Flora Xəlilzadə: ““Yazdıqlarım” yeddi cilddə olacaq” - FOTO
15 aprel 2011 18:39 (UTC +04:00)

Flora Xəlilzadə: ““Yazdıqlarım” yeddi cilddə olacaq” - FOTO

Bu fikirlər onun yenicə çapdan çıxmış “Yazdıqlarım” kitabının sonluğunda yazılıb. Bilərəkdən kitabın son kəlməsini kitab haqqında yazımın ilk kəlməsi kimi seçdim. Oxumağı öyrənəndən Flora Xəlilzadənin mətbuatda çap olunmuş məqalələrini, şeirlərini, hekayələrini, janrından asılı olmayaraq, ürək qoyduğu qələminin məhsullarını oxumuşam.

İndi qarşımda onun indiyə qədər yazdıqlarını toplum halına salıb yenicə çap etdirdiyi “Yazdıqlarım” adlı kitabı durur.

“Nədən yarandı bu zərurət, niyə kitab çap etdirmək istədiniz” sualına Flora Xəlilzadənin kitabının girişində cavab tapdım: “Kitabın kitabının bağlandığı bir zamanda mənim bu həvəsə düşməyim söz adamı olmağımdan irəli gəlir. Son on ildə yazdıqlarımı seçmələr edərək yeddi cildliyimi çapa hazırlamaqda bir məqsədim oldu. Ömrümü-günümü bağladığım bu söz adlı varidatım batmasın. Eləcə qəzet səhifələrində saralıb-solmasın”.

“Yazdıqlarım” həmin yeddi cilddən birincisidir. Söz, ədəbiyyat adamlarına həsr edib. Birinci cild “Ədəbiyyat-əbədiyyət” adı ilə başlayır. Dediyinə görə, bu silsilədən ikinci cild “Mədəniyyət-mənəviyyat” adı ilə səciyyələnəcək. Bu minvalla, yeddi cildin hamısında sözlər bir-birini tamamlayacaq.

Sözə bu qədər həssas yanaşma yalnız onunla işləyənin, çörək pulu qazananın deyil, onu sevənin tərzidir. “Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir” - deyir müəllif.

Birinci cilddə doqquz bölüm var, hər biri söz kəlməsi ilə başlayır. “Sözün və zamanın ucalığında” bölümündə ana dilimizlə bağlı müxtəlif illərdə yazdığı məqalələr toplanıb.

“Yazıçılar birliyi və bölgələrin söz mühiti” bölümündə AYB-nin bölgə filialları, onların fəaliyyətindən söz açır.

“Söz şimşəkləri” ədəbiyyatda iz qoyub gedənlərdən bəhs edir. Bir sözlə, ümumilikdə bu kitab bir söz deyir - Peşəkarlıq. Onu yalnız oxuduqca duymaq olar.

Flora xanım kitabın girişində Koroğludan bir sitat gətirib və bu ifadəni çox sevdiyini deyir. “Min il köhlən atı çapdım beləcə, amma bir yabıca mənzil qət etmədim”.

İndiyə qədər məqalələrinin, neçə-neçə şer və hekayələrin, kitabların müəllifində bu pessimizm hardandır?

Həmişə “doğru sözün əlindən yapışan”, “Bütün kəlmələrinə ürəyinin odunu sıxan”, sözün qüdrətindən bəhrələnən və bəhrə verən qələm sahibinin “Yazdıqlarım” silsiləsindən ilk cildə xalq yazıçısı Anar giriş sözü yazıb və deyir ki, Flora xanım ədəbiyyata umacaqsız gəldiyi üçün yazdıqları sevilir.

Qalan altı cildi də bizlərə təqdim edə bilməsi üçün, bu məsuliyyət yükünü övladlarının boynuna qoymaması üçün ona can sağlığı, uğurlar, bir də səbr arzulayırıq.

Ramilə Qurbanlı
# 660

Oxşar yazılar