O, oğlu öləndə səhnədə komediya oynayırdı - Bir ulduz axdı
03 iyun 2022 18:51 (UTC +04:00)

O, oğlu öləndə səhnədə komediya oynayırdı - Bir ulduz axdı

Lent.az  “Bir ulduz axdı” adlı yeni layihə ilə qarşınıza çıxacaq. Layihədə həm unudulan, həm də unudulmaz sənətkarları bir daha xatırlayacaq, oxucuları onlar haqda maraqlı faktlarla tanış edəcəyik. İlk söhbətimiz “Yeşilçam”ın unudulmaz aktrisası hamımızın  şən, gülərüz Hafiizə ana kimi xatırladığı Adilə Naşit barədədir.

O, 1930-cu ilin iyun ayında İstanbulda teatr aktyorlarının ailəsində dünyaya gəlmişdi. Atası rum, anası erməni kökənli idi. Lakin türklər onu hər zaman sevgiylə xatırlayır, Adilə bizdən biridir, əsl türk anasıdır  deyirlər.

Atası vəfat etdikdən sonra məktəbi buraxıb 14 yaşında işləmək məcburiyyətində qalan Adilə elə onun yolu ilə getmək qərarı verir. İstanbul Şəhər Teatrının tərkibindəki Uşaq Teatrında işə başlayır.

1944-cü ildə aktyor kimi işə başlayan Adilə Naşitə 3 il sonra filmə çəkilmək təklifi gəlir. Şöhrətin qapıları isə ona düz 30 illik gərgin əməkdən sonra açılır.

1976-cı ildə rol aldığı “Budur həyat” adlı filmindəki epizodik roluna görə “Altın portakal” film festivalında  “Ən yaxşı qadın oyunçu” nominasiyasında mükafata layiq görülür.


 
1978-ci ildə  “Hababam sinfi” silsilə filmlərində oynadığı “Hafizə ana” rolu ona böyük şöhrət qazandırır.  Adilə Naşiti əsasən komediya filmlərinə dəvət etsələr də,  əslində hər kəs onun ürəyinin necə qan ağladığını bilmirdi.

1950-ci ildə özü kimi aktyor olan Ziya Keskiner ilə ailə qurur. 2 il sonra cütlüyün  Əhməd adlı oğlu dünyaya gəlir. Gözəl qara gözləri olan Əhmədin sağ yanağında xalı var idi. Xalq inancına görə, yanağında xal olan insanın bəxti kəm olur. Bu inancla yaşayan Adilə ananın hər zaman ürəyində balası üçün bir səksəkə var idi. Ananın hissləri düz çıxır. Əhməd II sinifdə oxuyanda məktəbdə özünü pis hiss edir və həkimlər ona qorxunc bir diaqnoz qoyurlar. Əhmədin ürəyində dəlik var idi. Aktrisa onu məktəbdən ayırmalı olur. 1966-cı ildə  12 yaşlı Əhməd  ürək əməliyyatı keçirir. Əməliyyat uğurlu keçsə də, xəstə komaya  girir, günlərlə komada qalır.

Həmin məşum gündə Adilə Naşit İstanbuldan uzaqlarda, İzmirdə qastrolda idi. Oğlunun ölüm xəbərini alanda isə səhnədə, bir komediya tamaşasında çıxış edirdi. Xəbəri eşitsə də, bağrına daş basdı, tamaşanı sona qədər oynadı, izləyicilərini güldürdü. Əhmədin öldüyü gün -17 iyun Adilə Naşitin  doğum günüydü. Və o gündən sonra  Adilə Naşit bir daha doğum gününü qeyd etmədi. 


Milyonlarla insana gülüş bəxş edən qadın həyatda ana dramını yaşayırdı. Oynadığı bütün rollarda özünü, əsl ananı canlandırırdı. Münir Özkulla oynadığı filmlərdəki dramatik ana obrazları onun obrazlar qalereyasında xüsusi yer tuturdu.  
Aktrisa mərhum oğlunun xatirəsinə uzun illər  “Nağıl axşamı” proqramına aparıcılıq edib, onlar üçün şirin nağıllar danışdı. “Nağılçı xala” kimi balacaların sevgisini qazandı, uzun illər bu adla anıldı.

Tamaşaçıların yaddaşına öz şirin, xarakterik rolları ilə hopmuş bu qadın ömrü boyu baş rol oynamasa da, baş rol oyunçuları qədər məşhurlaşdı, əsl ulduzlar qədər parladı. Elə buna görə Türkiyə mediası ona “Yeşilçam”ın anti-ulduzu adını vermişdi.

“Mən nə Fatma Girik idim, nə Türkan Şoray, nə Hülya Koçyigit. Mən gözəl deyildim, balaca boylu, tonbiş bir qadın olaraq Cüneyt Arkın kimi bir yaraşıqlı ilə eyni filmdə rol alıb, onun kölgəsində qalmamaq məncə mənim uğurumdur” deyə Adilə Naşit müsahibələrindən birində qeyd etmişdi. 

Məşhur aktrisa 1987-ci il dekabr ayının 11-də bağırsaq xərçəngi xəstəliyi nəticəsində həyatını itirib, oğlu və ərinin  məzarları arasında dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4119
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar