“Qadın sənin ananı ağladar, məhv edər” - Vüqar Baritonla MÜSAHİBƏ
05 dekabr 2023 16:35 (UTC +04:00)

“Qadın sənin ananı ağladar, məhv edər” - Vüqar Baritonla MÜSAHİBƏ

Lent.az-ın müsahibi müğənni Vüqar Muradovdur. Səhnə adamı kimi daha çox Vüqar Bariton kimi tanınır. Onunla öz səsyazma studiyasında görüşürük. Söhbətimizə də elə studiyanın maraqlı dizaynı barədə danışaraq başlayırıq.

- Studiyanızın maraqlı dizaynı var. Öz  ideyanızdır?

- Bəli. Həm öz ideyamdır, həm də öz əl işimdir. Yuxarı mərtəbə evimdir, aşağıda da belə studiya yaratmışıq. Amma bəzi qüsurlar, natamamlıqlar var, onları düzəldəcəm. Müğənnilər gəlirlər, mahnılarını yazdırırlar. Mənim həmişə studiyam olub. Sadəcə arada bir az fasilə verdim, həvəsdən düşmüşdüm, ləğv elədim.

- Vüqar, sosial şəbəkə hesabınızda özünüzü Vüqar Bariton kimi təqdim eləmisiniz.

- Bəli, səs tembrim baritondur. Səs tembrimi özümə təxəllüs götürmüşəm. Onsuz da dost-tanış Bariton deyirdi. 

- Deyirlər çox siqaret çəkirsiniz. Bu səsinizə problem yaratmır? Fonoqram oxuyursunuz?

- Ən zəhləm gedən şey toyda fonoqram oxumaqdır. 40 dərəcə qızdırma ilə canlı toy oxumuşam. Danışıq səsim də belədir. Oturuşmuş səsdir. Ona görə siqaret pis təsir etmir. Səsimə əsəb, yuxusuzluq, bir də mədə təsir edir. Mədəmdə problem var, klapan daim açıq qalır, turşuluq qalxır və səsi yorur. Buna görə 3-4 günə əməliyyata girəcəm.

- Musiqidən uzaq düşsəniz, məşğul olacağınız başqa nə iş var?

- Ticarət. Vaxtilə restoranlar işlətmişəm və klassik avtomobilləri restavrasiya edib satmışam.

- 44 günlük müharibə başlayanda səsiniz döyüş meydanından gəldi. Könüllü getmişdiniz?

- Bəli. Əsgərlikdə olmadığıma görə, döyüşə aparmaq istəmirdilər. 2000-ci ildə yalvardım, aparmadılar hərbi xidmətə. Ayaqlarımın altı düzdür və o vaxt mədəmdə problemim var idi. Amma 44 günlük müharibədə özüm xüsusi cəhd elədim, bir sözlə birtəhər iştirak etdim. Oktyabrın 3-də artıq cəbhədə idim. Sürücü kimi xidmət göstərdim.

- Ölüm qorxusu yaşadınız?

-  “Ölümdən qorxmuram” sözünü kim desə, yalan olar. Ən qorxmaz adamda da, 40 ilin  hərbçisində də bu duyğu var. Amma müharibədə bir müddət sonra alışırsan. 

-  Yaralanma və ya psixoloji travma oldu?

-  Kontuziya aldım. Dostlar hərdən deyirlər ki, dəli idin, müharibəyə getdin gəldin, lap dəli oldun.

- Bayaqdan  söhbət edirik və mən sözü sizdən zorla çəkirəm. 

-  Əslində danışan adamam, sadəcə jurnalistlərdən ehtiyat edirəm.

-  Niyə?

- Çünki bəzi jurnalistlər karyeramı çökdürüblər, yanlış yalan məlumatlarla zərbə vurublar. Dost dediyim bir jurnalist xanım götürüb yazmışdı ki, Vüqarı Rusiyada meşədə soyundurub döyüblər. Amma mən demişdim ki, məni döyüblər, əlimdəki pulu soyublar, çox pis vəziyyətdə idim. Götürüb yazıb "soyundurub döyüblər". İnsanlar xəbərin içini oxumadan başlığına baxırlar. Ondan sonra sən nə qədər izah elə, başa sal xeri yoxdur. Söz düşən kimi, əxlaqsızın, tərbiyəsizin də biri qayıdıb desin ki, sən soyundurulub döyülən müğənnisən. Adama deyərlər, mən soyundurulub döyüləndə yanımda idin? Hansısa bir şərəfsizin sözü ilə durub hərəkət edirsən?  Bəzi jurnalistlərdən çox zərbələr dəyib mənə. Bütün jurnalistləri demirəm, amma aralarında işlərini bilməyənlər, reytinq  xətrinə kiminsə həyatına zərbə vuracağını düşünməyənlər var.

-    Niyə döymüşdülər sizi?

-    Bakıda  toyda biri ilə problem yaşanmışdı. Söyüş söymüşdü, döymüşdüm. İncik qalıbmış. Burdan ora sifariş edib, təşkil etmişdilər bu məsələni.

-  Həmkarlarınızdan da zərbə almısınız?

-  Ancaq jurnalistlərdən. Mən jurnalistlərdən uzaq olsaydım, bəlkə fərqli yerlərdəydim. Əlbəttə, söhbət hamıdan getmir. İstisnalar da var. Bilirsinizmi, mən hər kəlməsini ölçüb-biçib danışan adam deyiləm, emosionalam, onlar da bu damarımdan tuturlar. Yaxşı adama qarşı yüz qat artıq yaxşıyam. Səmimi olan adama canımı da verərəm. Amma şərəfsizliklə qarşılaşanda susa bilmirəm. Ağızlarına gələni yazıb, sonra da deyirlər reklamındır, piarındır. Tüpürəsən elə reklama. Mən piar xəstəsi deyiləm, bunu onun üçün ölənlərə eləsinlər. Başımı aşağı salıb işini görən adamam. Sənət naminə hər şeyimdən keçib, böyük fədakarlıqlar edim, hamı məndən danışsın düşüncəsində deyiləm axı. 

- Müğənni olmağa qərar verəndə şöhrətin bir də qara tərəfi olduğunu düşünməmisiniz?

- Bülbül adına Orta İxtisas Məktəbində oxuyanda bilsəydim ki, müğənnilik budur, yəqin sənətə gəlməzdim. Düşünürdüm ki, çıxacam səhnələrə, konsertlər verəcəm, qonorarımı alacam. Çox böyük şərəfsizliklər, iyrəncliklər görəcəyimi bilmirdim.

- Bildiyimə görə, həm də musiqi bəstələyib satırsınız. Amma heç bir mahnıda müəllif Vüqar Muradovdur deyə təqdimat eşitməmişəm.

-  Çox zaman deyirəm ki, öz mahnın kimi oxu. Bəziləri səhnə üçündür, bəziləri toy üçün.
 
- Vokal dərsləri verirsiniz?

- Bəli. Bir çox müğənnilərə vokal dərsləri vermişəm. Amma ad çəkməyəcəm. Düzgün olmaz. Səsi olmasa belə, duyumu olan insanla məşğul olsam, bir neçə ay sonra müğənni kimi oxuya bilər. Kim təhsilə meyillidirsə, o insana hörmətim var. İstəmir tamaşaçının qarşısına naşı şəkildə çıxsın. Tamaşaçını aldada bilərsən, tamaşaçı safdır. Heyf bizim tamaşaçılardan. Kaş bu qədər saf olmayaydılar, ən azından sənəti olmayanı qınayaydılar. 

-  Sosial şəbəkədə bəzi qadın müğənnilərlə bağlı paylaşımınız gündəm oldu.

-  Onu hamı yox, sənəti olmayanlar haqqında yazmışdım. Səsi olan müğənni istəyir arxasını şişirtsin, istəyir dodağını. Çoxu yazdı ki, bu qeybətdir. Qeybət publik şəkildə olmur. Bu ictimai qınaq idi. Biri yazıb ki, sən o müğənnilərə paxıllıq edirsən deyə, elə yazmısan. Mən kişi xeylağı arxasını şişirən qadına niyə paxıllıq eləməliyəm, gülməli deyil? Yazmışam ki, 50 manata oxuyur, 500 manata gedir. Restoran ona 20-30 manat verir, çoxu hətta pulsuz gedir. Amma bilir ki, orda gəlib ona kimsə 100-200 manat şabaş verəcək. Bunlar heç biri müğənni deyil. Baxın, mən Aygün Kazımova, Röya haqqında niyə demirəm? Aygün xanımın sənəti var, onu səhnədə görməsəm ürəyim partlayar. Tamaşaçısı olaraq hər zaman Aygünü baxımlı görmək istəyirəm. Sənət varsa qəbuldur. Röya niyə olmasın? Dağ boyda ürəyi var.

- Kişilərdən də plastik əməliyyat etdirənlər var. Elə siz də.

-  Qüsuru aradan götürəcək bütün əməliyyatlar olmalıdır. Mən idmançı olmuşam. Burnum yox idi, sınmışdı. Qabırğamdan qığırdaq kəsdirib burun düzəltdirmişəm. Kiçiltməmişəm, böyütdürmüşəm. 

- Mən çənənizi bilirdim.

- Çənəm  avtomobil qəzası nəticəsində olmuşdu. 15 yaşına qədər hər şey normal idi. Qəzadan sonra forması dəyişdi. Rayonda da əhəmiyyət verən də yox idi, cahil həkimlər rayonlarda çox adamı şikəst ediblər. Neçə dəfə sağlam dişimi bağırda-bağırda dartıb çıxarıb, keyitmədən. Məcid doktor, Qoqi (gürcü idi) doktor var idi.  Ölüblər indi, heç birinə haqqımı halal eləmirəm. Mən əziyyət çəkirəm, qoy onlar da o tərəfdə əziyyət çəksinlər.

 - Sizinlə dolanmaq asandır?

- Yox. Vasvasıyam, təmizkaram, diqqət tələb edənəm, diqqətciləm. İstəyirəm qarşımdakı adam da belə olsun. 
 

- Subaysınız. Bəlkə elə bu vasvasılığa görə? 

-  Bəlkə də. 

-  Evlənməyi düşünürsünüz?

- Düşünürəm. 

- Necə bir qız olmalıdır qarşınızdakı?

-  Adam olsun bəsdir.

- 40 yaşa çatmısınız. Həmşayıdınız olmalıdır?

-  Yox. Gənc xanımla evlənmək istəyirəm. Olğun xanımla mənimki tutmaz, onun oturuşmuş fikirləri, kaprizləri var. Yola getmək çətin olar. 

- Həmkarınızla evlənərsiniz? Yoxsa siz də mentalitet sərhədi arxasında dayananlardansınız?

-  Mentalitet sözü mənim leksikonumda yoxdur.  Mental qadağalara görə çox adam bədbəxt olub bu ölkədə. "Mən nə deyirəm o olmalıdır" deyən valideynlər, gəlini süpürgə kimi görən qaynanalar, valideyn sözündən çıxa bilməyən gənclər. Olmaz ki, ailə hörmət üzərində qurulsun? Niyə şiddət olmalıdır? Qadını alçaltmaq kişini gözdən salır, başucalığı gətirmir. Bir ata 20 il əziyyətlə baxsın böyütsün ki, hansısa bir vicdansız evlənsin, 2 ay sonra da desin düz gəlmirik, bitdi? Əslində kişiyə elə gəlir ki, o güclüdür. Qadın sənin ananı ağladar, məhv edər. Qadında olan güc, düşüncə, ağıl kişidə ola bilməz. Qadın kişidən 10 qat üstündür. Demirəm qadınların hamısı idealdır. Amma sən evlənməzdən öncə, o qadının xətalarını görüb, qəbul edirdin. İndi söz yox, bəzi qızlar da var ki, “ad olsun evləndim, boşanaram, ata evim qəbul eləməsə də, TikTokdan qazanıb, rəfiqələrimlə ev tutub qalaram, qəşəng də dolanaram” düşüncəsindədirlər. Alınmırsa, dost kimi boşanmaq olar. Amma ən azından ailəni qorumaq üçün bir az səy göstərmək çalışmaq lazımdır. Qarşındakının da, özünün də həyatını cəhənnəmə çevirməyə haqqın yoxdur. Subay adamam. Mənə bilirsiniz nə qədər tənha qadınlar boşanmış qadınlar yazırlar? Boş yerə danışmıram, gördüklərimi deyirəm.

- Sizə belə yazanları necə qəbul edirsiniz?

 - Çox gözəl. Niyə də yox. Bu daimi münasibətlər deyil. Subay kişiyəm. Amma heç bir zaman evli qadınlarla münasibət qurmuram. Yanındakı kişidən sevgi ala bilməyib, sosial şəbəkələrdə dost axtaranlar olur. Həyatda hər səhvi edərəm, bir o qələti eləmərəm. Buna görə başım dikdir. O qadının ərindən yox, öz vicdanımdan çəkinmişəm. Onun həyatında evinə gələn bir kişi var. Bunu çox kişilər yaşayırlar e, amma dilə gətirmirlər.

- Bahalı müğənnisiniz?

-  Çox bahalı insanam, çox bahalı. Səs və insani keyfiyyətlərim baxımından. Özünə qiymət qoymayan qarşısındakına da qoymaz. Amma toylara münasib qiymətə gedirəm. Hər toya getmirəm. İstəmərəm ki, o toyda biri 3 manatlıq araq içib, dişindəki göyərtini tüpürə-tüpürə gəlib məndən bambılı mahnı istəsin. Kontingenti seçirəm
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11808
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar