Arxeoloqlar hesab edirlər ki, onlar İsa Məsihin “cin legionunu donuza çevirdiyi” və donuzların dənizə atılıb boğulduğu yeri tapıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qazıntılar Qaliley gölünün şərq sahilində, qədim Kursi bağlarının yaxınlığında aparılıb.
Ekspedisiyanın rəhbəri, “Associates for Biblical Research” təşkilatından doktor Skott Striplinin sözlərinə görə, bu kəşfə onları İncil mətnlərindəki ipucları, ərazinin coğrafi xüsusiyyətləri və sualtı xarabalıqlar gətirib.
Matta, Mark və Luka İncilində təsvir olunur ki, İsa qərb sahilindən qayıqla gölü keçərək şərqə yollanır və “legion” adlanan cinlər tərəfindən tutulmuş bir kişi ilə qarşılaşır. Müqəddəs Kitabda həmin yerin yaxınlığında qayalar, məzarlar və donuzların dənizə atıldığı dik bir yamacın olduğu qeyd olunur. Kursi bölgəsini əhatə edən landşaft da məhz bu təsvirə tam uyğun gəlir.
Kəşfin əsasını qismən su altında qalmış Roma dövrünə aid liman təşkil edir. Onun yaxınlığında arxeoloqlar qədim canlı balıq saxlamaq üçün istifadə olunan nəhəng daş hovuz – “akvarium” aşkar ediblər. 1985-ci ilə aid arxeoloji hesabatlarda bu limanın adı çəkildiyindən, tədqiqat qrupu 2023-cü ildə yenidən həmin əraziyə qayıdıb.
Tədqiqatçılar suya enərkən iki körpü kimi düzülmüş nəhəng daş blokları görüblər – bu, qədim limanlara xas memarlıq üslubudur. “Biz onu görməzdən əvvəl daşları hiss etdik. Bu, həqiqi Roma dövrü limanı idi,” – deyə Striplin bildirib.
Tapılan liman İncil marşrutu ilə tam uyğun gəlir: İsa Kapernaumdan ayrılıb gölün şərq sahilinə – qayalar və məzarlarla tanınan yerə gəlir. Limandan cəmi bir neçə yüz metr aralıda donuzların dənizə atıla biləcəyi bir uçurum mövcuddur.
Hazırda qədim liman su altında gizlənib, lakin tədqiqatçılar deyirlər ki, bu kəşf “İsanın möcüzəsini əfsanədən çıxarıb, onu dünya xəritəsinə qaytarır.”