Əvvəl soyuq, sərt görünsə də, söhbət əsnasında həm şən, həm kövrək, həm güclü bir qadını gördüm. Bu günlərdə 52 yaşını qeyd etsə də, əsla yaşını göstərmir. Öz dediyi kimi qadının 3 yaşı var - başqalarının gördüyü, özünün hiss etdiyi, şəxsiyyət vəsiqəsində yazılan. O hələ yaşının və ruhunun baharını yaşayanlardandır. Teatrda müxtəlif tamaşalarda Tomiris, Banı, İblis, Tolqonay, Gülcahan, Gülsabah kimi yüzlərlə maraqlı rola həyat verib, 22 filmə, 10-dan çox seriala çəkilib. Hər dəfə fərqli bir obraz və nəfəslə qarşımıza çıxmağı bacarıb.
Lent.az-ın müsahibi Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətovadır.
- Hüsniyyə xanım, çox zərif görünürsünüz. Belə formada qalmağın sirri varmı?
- Yox heç bir sirri yoxdur. Genetikdir. Mən hətta bir neçə kilo almaq istəyərdim, amma olmur.
- İyunun 1-də ad gününüzü qeyd etdiniz. Yeni yaşda özünüzü necə hiss edirsiniz?
- Daha hüzurlu, daha sakit. Mən əslində sakit insanam. Sadəcə ətrafımdakılar şən Hüsniyyəni görməyə adət ediblər. Hərdən sakit dayananda soruşurlar ki, sənə nə olub? 50-ci yaşlarda daha müdrik, daha azad ruhlu, daha sakit olursan. Və ətrafındakı insanları daha çox seçməyə başlayırsan. Baxmayaraq ki, ruhum özünü hələ 20 yaşlarında hiss edir.
- Gənclərlə rahat dil tapa bilirsiniz? Məsələn oğlunuzla?
- Hə çox asan. Gənclər məni sevirlər. Dost kimi davrana bilirik. Oğlumla da dostam. Demək olar ki, hər mövzuda danışa bilirik.
- Deyəsən heç bir estetik əməliyyat etdirməmisiniz?
- Yox. Aktrisanın üzündə estetik əməliyyatlar olmasa yaxşıdır. Həm də təbiiliyi sevirəm. Qadın baxımlı olmalıdır. Amma həddini aşmamaqla. Mən indiki qızlara baxıram, oğlanlara yazığım gəlir. Onlar necə qız seçəcəklər? Bu dolğular, gənc yaşda üz gərdirmələr... Yəqin ki, nə zamansa öz fəsadını göstərəcək. Qızlar niyə özlərinə bunu rəva görürlər, anlamıram.
- Hüsniyyə xanım, bu günə qədər verdiyiniz müsahibələrə baxanda hiss edirəm ki, sanki müəyyən sədd var, onu keçməyə heç kimə icazə vermirsiniz. Özünüzə gördüyünüz o qəfəsdə çıxmaq və ora kimisə almaq olmaz?
- Düzgün müşahidədir. Əslində çox azad bir insanam. Çox. Sadəcə özümə qoyduğum qadağalarım var. Mənə kimsə nəyisə “etmə” desə, inadına edəcəyəm.
- İnadkarsınız...
- Həm də çox. Mən elə bir yaşdayam ki, öz qərarlarımı özüm verə bilərəm, ağlım yetir, kimsə niyə qadağalar qoymalıdır ki? Özümə qarşı çox qısqancam. Məsələn, bir kişinin xoş olmayan bir tərzdə mənə baxdığını hiss etsəm, dalaşa da bilərəm.
- Davakarlığınız da var?
- Hə var. Yeri gələndə dava da var. Əslində çox utancaq, sakit biri idim. Həyat məcbur edir ki, sən güclü olasan, güclü görünəsən. Yoxsa səni yeyərlər. Yeri gələndə çox sərt oluram. Çox sərt və çox ciddi. Gülümsəməyimə aldanmaq olmaz.
- Belə çıxır ki, güclü görünməyi oynayırsınız. Bu sizin həyatda oynadığınız tək roldur?
- Bəli. Mən bunu oynayıram. Əslində də güclüyəm. Amma hər adama hər bir zəifliyini, yumşaq xarakterini göstərə, hamıyla eyni ola bilməzsən.
- Həmkarlarınız deyirlər ki, ən yaxşı qışqıran aktrisa sizsiniz. Bu mənada deyirlər?
- Yox (gülür). Bilirsiniz ki, illərdir dublyajda işləyirəm. Dublyajda mikrofonla işləmək asan deyil. Məsələn sən qışqırmalısansa mikrofonla çox ehtiyatlı olmalısan. Həm qışqırmalısan, həm də qışqırmamalısan. Bu peşəkarlıq istəyir. Ona görə “ən yaxşı qışqıran aktrisa Hüsniyyədir” deyirlər.
- Teatr və kino yaradıcılığınızla yanaşı həm də, bədii qiraət ustasısınız. Bu sizə əlavə qazanc verir? El şənliklərinə qatılırsınız?
- Yox. Getmirəm və heç bir əlavə qazanc vermir.
- Prezident mükafatı almısınız?
- Bizim teatrdan heç kim bu mükafatı almayıb. Ümid edirəm yada düşərik.
- Bələdiyyə teatrı illərdir dövlət teatrı statusu alsa da öz binası, səhnəsi yoxdur. Bu teatrdan uzaqlaşmaq istəyiniz olub?
- Xeyr. Heç vaxt. Nə qədər maraqlı təklif gəlsə də, istəmərəm. Bura mənim doğma ocağımdır.
- Sənət yolunuz Sumqayıt Dövlət Teatrından başlayıb. Və maraqlısı budur ki, siz orda işə 17 yaşınızda, orta məktəbi qurtaran kimi işə başlamısınız? Bu necə oldu?
- Əslində çox uzun bir hekayəsi var. Qısaca deyim ki, bir xanımın köməyi ilə mən teatra gəldim və həmin il Rafiq Səməndərin “Dərs” tamaşasında məktəbli qız Sevda rolunu oynadım. Bu tamaşa çox uğurlu oldu, bir günə şöhrətləndim desəm yeri var. Bu tamaşa ilə çox rayonlarda, məktəblərdə qastrollarda olduq, sevildim. Teatrda işləyə-işləyə Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhsil almağa başladım. Uzun müddət Sumqayıt Teatrında işlədikdən sonra Bələdiyyə Teatrına keçdim. Amma bir neçə teatrdan dəvət almışdım.
- Bəs niyə məhz buranı seçdiniz?
- Böyük sənətkarımız Amaliya Pənahovaya olan məhəbbətim və onun mənə olan böyük diqqətinə görə. Amaliya xanım dedi ki, sənə hər şəraiti yaradacam. Dedi də, etdi də. Amaliya Pənahova məni çox gözəl qarşılamışdı. Bakı Bələdiyyə Teatrında ilk rolum Tomiris olub. Amaliya xanım dedi, Tomirisi Hüsniyyə oynayacaq. Hətta öz kostyumunu mənə vermişdi. Orda hər kəs təəccüblənmişdi ki, Amaliya xanım öz kostyumunu heç kimə vermir. Amaliya xanım hər sözü məktəb olan sənətkar idi. Ondan çox şey öyrəndim. Aktyora dəyər verməyi bacaran sənətkar idi. Mən özümü şanslı aktrisa hesab edirəm. Allaha çox şükür edirəm.
- Bu günə qədər həyatdan aldığınız ən ağır zərbə nə olub?
- Atamı itirməyim. Onun dəfninə gəlib çata bilmədim deyə özümü bağışlaya bilmədim.
- Hardaydınız ki?
- Şuşa işğaldan azad edildikdən sonra orda keçirilən ilk dövlət tədbirinə getmişdik. Tədbirdə bizim Bələdiyyə Teatrlarının aktyorları iştirak etməliydi. Yol boyu ürəyimə elə bir kədər çökmüşdü, anlamırdım niyə. Hətta avtobusda iş yoldaşlarım da soruşurdular. Deyirdim yəqin xaraba qoyulmuş torpaqlarımızı, orda can vermiş şəhidlərimizi düşünüb belə oluram. Heç demə həmin an Bakıda atamı maşın vurubmuş. Bilmirdim. Evdən də mənə deməyiblər. Bir uzaq qohumum zəng vurub dedi ki, atanı maşın vurub, reanimasiyadadır. Təsəvvür edin, mən nə hala qaldım. Oradakı hər kəsin günü də mənə görə bərbad oldu. Heç cür geri qayıtmaq alınmırdı. O zaman gediş-gəliş daha çətin idi. Səhnəyə çıxmalıyam. Ürəyim Bakıda qalıb. Atamın vəfat etdiyini bilib çox üzülməyim deyə heç kim bunu mənə demirdi. Evdən də, işdən də. Hamı mənim üçün narahat idi. Gəlib hamımızın telefonlarını yığışdırmışdılar. Xəbəri eşidib halım pis olmasın deyə. Qayğıma qalırdılar. Elə bildim prosedur budur. Heç dəmə özləri belə ediblər ki, mən şübhələnməyim, xəbərləri görməyim, eşitməyim. Səhnəyə çıxdım. Rolumu ifa etdim. Sonralar mənə deyirdilər ki, bu böyük peşəkarlıq tələb edir, sən pis xəbər alasan, amma səhnədən zəfərlə bağlı üzündə təbəssüm şeirlər deyəsən. Mən Şuşadan dönənə qədər atam artıq dəfn olunmuşdu (ağlayır). Yol gələ-gələ o soyuq havada pəncərəni o qədər açıq qoymuşdum ki, möhkəm xəstələndim. İlk cümə axşamından sonra yas məclisində iştirak edə bilmədim. Xəstəxanada qaldım uzun müddət.
- Həyat yoldaşınızdan ayrılmısınız. Bunu da zərbə hesab edirsiniz?
- Yox. Özüm ayrıldım.
- Xəyanət idi məsələ?
- Xəyanət deyildi. Xəyanətə görə ayrılmazlar. Kişi gəzər də. Mən bilməyim yetər. Kişi ilə qadının fərqi bundadır. Qadın etməməlidir. İnsan cismi ilə deyil beyni ilə düşüncələri ilə xəyanət edir. O qədər kişilər var, arvadının yanındadır amma fikrində, düşüncəsində başqası ilə. Cismən etmir, ruhən xəyanət edir. Ən ağır xəyanət budur. O sənin deyil. Nə səbəb oldu deməyəcəm. O yaxşı insan idi. Amma belə alındı.
- Ruhən yanınızda olub?
- Bəli. Hətta ayrıldıqdan sonra da. O çox gözəl insan idi. Heç kimə heç nə eləmədi. Nə elədi, özünə elədi.
- Oğlunuza görə münasibətləri qoruya bildiniz barı?
- Hə. Ailə qurdu, ondan da ayrıldı. Rejissor idi. Qayınatamla çox yaxşı münasibətlərimiz qalır. Qayınatam da aktyordur. Görürsünüzmü hələ də ona qayınatam deyirəm.
- Gəncsiniz, gözəlsiniz. Yenidən ailə qurmağı düşünürsünüz?
- (Fikrə gedir). Yəni elə bir insan varmı ki, mən onunla ailə qurum? Hələ qarşıma çıxmayıb. Mənim yanımda olan məndən bir addım öndə olmalıdır. Mən ondan öyrənim, heyran olum. Onun yanında problem düşünməməliyəm. Nə maddi nə mənəvi. Daha o yaşda deyiləm ki, kiminsə yükünü, problemini çəkim. Söz yoxdur ki, hörmət, qayğı qarşılıqlı olmalıdır.
- Bu barədə oğlunuzla söhbətiniz olub?
- Əvvəllər bu barədə danışırdıq. İndi yox. O da ailə quracaq, öz yuvası olacaq. Yəqin o da istəməz ki, anası tək qalsın.
- Özünüzə özünüz kimi gəlin arzulayırsınız?
- Yox( gülür). Mənim gəlinim sakit olsun. Məni sevsin. Məni sevsə oğlumu ona qısqanmaram. Mən oğlumu da çox qısqanıram. Yerə göyə. Türkiyədə oxumağa gedəndən sonra bir az bir-birimizdən aralanmağı bacardıq. Yoxsa dəqiqə başı haradasan deyib zəng edirdim. Yaxşı ki qızım olmayıb. Lap çox qısqanardım onu. Amma hər ananın bir qızı olmalıdır.