Xuraman Qasımova
17 iyun 2021 12:45 (UTC +04:00)

Xuraman Qasımova

"Onları televiziyalara yaxın buraxmaq olmaz" - Xuraman Qasımova

Opera müğənnisi, Xalq artisti Xuraman Qasımovanın APA-ya müsahibəsi

- Xuraman xanım, bu yaxınlarda “İstiqlal” ordeni ilə təltif olunmusunuz. Öncə Sizi təbrik edirik.

 

- Çox sağ olun. Təşəkkür edirəm.

- Bu ordeni opera ifaçısı Xuraman Qasımova qazanıb. Ancaq biz Sizi gənc yaşlarınızda kino aktrisası kimi tanımışıq. Ona görə də söhbətimizə elə kino fəaliyyətinizdən başlamaq istəyərdim. Kinoya gəlişiniz necə oldu?

- Mənim kinoya gəlişim tamamilə təsadüfdür. Ailəmizdə incəsənətə böyük maraq olsa da, kino sahəsində çalışan heç kim yox idi. Nə valideynlərim, nə bacım, nə də yaxın qohumlarımız. Deməli, “Azərbaycanfilm” kinostudiyası 1965-ci ildə elan vermişdi ki, bir neçə yeni film çəkiləcək. Onların içərisində “Liftçi qız” filmi də var idi. Həmin filmin qəhrəmanı Lalə obrazını ifa etmək üçün gənc qızlar sınağa dəvət olunurdu. Eyni zamanda kinostudiyanın bir qrup işçisi həmin rol üçün gənc qız axtarırdı. Həmin vaxt mən 23 nömrəli orta məktəbin şagirdi idim. Məktəbimizdən seçilən qızlar arasında mən də vardım. İki aylıq sınaq müddətindən sonra “Liftci qız” filmində Lalə obrazını ifa etmək üçün təsdiq olundum. Beləliklə, bu mənim kino aləminə gəlişim oldu. “Liftçi qız” filmindəki obrazıma görə “Zaqafqaziya kino müsabiqəsi”ndə diplom qazandım. Daha sonra yenidən iki filmə dəvət aldım. “Mən ki gözəl deyildim” filmində Səidə, “Həyat bizi sınayır” filmində isə Hicran obrazını yaratdım. Burda da məni uğur gözləyirdi. Səidə obrazına görə Ukraynada keçirilən “Ümumittifaq kino festivalı”nda mükafata layiq görüldüm.

- Bəs, bu uğurlardan sonra niyə kino sahəsindən ayrıldınız?

- Qısa formada bunun səbəbini açıqlamağa çalışacağam. Filmdə çəkilməyə razılıq verəndə valideynlərimin və mənim əsas şərtimiz o idi ki, dərslərimdən uzaqlaşmayım. Çəkiliş prosesi dərslərimə mane olmasın. Adətən, çəkiliş prosesində bəzən gözlənilmədən hava şəraiti dəyişirdi, ya buludların getməsini, ya da günəşin çıxmasını gözləyirdik. Bu kimi səbəblərdən saatlarla vaxt itirirdik. Kino aləmində belə hallara tez-tez rast gəlmək olar. Ancaq mən alışa bilmirdim. Dərs kitablarımı da özümlə çəkilişə aparırdım ki, boş vaxtlarımda dərslərimlə məşğul olum. Filmlərə çəkildiyim dönəm məktəbli vaxtıma təsadüf edirdi. Artıq məktəbi bitirmək vaxtı idi və mən seçim etməliydim. Sonradan kino təklifləri alsam da, ciddi şəkildə vokal ifaçılığı ilə məşğul olduğum üçün qəbul etmədim.

- Sizcə, aktrisa kimi davam etsəydiniz, yenə də uğurlu olardınızmı?

- Bilirsiniz, məndə həmişə belə bir düşüncə olub ki, harda oluramsa-olum, işimin əsl peşəkarı olmalıyam. Ola bilsin ki, dram və ya kino aktrisası kimi davam etsəydim, yenə də çalışardım ki, uğurlu, peşəkar aktrisa olum. Əslində, məktəbdə mənim humanitar fənlərə marağım böyük idi və gələcəkdə jurnalist olmaq istəyirdim. Lakin məndə başqa bir həvəs də var idi və bəlli oldu ki, həmin həvəsim daha üstündür. Bu həvəs akademik vokal ifaçılığına aid idi. Bu həvəsi uşaqlıqdan valideynlərim məndə hiss etmişdi və onların məsləhəti ilə mən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil oldum.

- Siz ailədə iki bacısınız, yoxsa, başqa bacı-qardaşlarınız da var?

- Ailədə üç uşaq idik, böyük qardaşım Əlibəy, bacım Fidan xanım və mən. Açıq desəm, üç övladın içərisində qardaşımız Əlibəy daha istedadlı, ümidverici idi. O 4 yaşından kitab oxuyur, kiçik musiqi pyesləri bəstələyirdi. Hətta maestro Niyazi onun istedadını görəndə, öz dirijor çubuqlarından birini ona bağışlamışdı. Əlibəy 12 il ciddi musiqi ilə məşğul olmasına baxmayaraq, sonradan həyatını elmlə bağladı. Fiziologiya sahəsini seçdi. Lakin deyə bilərəm ki, Fidan xanımın və mənim əsl musiqi tənqidçimiz məhz qardaşımız olub. Sizinlə həyatımdan kiçik bir xatirəni bölüşmək istəyirəm. Xatırlayıram ki, üçüncü kurs tələbəsi idim, qış sessiyasının ixtisas imtahanıma hazırlaşırdım. Mənim xəbərim olmadan qardaşım həmin imtahana gələrək məni gizli dinləmişdi. Həmin imtahanda çıxışım əla qiymətləndirildi. Sevinərək, evə dönüb hislərimi evdəkilərlə bölüşmək istəyirdim. Adətən, çıxışlarımızı ailə içərisində müzakirə edirdik. Mən çıxışım haqqında danışanda, qardaşım sakitcə mənə yaxınlaşıb dedi ki, söhbətimi bitirəndən sonra onun yanına gəlim. Yanına gedəndə dedi ki, imtahana gəlib, məni dinləyib. “Bir neçə əsərdə həyəcanını hiss etdim. Açıq desəm, bütövlüklə sənin çıxışın məni qane etmədi. Ciddi düşün və əgər belə davam edəcəksənsə, peşəni dəyiş” söylədi. Özümü itirdim, qardaşımın sözü mənim üçün bir imtahan idi. Günlərlə düşündüm, hətta üçüncü kursda təhsilimi yarımçıq qoyub konservatoriyadan uzaqlaşmaq istədim. Valideynlərim qətiyyən icazə vermədi. Lakin qardaşımın tənqidini normal qəbul etdim. O istəməsəydi ki, mən daha uğurlu vokal ifaçısı olum, öz məsləhətlərini mənə deməzdi. Onu da deyim ki, tənqid çox yaxşı bir şeydir, əgər tənqid olmasa, inkişaf da olmaz.

- Deməli, tənqidi rahat qəbul edirsiniz. Bəs, özünüz necə? İndiki gənc ifaçıları tez-tez tənqid edirsinizmi?

- Mən senzuranın, tənqidin tərəfdarıyam. Tənqid olmasa, inkişaf olmaz. Ələlxüsus bizim sənətdə. Mədəniyyət tərbiyəedici bir sahədir və hər kəsin gözü önündədir. Burada rəqabət də, tənqid də, senzura da olmalıdır. Bəzən deyirlər ki, biz Azərbaycan televiziya kanallarını izləmirik, çünki orada çox sayda qəbul etmədiyimiz, bəyənmədiyimiz musiqilər, ifalar səslənir. Mən də bu fikirlərlə razıyam. Elə ifaçılar var ki, onları televiziyalara yaxın buraxmaq olmaz. Özüm də dəfələrlə şahidi olmuşam ki, xalq mahnılarımızı, bəstəkar mahnılarını elə formada ifa edirlər ki, bunu heç cür qəbul etmək olmaz; sözlər yanlış, tələffüz yanlış, nəfəs yanlış, xaric oxumaq və s. Bəzən efirdə elə mahnı səslənir ki, mən bilmirəm onun sözləri necə yadda saxlayırlar. Kimin ixtiyarı var ki, bu gün cəmiyyəti belə ucuz mənəvi qida ilə zəhərləsin? Niyə altmışıncı, yetmişinci illərin mahnıları bu gün də sevilir, ancaq indiki mahnılar yadda belə qalmır. Bilmirsən ki, hind, ya ərəb mahnısıdır. Bizim təkrarolunmaz musiqimiz var. Dünyanı gəzmişik, musiqimizi olduğumuz ölkələrdə ifa etmişik. Kiminsə ifası haqqında xoş söz söyləməsən, deyirlər ki, Qasımovalar özlərindən başqa heç kimi bəyənmir. Halbuki mənim ürəyim yanmasa, Azərbaycan musiqi mədəniyyəti üçün, onun inkişafı üçün bunları demərəm.

- Deyəsən, çox konservativsiniz...

- Xeyr, əksinə mən yenilikləri çox sevirəm. Dəfələrlə, bizim konsert proqramlarında müxtəlif janrlardan ibarət mahnılar səslənib. Azərbaycan xalq mahnılarını da bütün gəzdiyimiz ölkələrdə səsləndirmişdik və hər yerdə Azərbaycan musiqisi gözəl qarşılanıb. Sadəcə, mən peşəkar ifaçı olduğum üçün çox tələbkaram və gənc ifaçılara da bunu məsləhət görürəm.

- Siz səhnə fəaliyyətinə təzə başlayanda Fidan xanımla ayrı-ayrı fəaliyyət göstərirdiniz. Necə oldu ki, birlikdə fəaliyyət göstərmək qərarı verdiniz?

- Fidan xanım səhnəyə məndən öncə gəlmişdi. Mən səhnəyə gələndə onun artıq kifayət qədər çıxışı və fəxri adı vardı, beynəlxalq müsabiqələr laureatı idi. Sonra eyni yolu keçərək mən böyük səhnəyə gəldim. Ayrı-ayrılıqda bizim qastrol səfərlərimiz də olub. Bir dəfə proqramlardan birində elə əsər var idi ki, orada duet şəklində ifa olmalı idi. Biz bu dueti edəndən sonra çoxlu alqışlar qazandıq. Beləliklə də, biz daha tez-tez birlikdə çıxış etməyə başladıq.

- Mövzu sənətdirsə, çox güman sizin də aranızda həmkar kimi fikir ayrılıqları olur. Bu zaman güzəştə gedən tərəf hansınız olursunuz?

- Hər konsert proqramını birlikdə düşünürük, müzakirə edirik. Lakin mən həmişə Fidan xanımın fikrinə, məsləhətinə üstünlük verirəm. Son qərar onun olur. Hesab edirəm ki, Fidan xanım əsl musiqiçi olduğu üçün proqramın seçimində yanılmaz. Duet çıxışlarımızda bəzən improvizasiyaya da yer veririk. Bu isə konsert zamanı öz-özünə yaranır.

- Bir-birinizə çox bağlısınız. Bu nədən irəli gəlir?

- Əlbəttə ki, ilk növbədə, tərbiyədən... Belə tərbiyə görmüşük. Ailədə böyük-kiçiyə münasibət, böyüyə hörmət, kiçiyə qayğı, sevgi, məhəbbət aşılanıb. Valideynlərimizi erkən itirdiyimiz üçün bir-birimizə daha sıx bağlanmışıq, bir-birimizə arxalanmışıq. Mən heyifslənirəm ki, onlar bizim əsl uğurlarımızı görmədilər. Biz üç ilin ərzində atamızı anamızı itirdik. Mən 1981-ci ildə Mariya Kalas adına müsabiqədən qızıl medalla qayıdanda anamın dəfn mərasiminə gəldim. O vaxt çox gənc idim. Həmin dövrdə ailənin bütün yükü Fidan xanımın kövrək çiyinlərinə düşdü. Bu ağır günlər bizi bir-birimizə daha möhkəm bağladı.

- Bəlkə də Fidan xanıma bu bağlılığınız həm də ananızı erkən itirməyinizdən qaynaqlanır.

- O mənim ana əvəzimdir, ata əvəzimdir, rəfiqəmdir, sənət yoldaşımdır. Eləcə də mən. Bəzən Fidan xanım özünü mənim yanımda elə aparır ki, bizdən soruşurlar hansınız böyüksünüz? Yeri gələndə, mən onun uşaq kimi qayğısını çəkməyə hazıram. O mənim baş tacımdır və qiymətlimdir.

- Bir müddət Türkiyədə yaşamısınız. Hansı səbəb Sizi ora aparmışdı və hansı səbəb geri gətirdi?

- Həyat çox mürəkkəbdir və ancaq xoş günlərdən ibarət deyil. Bizim də həyatımızda ağır günlər olub, həmin günlər mənim səhhətimdə yaranan ciddi problemlərlə bağlı idi. Sizin qeyd etdiyiniz dönəm də mənim çətin günlərimə təsadüf edirdi. Ağır xəstəlikdən əziyyət çəkirdim. Həkimlər dedi ki, mütləq xaricdə müalicə almalıyam. Əvvəl müalicəmi Amerikada aldım. Bir il orda yaşadım. O illərdə bizim qardaş Türkiyəyə dəfələrlə dəvət edirdilər. Biz bu dəvəti qəbul etdik.

1994-cü ildə Azərbaycanda Heydər Əliyev hakimiyyətə gəldi. Biz ilk fəxri adlarımızı da onun sərəncamları ilə almışıq. Heydər Əliyev biləndə ki, biz Türkiyədəyik, çox istəyib biz Vətənə dönək, burada yaradıcılığımızı davam etdirək, yeni gənc, istedadlı vokalçılar nəsli yetişdirək. Beləcə, 5 il Türkiyədə çalışandan sonra Heydər Əliyevin təklifi ilə geri döndük. Onsuz da Türkiyə yaxın ölkədir, bununla belə, heç vaxt Vətəndən uzaqda daimi yaşayan bilməzdik.

- Opera çox mürəkkəb, çətin sənətdir və ifaçıdan böyük fədakarlıq tələb edir. Səsini itirməkdən qorxaraq, uşaq dünyaya gətirməyən qadın opera ifaçıları belə var. Siz bu qorxunu heç yaşamısınızmı?

- Xəstəlik zamanı çox qorxurdum ki, ağır müalicəmin nəticəsində səsimi itirə bilərəm. Çünki belə bir təhlükə var idi. Tanrıya çox şükürlər olsun ki, belə bir şey olmadı.

- Sizi “Xarıbülbül” festivalında görmədik. Niyə?

- Koronavirus xəstəliyini bir dəfə keçirsək də, vaksin olunmamışdıq. Ona görə də ürək edib Bakıdan uzaqlaşa bilmədik. İnşallah, gələcəkdə Şuşada belə tədbirlər çox olacaq və biz də həmin tədbirlərdə sevə-sevə iştirak edəcəyik. Bu, hələ başlanğıcdır. Ötən il 30 illik həsrətə son qoyuldu, biz öz doğma torpaqlarımıza sahib olduq. Mən bu gün qürurluyam ki, Ali Baş Komandanın əmri ilə, 44 günlük Vətən Müharibəsində cəsarətli, qəhrəman ordumuzun sayəsində torpaqlarımız azad edildi. Eyni zamanda Prezidentimizə təşəkkürümü bildirirəm ki, mənim yaradıcılığımı “İstiqlal” ordeni ilə təltif etməklə qiymətləndirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Oxşar yazılar