Şəkidə Zəfər Günü ilə bağlı tədbir keçirilib -  FOTOLENT
07 noyabr 2025 17:47 (UTC +04:00)

Şəkidə Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTOLENT

0

Noyabrın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Lent.az-ın xəbərinə görə, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin Elxan Usubov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, hərbiçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəki Dövlət Dram Teatrında tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Reyhan Qarayeva, Vətən müharibəsi qazisi Taleh Urfansoy çıxış ediblər.

Çıxışlarda bildirilib ki, şanlı tariximiz olan Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən 5 il ötür. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən bu müharibə 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnmişdir. Qazandığımız bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, xalq-dövlət-ordu birliyinin nəticəsidir. 

Vurğulanıb ki, əsgər və zabitlərimizin bu müharibədə göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığımız möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə və rayonumuzda mühüm işlər görülüb. Hazırda Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı uğurla icra edilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı layihələr həyata keçirilir, əhalinin öz doğma yurdlarına qaytarılması istiqamətində tədbirlər görülür.       

Tədbirdə "Urfansoy Film" komandasının istehsalı olan "Xüsusi təyinatlı bəbir" bədii-sənədli filmi təqdim olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə lentə alınan film Daxili Qoşunların şəxsi heyətinin və şəhid Sənan Ələsgərzadənin şücaətindən bəhs edir.

Tədbirdə “Xüsusi təyinatlı bəbir” filminin çəkilişlərində göstərdikləri dəstəyə görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Tədbirdən sonra Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, idarə və müəssisələrin kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar