Türkiyədə XIV Opera Günləri başlayıb
24 iyun 2011 14:07 (UTC +04:00)

Türkiyədə XIV Opera Günləri başlayıb

Lent.az-ın məlumatına görə, builki festival görkəmli tatar şairi Abdulla Tukayın anadan olmasının 125-ci ildönümünə həsr olunub. Opera bayramının Mersin Dövlət Opera və Balet Teatrında keçirilən açılış mərasimində TÜRKSOY-un baş direktoru Düsen Kaseinov çıxış edərək bildirib ki, bu sənət festivalı təşkilatın türk dünyası ölkələri arasında mədəniyyət əlaqələrinin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm layihələrdən biridir.


Rusiya Federasiyası Başqırdıstan Respublikasının mədəniyyət naziri Aksar Abdrazakov da TÜRKSOY Opera Günlərinin türkdilli toplumlar arasında əməkdaşlığın və türk dünyası mədəniyyətinin dünyada təbliği sahəsində mühüm hadisə olduğunu deyib. Sonra Qazaxıstandan gəlmiş maestro Nurjan Baibussinovun dirijorluğu ilə Mersin Opera və Balet Teatrı orkestrinin müşayiət etdiyi opera müğənnilərinin ifasında ariyalar səslənib.


Azərbaycandan İlahə Əfəndiyeva, Qazaxıstandan Dinara Dyumaqambetova, Qırğızıstandan Elnura Samarbekova, Başqırdıstandan Artur Kaupkulov, Moldovadan Qalina Vlad və digər müğənnilər dünya klassiklərinin əsərlərini ifa ediblər.


XIV Opera Günlərinin ikinci mərhələsi Şimali Kiprdəki tarixi Girne Qalasında, yekun konserti isə İstanbulun Kadıköy rayonundakı Sürəyya Opera Teatrında olacaq.

Xəyalə
# 601

Oxşar yazılar