəfərdən sonra bir zamanlar qan çanağına dönmüş Qarabağda yeni nəfəsin bərpa olduğu dönəmdə onun da deyəcək çox sözü var.

Xatirələrdən tutmuş, peşmanlıqlara qədər...

Lent.az Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Dövlət Televiziyasının Qarabağ üzrə bölgə müxbiri olmuş müharibə jurnalisti Allahverdi Əsədovun APA-ya müsahibəsini təqdim edir:

– Allahverdi müəllim, nədir müharibə jurnalistikası?

– Bilirsən, mən jurnalistikanı seçəndə, bu yola çıxanda onu müharibə jurnalistikası olaraq seçməmişəm. Bu, taleyin təsadüfü idi, ya hökmü, bilmirəm, amma elə alındı ki, müharibə jurnalisti olaraq tanındım. Efirlərdə, camaat arasında, hər yerdə adım cəbhə müxbiri olaraq hallandı. Yəni mən, bir növ, bu axına düşmüşəm və o axının içərisində sona qədər getmişəm. Yəni xalq mənə müharibə jurnalisti, cəbhə jurnalisti deyirsə, demək, belədir.

– Birinci Qarabağ müharibəsinə aparan yol, hadisələrin getdikcə alovlanması, müharibənin başlaması və gedişatı. Bütün bu sadaladıqlarım sizin gözünüzün qarşısında olub və prosesləri lentə almısınız. Münaqişənin inkişaf prosesindən başlayaq.

– Proses artıq Sovet hökuməti mövcud olduğu dövrdən başlamışdı. Mən sizə bir şeyi deyim ki, Qarabağda ermənilər yaşayışlarından məmnun idilər. Sadəcə, burada tətikləyici kənar qüvvələr var idi və onlar zamanla qıcıqlandırma prosesini həyata keçirirdilər. 1980-ci illərin əvvəllərindən təxribat işləri daha da geniş vüsət aldı. Nəticə etibarilə, bir müddət sona proses qarşısıalınmaz həddə çatdı və hərəkat başladı. Bir şeyi xüsusilə qeyd edim ki, Azərbaycanın o vaxtkı hakim dairələri bu hadisələrə göz yumurdu. Doğrudur, Azərbaycan o zaman böyük bir imperiyanın tərkib hissəsi idi, amma, istənilən halda, ağıllı rəhbərlik olsaydı, bu cür hərəkatın qarşısının alınması üçün nələrsə edilə bilərdi. Sərhədlər açıldı, onlara nəzarət edilmədi, erməni nümayəndələrin Qarabağa davamlı səfərləri başladı. Zori Balayan olsun, başqa şəxslər olsun, onların qrupları olsun və başqaları. Bu səfərlərin yekunu kimi Vilayət Partiya Komitəsinin qarşısındakı meydanda toplantı keçirildi. Əvvəl 100 nəfər, sonra 200, sonra 1000 və nəticədə, bu toplantı böyük bir axına çevrildi.

– Əslində, “Krunk” təşkilatının rolu da bu dövrdə genişləndi.

– Bəli, “Krunk” bir təşkilat kimi, qruplaşma kimi artıq fəallaşmağa başladı. Elə bir şərait yarandı ki, təşkilat artıq açıq fəaliyyətə keçdi. Yavaş-yavaş aşkar təzyiqlərlə azərbaycanlıların Qarabağdan çıxarılması prosesi başladı və onlar tələb edirdilər ki, istək və tələbləri Azərbaycan Televiziyasında efirə verilsin. Tələb də nə idi: torpaq, ərazi iddiası, ayrılmaq və Ermənistana birləşmək. Şübhəsiz, bunların hamısı AzTV-də yayımlanmırdı. O vaxt mənimlə işləyən operator Tahir Qarayev idi. Bu prosesi məhz onunla çəkirdik.

Bayaq da dediyim kimi, dövrün rəhbərliyi münaqişələr qığılcım formasında olanda qarşısını almaq üçün addım atmadı. Hətta mənim göndərdiyim materiallara reaksiyalar belə olurdu ki, guya provokasiya ilə məşğulam. O zaman mən təkcə televiziya üçün yox, Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi, Prokurorluq və digər qurumlar üçün işləyirdim. Ərazidə onlar üçün yeganə adam mən idim. Çatdırmaq çox çətin, hətta mümkünsüz idi.

Hətta sizə deyim, Dağlıq Qarabağın 60 illiyinin təntənəli qeyd olunması zamanı planda var idi ki, Azərbaycanın bayrağı yerə atılsın, tapdalansın. Və bütün bunların hamısı lent yazısına alınacaqdı.

– Oldu?

– Olmadı, xoşbəxtlikdən olmadı.

– Qarşısı alındı, ya necə?

– Yox, heç bir qarşısı alınma olmadı. Sadəcə, nə fikirləşdilərsə, bu təxribatı etmədilər.

– Ümumilikdə cəbhə müxbiri kimi fəaliyyətiniz neçənci ildən başlayıb?

– 1985-ci ilin əvvəllərində məni Bakıdan Xankəndiyə göndərdilər. O vaxt Azərbaycanın həmin ərazidə müxbir postunun olmaması bir az narazılıq yaradırdı. Nəticədə, mən göndərildim və ondan sonra baş verən bütün proses mənim gözümün qabağında olub. Çox ağır dövr idi, texniki baxımdan, indiki şəraitlə müqayisə oluna bilməz. Müxtəlif çətinliklər var idi. Sonra videoçəkiliş imkanları ortaya çıxdı və AzTV-yə bir ədəd kamera verildi. Onu da ki, bizə göndərməli idilər, amma belə olan təqdirdə Bakıda iş getməyəcəkdi.

– Göndərmədilər?

– Yox, çünki mümkün deyildi. Elə həmin köhnə vasitələrlə qaldıq orada, zaman-zaman hadisələr qızışdıqdan sonra isə mənimlə işləyən operatorların əksəriyyəti qayıtdı Bakıya.

– Niyə?

Allahverdi müəllim bu sualın cavabı kimi bir müddət gözlərimə baxıb gülümsədi.

– Bəs onlara bölgədən çıxdıqları üçün burada irad tutulmadı?

– O vaxt hər şey laxlamışdı, Nihat bəy, nəzarət o deyildi, dərəbəylik hökm sürürdü. Mən çox nadir hallarda Bakıya gəlirdim, o da ki, cəmi bir günlük. Gəlirdim, işlərimi tez-bazar qaydasına qoyub dərhal əraziyə qayıdırdım.

Mən sizə tam əminliklə deyirəm ki, Azərbaycanda ilk dəfə müharibə kadrını mən çəkmişəm, yəni mən və mənim operatorum. Onda Bakıda idim, xəbər gəldi ki, ermənilər Qazaxın Əskipara kəndi istiqamətində hücuma keçiblər. Vertolyot göndərildi, getdim Qazaxa. Qazax, əslində, mənim bölgəm deyildi, amma getdim. Mərkəzi Komitədən gəlmişdi əmr, yəni getməmək kimi hüququm yox idi. Getdim. Bax orada biz ilk müharibə çəkilişlərimizi etdik. Elə oradaca görüntülərin efir icazəsini aldım, həmin kadrlar efirdə yayımlandı. Bu Azərbaycan Televiziyasında ilk cəbhə, müharibə kadrları idi.

– Ümumiyyətlə, Birinci Qarabağ müharibəsi genişləndikcə sizin iş prinsipiniz necə idi? Haralara gedirdiniz? Necə gedirdiniz?

– Mən müharibənin gedişində oradakı bütün rayonlarımızda olmuşam, çəkilişlər etmişəm. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xankəndi və üstəgəl, Qarabağda ermənilərin kompakt yaşadığı Azərbaycan rayonları – Xocavənd, Hadrut, Ağdərə və digərləri. Gedirdik, çəkilişimizi edirdik. Əlbəttə, müəyyən çətinliklər, maneələr olurdu, amma bacardıqca öhdəsindən gəlirdik.

– Qarabağ müharibəsi ilə bağlı hansı gizlin faktlar var ki, indiyə qədər danışılmayıb və sizi narahat edir.

– Bilirsən, artıq hadisələrin üzərindən 30 ildən çox vaxt keçib. Bilmirəm, bunları indi danışmaq nəyi dəyişəcək? Şübhəsiz, dediyiniz kimi, belə məqamlar çox olub. Amma üzərindən bu qədər zaman keçib deyə, biz bu kimi faktlara o qədər də gizli don geyindirə bilmərik. Əsasən, o vaxtkı hakimiyyət münasibətlərində xeyli boşluq var idi, qarmaqarışıqlıq yaranmışdı. Biri gedirdi, biri gəlirdi, konkret dərəbəylik idi. Qarabağda torpaq əldən gedir, burada –-Bakıda hakimiyyət üstündə davadır. Birinci Qarabağ müharibəsində göstərilən şücaət çox böyük olsa da komandanlıq ağılsız idi. Düz üç dəfə Daşaltı əməliyyatı ləğv olunmuşdu. Elan olunmuşdu ki, filan vaxtı Daşaltıya giriləcək, amma hamısında ləğv olunmuşdu. Artıq hər şey erməniyə, bir növ, məlum idi. Qışın soyuğu, Şuşa, Daşaltı, bilirsən, bu nədir? Bu, ölüm deməkdir. Məndə kadrlar var, günahsız insanların hamısını basdılar ora, onların yarıdan çoxu Daşaltıdan sağ çıxmadı. Bir tərəfdən isə, media sisteminin düzgün işləməməsi məsələsi də var idi. Media gəlirdi, çəkirdi, o vaxt da Sovet hökumətinin dağılması gündəm idi, onunla bağlı materiallar tez yayılırdı. Media bunu çəkir, bütün dünya verir, sonra gəlib çıxırdı buralara. Nəticədə, ermənilər o materiallardan yararlanıb lazımi nöqtələri vururdu, məhv edirdi.

- Bəs Xocalı faciəsinə gedən yol? Ermənilər Xocalı sakinlərinə ərazidən çıxmaq üçün mütəmadi xəbərdarlıq edirdi, niyə bunun qarşısının alınması üçün heç bir tədbir görülmürdü?

– Bayaq da dediyim kimi, o vaxtkı hakimiyyətin boşluğu, dərəbəylik. Bəli, doğru deyirsən, ermənilər Xocalı sakinlərinə xəbərdarlıq edirdi, Xocalı əməliyyatının olacağı məlum idi. Amma mülki əhalinin çıxarılması prosesi icra olunmurdu, müdafiə təçkil edilmirdi. Rəhbərliyin artıq Xankəndidən əli üzülmüşdü. Gündə biri gedir, biri gəlir, məşvərət məşvərəti, müzakirə müzakirəni əvəz edirdi.

Şəhəri müdafiə üçün əhali içərisindən könüllülər silah istəyirdilər, vuruşmaq, şəhəri müdafiə etmək üçün səy göstərirdilər, amma cavab nə olurdu? Deyirdilər, yoxdur. Halbuki var idi.

Bilirsən, bəzən tarixdən heç bir anlayışı olmayan adamlar oturub tarixdən danışır, o cür çıxışlara baxanda, sadəcə, ikrah hissi bürüyür adamı. Mən sizə deyim, Qarabağın müharibə tarixi yazılmayıb. Bu yazılmalıdır, mütləq yazılmalıdır. Heç əldə arxiv də yoxdur. Bütün bunlar gələcək nəsillərə hava-su kimi lazımdır. Unutqanlığı tarix bağışlamır. Məndə olan arxiv kasetlərinin çoxu məhv olmaq üzrədir. Kimdir ona yiyə duran? Heç kim. Hələ o vaxt Xocalıdan, cəbhədən görüntüləri çəkib göndərirdik. Bilirsən, sonra nə olurdu? Filan teatrda görüş var, aparıb həmin kasetin üstünə yazırdılar. Bu boyda laqeyd münasibət olar? Adam öz tarixinə belə divan tutar?

Və ən əsası, Xocalı faciəsi ilə bağlı ilk görüntüləri çəkən mənim operatorum olub. Gecə. Təsəvvür elə, Ağdam məscidi meyitlə doludur. Belə şeyləri sözlə ifadə eləmək olmur. Başı bədənindən ayrılmış yaşlı adamlar, körpələr, bətnində uşağı ilə bərabər amansızcasına qətlə yetirilmiş qadınlar. Sadəcə, dəhşət. Sonra ermənilər koridor açdılar ki, meyitləri gedib götürək. Bax onda biz də girdik, bir-bir hər şeyi lentə aldıq, hamısını çəkdik. O dəhşətli görüntüləri sözlə ifadə eləmək olmur. Gətirdim həmin kaseti televiziyaya. Onda televiziyada tez-tez rəhbərlik dəyişirdi, bəzən anlayışı olmayan adamlar redaktor, baş redaktor, direktor vəzifələrinə gətirilirdi. Kaseti verdim, dedim, təcili efirə getməlidir. Qeysər Xəlilov məni çağırdı otağına. Dedi, bu nədir, çəkmisən sən? Evdəkilər baxıb haldan-hala düşdülər, ürəkləri getdi. Bu nədir? Bu nə kadrlardır? Qaldım belə, nə deyəsən? Kaseti götürüb qayıtdım təzədən cəbhəyə. Üstündən bir az keçdi, artıq bütün dünya Xocalı faciəsindən danışmağa başlayanda bunların yadına düşdü ki, məndə bu faciənin görüntüsü var. Arxamca maşın göndərdilər ki, tez kaseti də götür gəl. Mən imtina elədim. Ənvər Qafarlı məndən xahiş etdi, dedi ki, eybi yoxdur, gətir. Dedi, bu materiallar Moskvaya göndərilir. Ora gedəcək heyətin içində mən də var idim. Amma elə oldu ki, sonradan adım çıxarıldı, əvəzində Çingiz Mustafayevin gedəcəyini bildirdilər. Mən də öz kasetimi başqaları ilə göndərmək istəmədim. Yenə narazılığımı bildirdim, amma yekunda birtəhər məni yola gətirdilər, söz verdilər ki, qayıdan kimi kaseti mənə təhvil verəcəklər. Amma, təəssüf ki, belə olmadı. Kaset getdi və bir daha qayıtmadı.

– Allahverdi müəllim, bir az da Qarakənd faciəsindən, sizin hadisədən dərhal sonra əraziyə getməyinizdən, hadisənin müəyyən detallarının ört-basdır edilməsindən danışaq.

– Əslində, həmin vertolyotda mən də olmalı idim. Amma sonradan plan dəyişdi, mənim yerimə başqası getdi. Bu, tam təsadüf oldu. Nəticə də məlum. Səhər üzü 5-6 radələrində məlumat gəldi ki, vertolyot vurulub. Ay dağ belə gəldi, qaya belə getdi, xeyr, adi bir təpəcik idi. Təsəvvür elə, hadisədən sonra Ağdam Polis Şöbəsində siyahı tutublar ki, vertolyotda kimlər olub? Təsəvvür edirsən? Bu boyda heyətin kimliyi barədə orada xəbəri olan yoxdur.

Xülasə, getdik, hər tərəf sovet qoşunu tərəfindən mühasirəyə alınmışdı. Dedilər, olmaz, buraxmadılar. Üstündən bir az keçdi, haradasa 9-10 radələrində artıq yol açıldı, keçə bildik. Birinci biz girdik əraziyə, sonra Çingiz Mustafayev, sonra başqaları. Ruslar imkan vermirdilər. Vertolyotun qara qutusunu operatorum tapıb gətirdi. Dedim ki, nə olur, olsun, bunu buradan çıxarmalıyıq. Tez-bazar bükdük “buşlat”ımıza. Amma alınmadı, qoymadılar. Gəldilər ki, buradan filan şey tapılıb və götürülüb, qaytarın verin, sonra çıxın. Məcbur qaytarıb verdik.

– Qutunun aqibəti necə oldu bəs? Açdılar?

– Yox, bir daş altdan, bir daş üstdən. Ay dedilər, tapılmadı, ay dedilər, əriyib, nə bilim, min cür versiya, min cür yalan.

– Bildiyimə görə, Qarakənd faciəsi ilə bağlı müəyyən kadrlarınızı da efirə verməyiblər.

– Detallı şəkildə verilmədi, bəli, sadəcə, müəyyən kadrlar verilirdi, xırda-xırda, hissə-hissə, vəssalam.

– Sizin Qarabağda çəkiliş etməyinizə, bir növ, hər şeyi detallı formada lentə almağınıza nə əcəb ermənilər mane olmurdu?

– Bilirsən, ərazidəsənsə, avtomatik müəyyən münasibət yaranırdı, çəkiliş üçün ermənilərlə müəyyən dialoqlarımız olurdu, yəni istər-istəməz münasibət formalaşmışdı. Düzdür, bu həmişə effekt vermirdi, elə məqamlar olurdu ki, girmək olmurdu, amma, əlbəttə, o münasibətlərə görə yolum açılırdı.

Təsəvvür elə, Sumqayıt hadisələrinin səhəri günü Bakıdan zəng elədilər ki, get Xankəndidə ermənilərdən müsahibə götür. O ərəfədə ora girmək olar? Kimdir səni başa düşən?

– Bəs nə oldu?

– Nə olacaq? Getdik. Ermənilər şərt qoydular ki, danışdıqlarımızın hamısı efirə gedəcəksə, danışaq, yoxsa sizi bir də buraya buraxan deyilik. Amma elə oldu ki, biz çəkdik, amma Bakıda vermədilər. Danışdıqları azadlıq, ayrılmaq və sair bu səpkidə idi, təbii.

– Ermənilər sonradan sizin qətlinizi sifariş ediblər. Onda buna görə olub?

– Yox, o başqa söhbət idi və daha sonra olmuşdu. ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vens o vaxt BMT Baş katibinin xüsusi nümayəndəsi qismində Ağdama gəlmişdi. O kadrlar məndə var. Ağdamda dağıntılara baxıb sonra Xankəndiyə yola düşəcəkdilər. Heç bir jurnalisti görüşə buraxmadılar. Amma ermənilərlə münasibətimə görə mən keçə bildim. Orada bir kadr var, Vens gedir, bu zaman ayaqqabısının bağı açılır. Mötəbər erməni nümayəndələrindən biri əyilib açılan bağı bağlayır və paltosunun balağı ilə ayaqqabısını silir. O kadrı mən çəkdim və verdik efirə. Ondan sonra mən ermənilərin düşməni oldum. Buna görə də mənim başıma pul qoymuşdular.

– Nəsə belə sizin üçün həyati təhlükə yarada bildilər?

– Yox, olmadı.

– Allahverdi müəllim, Qarabağda, cəbhədə göstərdiyiniz jurnalist şücaətinizdən sonra Ulu Öndər Heydər Əliyev sizi qəbul etmişdi. Görüşü necə xatırlayırsınız?

– O vaxt o qanlı-qadalı günlər ərəfəsi... Mən o günləri çox yaxşı xatırlayıram. O zaman həm müxalifət, həm də iqtidar tərəfdən dostlarım var idi və hamısı ilə münasibətim yüksək səviyyədə. Qaçqın düşərgələrini xatırlayıram, hamısının o zaman ağzından sadəcə Heydər Əliyevə dəstək şüarları eşidilirdi. O materialların hamısını çəkmişdim, düzü, onların da bir çoxu efirə getməmişdi. Nizami Xudiyevin vaxtında o kadrlar təsadüf nəticəsində ortaya çıxdı. Çox nadir görüntülər idi. Bir gündə düz 12 dəfə efirə verildi. Ondan sonra Nizami müəllim dedi ki, cənab prezident səni qəbul etmək istəyir. Dedim, ay Nizami müəllim, mən hara, prezident hara? Siz mənim adımdan təşəkkür edin. Uzun sözün qısası, görüş oldu. 1997-ci ildə. Görüş bir xeyli uzun çəkdi, yekunda mənə söz verildi. Dedim ki, cənab prezident, şah ayaqqabısını geyinən çox olur, amma şah yerişi yerimək hər kəsə nəsib olmur. Bunu Allah sizə bəxş edib və biz, sadəcə, borcumuzu yerinə yetirmişik, bundan sonra da davam edəcəyik.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4065
avatar

Oxşar yazılar