Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun İnçə kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes E220” markalı minik avtomobili ilə "Chevrolet Cruize" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Mercedes"in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 22 yaşlı Abdulrəhimov Sevindir Yamən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.