Xalıq artisti Rafiq (Rəmiş) Hüseynov
10 aprel 2021 17:30 (UTC +04:00)

Xalıq artisti Rafiq (Rəmiş) Hüseynov

Moskvada nəşə söhbəti, 1 manatsız 77 il, qucaqda gəzən sevgili - Yaxın dostu Rəmişdən nələr danışdı... - VİDEO

“Rəmişi Rəmiş edən gitara oldu. O, gitaraya yeni nəfəs verdi, ona yeni çalarlar gətirdi. O, Azərbaycanda gitaranın həyatını dəyişdi. Gitaranın mövqeyini, tərcümeyi-halını dəyişdi. Gitara da ona borclu qalmadı, o Rafiq Hüseynovu əfsanəvi Rəmişə çevirdi. Bu dostluq yeniyetməlik dövründən 77 yaşına qədər, ölüm gününədək davam etdi”.
 
Bunu hər kəsin Rəmiş kimi tanıdığı xalq artisti Rafiq Hüseynovla uzun illər dostluq etmiş, həmyerlisi şair Qulu Ağsəs deyir. Şair dostu ilə bağlı xatirələrini Lent.az-la bölüşüb.
 
-Rəmiş əvvəlcə tar çalırdı, sonra gitaraya başladı. Və gitara onun bütün həyatını dəyişdi. Rəmiş bütün simli alətlərdə çala bilirdi, nəfəs alətləri xaric bütün instrumental alətlərdə gözəl ifa edirdi.  Mən onun piano çalmağının şahidiyəm. Yanımda piano çalıb, təkrarsız bir ifadır. Onun qarmon çalmağını görmüşəm. Amma Rəmişi Rəmiş edən gitara oldu. O, gitaraya  yeni nəfəs verdi, ona yeni çalarlar gətirdi. O, Azərbaycanda gitaranın həyatını dəyişdi. Gitaranın mövqeyini, tərcümeyi-halını dəyişdi. Gitara da ona borclu qalmadı, o Rafiq Hüseynovu əfsanəvi Rəmişə çevirdi. Bu dostluq yeniyetməlik dövründən 77 yaşına qədər, ölüm gününədək davam etdi”.
 
Şair deyir ki, Rəmişin iki hobbisi var idi.
 
- Onlardan birincisi gitara, ikincisi maşın sürmək idi. Rəmişin belə bir sözü vardı: "At ölənədək otlayar, mən də ölənədək maşın sürəcəm, gitara çalacam". O, tez-tez maşınlarını dəyişirdi. Amma gitara haqqında bunu deyə bilmərik. Bəzən olub ki, onun heç öz gitarası olmayıb. Elə imkansız vaxtları olub. Kiminsə gitarasını alıb, ifa edib. Biri ondan soruşur ki, “gitara çalanda niyə gözünü yumursan?” Deyib ki, ”mən gözümü açıb xalxın arvad uşağına baxası deyiləm ki, mənim həyatda bir sevgilim var - gitara. O da qucağımdadı. O qucağımda olandan sonra hara, kimə baxasıyam?” Rəmiş doğurdan da gitaradan başqa heç hara, heç kimə baxmadı. Nə dost-tanışa, nə ailəsinə, nə düşmənə, nə pula, heç nəyə baxmadı. Elə ancaq gözünü yumub ifa etdi, açanda da gitaraya baxdı. 
 
Qulu Ağsəs “Rəmişin nəşəsi” haqda da danışır bizə. Bəli, doğru eşitdiniz Rəmişin nəşəsi... Maraqlı tarixi var bu yazının...
 
- Həyatının elə dönəmləri olub ki, Rəmiş Azərbaycanı tərk edib. Düzdü, onun Türkiyəyə, Rusiyaya səfərləri olmuşdu. Konsertləri baş tutmuşdu orda. Amma 2000-ci ilərin əvvəllərində Rəmiş ölkəni tərk edib getdi. Sırf qazanc dalınca Moskvaya getmişdi. Orda bir kafedə gitara çalıb çörək pulu qazanırdı. O zaman onu Moskva polisi həbs etmişdi. Həmin vaxt mən “Rəmişin nəşəsi” adlı yazı yazdım. Rəmişin necə həbs olduğunun təfərrüatlarını da orda qeyd etdim. Polis kafeyə daxil olur görür ki, burda heç kimin ağlı başında deyil. Hamı nəşəli. Və bir nəfər oturub gitara çalır. Əslində, kafedəkiləri nəşələndirən Rəmişin gitarası, onun ifası idi. Yazının sonunda yazmışdım ki, serjant özü də sonradan uyur, nəşələnir. Rəmişin ifası onu da özündən çıxarır. Bu dünyadan uzaqlara, çox uzaqlara aparır. Rəmişin bir nəşəsi var idi o da gitarası. Bütün ömrünü həmin o nəşə ilə keçirdi. Musiqi nəşəsi ilə yaşadı.
 

Ulduz jurnalının baş redaktoru, şair Qulu Ağsəs
 
Xalq onu sevirdi. Nəyə görə sevirdi? Bu sevgini yaradan nə olmuşdu? Ağsəsin sözlərinə görə, Rəmiş xalqın sevgisini təkcə ifası ilə deyil, həm də qeyri-adi hərəkətləri, qeyri-adi yaşayış tərzi ilə qazandı.
 
- O, heç bir qanuna tabe olmadı. Qalstuk verdilər, onu taxmadı. Saçını kəsdir dedilər o,  uzatdı. Gözün müşayiətçidə, oxuyanda olsun dedilər, heç kimə baxmır, öz istədiyi kimi müşayiət edirdi. Ona deyirdilər ki, adamlar arasında nəyi demək olar, nəyi olmaz sən bunları bilməlisən. Amma o, heç birinə əməl etmədi. Toylara gedirdi, öz istədiyi həyatı yaşayırdı. Öz istədiyi geyimi geyir, istədiyi adamlarla görüşür, istədiyi sözü danışırdı. Rəmişin dostları arasında təkcə sənət adamları yox idi. Onun dostları arasında oğru aləminin adamları yer alırdı.  Rəmişin həbsxanalarda da böyük nüfuzu vardı. Bu insan hər kəslə oturub-durmağı bacarırdı. “Mən məşhuram, tanınmış adamam” deyib gedib qapalı həyat tərzi keçirmirdi. Rəmişi hər zaman cəmiyyət içində görmək mümkün idi. Çayxanada, meyxanada, kafedə, restoranda, sadə adamların içində. Məsələn, maşın düzəltdirən zaman gedib hansısa qarajda otura bilərdi. Həmin an istəsə, gitara da çala bilərdi. Ona görə də xalq onu həm də bu qeyri-adi xüsusiyyətləri üçün sevirdi. Baxdılar ki, sən demə sənətçi belə də olar. Tanınmış, məşhur insan belə də ola bilərmiş. Onun üçün heç bir qadağa yox idi. O, həyatının böyük hissəsini sovet dövründə yaşasa da, inandırım sizi, əslində heç vaxt sovet adamı olmadı. Onun Azərbaycanın hər yerində dostları var idi. Hər kəs onu məclisinin yuxarı başında görmək istəyirdi. Elə onun yeri də ora idi.
 
Baxmayaraq ki, SSRİ xalq artisti Zeynəb Xanlarovanın ansamblında çıxış edirdi, amma əməkdar artist adını almaq ona 64 yaşında qismət olur. Niyə bu qədər gec? Sovet vaxtı niyə onun sənətinə qiymət verilməyib? Şair dostu bunun da səbəbini açıqlayır bizə.
 
- Sovet dövründə dövlətin münasibəti yaxşı ola bilməzdi. Çünki o, baxmayaraq ki, sizin dediyiniz kimi müxtəlif ansambllarda da ifa edib, efirə çıxıb, amma heç bir dövlət orkestrində-filarmoniya və yaxud opera-balet deyək, onların heç birində çalışmayıb. Yəni o,  ömründə maaş cədvəlinə imza çəkib 1 manat pul almayan adam idi.  Aşıq adam idi. Sazın çalırdı, harda gəlirdi maşını saxlayırdı, maşın harada benzini qurtarsa orda düşürdü. Orda ocaq qalıyırdı, qalırdı. Bu adam maşında gəzmiş, 4 təkər üstündə həyatın sürmüş bir adamdır. Yəni o vaxtın qanunlarına görə musiqiçi hardasa işləməli idi - hansısa bir ansamblda . Ansamblın rəhbərliyi ilə mədəniyyət nazirliyinə məktub göndərməliydi, məktub nəticəsində ona hansısa bir fəxri ad verilə bilərdi. Rəmiş  isə heç bir ansamblda, heç bir dövlət işində çalışmayıb. Ona görə Sovet hökuməti vaxtında baxmayaraq ki, çox sevilirdi, aydın məsələdir ki, ona ad verilməyəcəkdi. Amma Azərbaycan müstəqil olandan sonra artıq Rəmişə ad verilməli idi. Bununla bağlı mən dəfələrlə məktub yazmışdım onun adından, dəfələrlə müraciətlər etmişdim ki, ona ad verilsin. Lakin təəssüflər olsun ki, məktublar elə göndərildiyi ünvanda da itib-batdı. Kino-rejissor Vaqif Mustafayev mədəniyyət nazirliyi müavini olanda mənim xahişimlə onu qəbul elədi və söz verdi ki, əlindən gələni edəcək. Amma yenə alınmadı, yenə ona ad vermədilər. Bu ipə-sapa yatmayan adamı məmurlar da sevmirdilər. Bu səbəbdən də onun adını təqdim etmirdilər.
 
Həmkarımız deyir ki, xeyli çətinlikdən sonra konsert vermək də qismət olur Rəmişə.
 
- 2000-ci ilin əvvəllərində Azərbaycanda unikal bir layihə oldu- Aşıq Ədalətlə Rəmişin birgə konserti. Bu konsertin ideya müəllifi mən idim,  mənim təşəbbüsümlə baş tutdu. Amma çox təəssüf olsun ki, bu konsertə də mane oldular. Konsert əslində olmalıydı indi ki, Heydər Əliyev sarayında, danışılmışdı hər şey. Amma sonra Rəmişin qəzetdəki mədəniyyət nazirinin əleyhinə olan açıqlamasına görə, sarayın direktoru konserti ləğv etdi və biz məcbur qalıb konserti Şəhriyar adına Mədəniyyət Sarayında etdik. İndi sevinirəm ki, heç olmasa o konsert baş tutdu. Aşıq Ədalətlə Rəmişin bu yeganə və bu qızıl fonda düşən bir konserti idi. Çox təəssüf olsun ki, onu heç bir kanal vermədi.
 
64 yaşında nəhayət ki, Rəmişə “Əməkdar artist” adı verilir. Çox gec idi bu ad veriləndə. 70 yaşında da “Xalq artisti” adını alır. Bu adlar olmasa belə Rəmişin həyatında, sənət tarixində çox şeyi dəyişmir. Rəmiş onsuzda xalqın gözündə Xalq artisti idi. Xalq onu həmişə sevib, həmişə dəyərləndirirdi.
 
- Elə adamlar var ki, bütün titulları qazanıblar, amma xalqın sevgisini qazana bilməyiblər. Rəmiş əksinə, heç bir titulu olmasa belə xalqın sevgisini qazanmışdı, ona görə də onun bu qədər gec ad almağı əslində heç nəyi dəyişmirdi.  Onsuz da özü demişkən, Rəmiş elə, Rəmişdir . Onun haqqında son zamanlar tez-tez şayiələr yayılmağa başlamışdı. "Rəmiş dünyasını dəyişdi". Mən ona zəng vururdum ki, bəs "Nə var nə yox, sənətkar?"  Deyirdim ki, "yenə xəbər yayılıb". Deyirdi ki, " Nə qədər ki, gitara var, mənə ölüm yoxdu, narahat olma". Doğurdan da Azərbaycan sənəti var, mədəniyyəti var, nə qədər ki, gitara var, Rəmiş öz adın Azərbaycanda gitaranın varisi kimi yazdıra bildiyinə görə, ona ölüm olmayacaq.
 
Şair Qulu Ağsəs deyir ki, Rəmişin sənətinin varisləri var. Baxmayaraq ki, o heç vaxt müəllimlik etməyib...
 
- Sənət əslində bir estafetdir, biz onu kimdənsə alırıq və kiməsə ötürürük. Rəmiş də bu sənəti kimdənsə götürmüşdü və kiməsə ötürür. O, heç kəsə dərs deməyib, ömründə bir saat müəllimlik etməyib, amma Rəmişin yolunu gitarada davam etdirənlər çoxdu. Yaxşı olar ki, onlar özləri etiraf eləsinlər ki, “bəli, biz Rəmişin varisləriyik, onun yolunun davamçılarıyıq”. Onu sənətçilərin özləri desə, daha yaxşı olar.

Aşıq Ədalət və Rəmişin konsertindən bir hissə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389658
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar