Rüstəm İbrahimbəyov
11 mart 2022 19:44 (UTC +04:00)

Rüstəm İbrahimbəyov

Prezident Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı NEKROLOQ İMZALADI - YENİLƏNİB

 

Azərbaycan Prezidenti İlham Əliyev Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Lent.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat etmişdir.

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlamışdır.

Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirmişdir.

Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınmışdır. Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynamış, yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr vermişdir. Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynamışdır. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilmişdir. Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırmışdır.

Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır. Yazıçının ssenariləri əsasında çəkilən “Bir cənub şəhərində”, “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və bir çox digər filmlər geniş şöhrət tapmış, yüksək mükafatlarla təltif edilmişdir. Onun həmmüəllif ssenaristi olduğu “Urqa” filmi 1991-ci ildə Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, “Günəşdən usanmışlar” filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülmüşdür.

Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda ictimai fəaliyyət göstərmişdir. O, 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmuş, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Anar Rzayev

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Ramiz Fətəliyev

Rasim Balayev

Hacı İsmayılov".

***

17:10

Rusiyada vəfat edən Rüstəm İbrahimbəyovun cənazəsi martın 13-ü (bazar günü) Bakıya gətiriləcək. 

Bunu Lent.az-a açıqlamasında kinorejissor Tahir Tahiroviç bildirib. 

O qeyd edib ki, Xalq yazıçısının dəfn yeri hələ müəyyənləşməyib.

***

saat 16:46

"Ötən gün dünyasını dəyişən kinorejissor Rüstəm İbrahimbəyov uzun müddət idi xəstəxanada müalicə alırdı". 

Bunu Lent.az-a açıqlamasında kinorejissor Tahir Tahiroviç bildirib. 

Onun sözlərinə görə, ağır xəstəlikdən əziyyət çəkən R.İbrahimbəyovun 6 aya yaxın müalicə aldığı xəstəxanada ötən gün dünyasını dəyişib: "Yaxınlarının dediyinə görə, İbrahimbəyov Vətəndə dəfn olunacaq". 

***

saat 16:30

Kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.

Lent.az-ın məlumatına görə, bu barədə kinorejissor Tahir Tahiroviç öz "facebook" hesabında məlumat verib.

O, dünən axşam Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, R.İbrahimbəyov Azərbaycanda dəfn olunacaq. 

R.İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub.

O, Azərbaycan Neft və Kimya İnstitutunu, sonralar isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarını bitirib.
Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

1989-cu ildə əsası qoyulan “İbrus” (İB-İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. O, 1981-ci ildən Azərbaycan Kinematoqrafiyaçılar İttifaqına sədrlik edib.

15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarında tamaşaya qoyulub.

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən yaxşı xarici dilli film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

R.İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" isə 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi seçilib.

Həmçinin onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

Allah rəhmət eləsin!

 

# 8613
avatar

Fidan İlqar

Oxşar yazılar