(R) Amerikanları riqqətə gətirən “Azərbaycan ritmləri” - FOTO
15 aprel 2011 16:59 (UTC +04:00)

(R) Amerikanları riqqətə gətirən “Azərbaycan ritmləri” - FOTO

...İlıq mart axşamı, Vaşinqtondakı Kolumbiya dairəsi və bu şəhərdəki ən populyar mədəniyyət mərkəzi – Linkoln teatrı. 100 ilə yaxındır dünyanın müxtəlif ölkələrindən sənətçiləri qəbul edən bu teatrda kimlər çıxış etməyib ki? Burada həm estrada, həm caz, blyuz və biq-bend janrında musiqilər səslənib. Amma bu siyahıda indiyə qədər Azərbaycan nağarasının ritmləri olmamışdı...

Bu ilin 25 mart axşamı Linkoln teatrında “Azərbaycan ritmləri” adlı konsertə gələnlər buradan tamamilə yeni təəssüratlarla ayrıldılar. Çünki səhnədə onları Azərbaycanın tanınmış qrupları – “Natiq” Ritm qrupu və “Rast”ın üzvləri qarşılamışdı.

Ən təsirli sözü Azərbaycan musiqisi dedi

Bu mərasimdə çıxış edənlər, təbrik səsləndirənlər də oldu. Konsertdən öncə Vaşinqton şəhər bələdiyyəsinin başçısı Kvame Braun və ABŞ-ın təhsil naziri Arne Dunkanın təbrik məktubları oxundu. Qarabağ Fondunun təşkil etdiyi konsertdə Merilend ştatı, Montqomeri dairəsi, Aleksandriya şəhər bələdiyyəsi və Arlinqton dairəsi üzrə nümayəndələr də iştirak edirdilər. Yerli elitanın toplaşdığı bu konsertdə Azərbaycandan da nüfuzlu qonaqlar - Milli Məclisin deputatları, mətbuat təmsilçiləri iştirak ediblər. Amma həmin axşam ən təsirli sözü Azərbaycan musiqisi dedi. Bütün millətlərin ümumi danışıq dili hesab edilən musiqi bu dəfə də Azərbaycanın Amerikaya tanıdılması üçün xidmət göstərdi.

“Azərcell Telekom” MMC-nin dəstəyi ilə baş tutan bu konsertdə Azərbaycanın milli musiqi aləti - nağaranın səsini Amerikaya çatdıran “Natiq” ritm qrupu sözün əsl mənasında dinləyiciləri valeh etmişdi. Əməkdar artist Natiq Şirinovun rəhbərliyi altından çıxış edən qrup üzvləri o axşam Linkoln teatrında ən məşhur kompozisiyalarını səsləndirdilər. Qrupun çıxışı ifaçıların misilsiz enerjisi, dəqiqliyi və elastikliyi ilə yadda qaldı. Daha sonra isə "Rast" qrupu səhnəyə çıxaraq qonaqlara Şərq üslubunda caz, xalq mahnılarımızın caz improvizasiyalarını səsləndirdi. Bir sözlə, “Azərbaycan irsi həftəsi” çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim edildi.

Asim MOLLAZADƏ: “Siyasi danışıqları da musiqi dilində danışmaq lazımdır”

Tədbirdə iştirak edən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyir ki, siyasi danışıqlar zamanı mədəniyyətin dilində danışdıqda daha böyük uğurlar qazanmaq olar. Bu baxımdan, Amerikada təşkil olunan tədbirlərin böyük önəmi var: “Azərbaycan dünyaya yalnız enerji təhlükəsizliyi məsələsində çıxmamalıdır, biz hər kəsə zəngin mədəniyyətimizi də nümayiş etdirməliyik. Linkoln teatrında da bu baş verdi – Azərbaycan cazının, rəngarəng mədəniyyətinin nümayişi çox böyük uğurla keçdi”.

Amerika-Azərbaycan Ticarət Palatası və Qarabağ Fondunun təşəbbüsü ilə baş tutan toplantılardan savayı, azərbaycanlı millət vəkillər həmçinin bir sıra Amerika universitetlərində çıxış ediblər: “Görüşlər zamanı Azərbaycanın islam və türk dünyası üçün böyük dəyərlərin daşıyıcısı və yaradıcısı olduğunu qeyd etdik. Xüsusilə vurğuladıq ki, Azərbaycan qədim tolerantlıq ənənələri, rəngarəng mədəniyyəti ilə zəngin ölkədir”.

Bu cür tədbirlərin davamının çox vacib olduğunu vurğulayan Asim Mollazadə hesab edir ki, bu işdə özəl şirkətlərin də böyük rolu böyükdür: “Mədəniyyətimizin tanıdılması, beynəlxalq mədəni əlaqələrin genişlənməsi işinə dəstək verilməsində özəl sektorun böyük potensialı ola bilər. Amma bu potensialdan tam gücü ilə istifadə edilmir. Azərbaycan fəaliyyət göstərən iri konsernlər, holdinqlər həm ölkə daxilində mədəniyyətin inkişafı, həm də onun dünyaya tanıdılmasına xalqımıza və dövlətimizə böyük dəstək göstərə bilər. Çox sevindirici haldır ki, bu sahədə artıq “Azərcell”in müsbət təcrübəsindən danışa bilərik”.

Rasim Musabəyov: “Şirkətlər vasitəsilə Azərbaycanı dünyaya daha düzgün tanıda bilərik”

Millət vəkili, politoloq Rasim Musabəyov da Amerikadakı mədəniyyət tədbirlərinə qatılıb. Onun sözlərinə görə, son zamanlar Azərbaycan deyəndə dünyanın istənilən yerində yaşayan insanların yadına neft amili düşürdü: “Bir qədər siyasəti bilənlər də dərhal Dağlıq Qarabağ amilini xatırlayırdılar. Halbuki, Azərbaycan heç də yalnız bu iki amilə bağlı ölkə deyil. Azərbaycan qədim tarixə, rəngarəng mədəniyyətə malik zəngin bir diyardır. Bu baxımdan, bizi düzgün təqdim etməyə böyük ehtiyac var”. Rasim Musabəyov hesab edir ki, hazırda inkişaf edən Azərbaycanda bu təqdimatı düzgün apara biləcək adamlar, qurumlar var. Deputat qeyd edir ki, özəl sahədə bu imkan daha böyükdür. Həm dövlət xətti ilə, həm də kifayət qədər inkişaf etmiş şirkətlər vasitəsilə bu işləri daha effektiv görmək olar. Millət vəkili “Azərcell”in dəstəyi ilə Amerikada “Azərbaycan irsi həftəsi” çərçivəsində keçirilən tədbirləri dediklərinin bariz nümunəsi sayır.

Ülviyyə Həsənzadə: “Azərbaycanın tanınmasına töhfə verən tədbirləri həmişə dəstəkləyirik”

Qeyd etdiyimiz kimi, bu tədbirlərin baş tutmasına Azərbaycanın telekommunikasiya sahəsinin öncülü olan “Azərcell Telekom” MMC dəstək verib. Şirkətin korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə deyir ki, onlar vaxtaşırı olaraq Azərbaycanın beynəlxalq aləmdə təşviqinə xidmət edən layihələrə qol qoyur, bu cür tədbirlərin reallaşmasına yadım edirlər. Bu qəbildən təbirlər sırasında xanım Həsənzadə “ITU Telecom World” Forumu çərçivəsində qonaqlar üçün təşkil edilən “Azərbaycan gecələri”ni misal çəkir: “Həmin tədbirdə qonaqlara milli musiqimizi dinləmək, mətbəximizin nümunələri ilə tanış olmaq imkanı verilmişdi. O mərasimdə də sübut olundu ki, dünyanın istənilən yerindən olan insanlarla musiqi dilində daha yaxşı dil tapmaq olur. Bu baxımdan, ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun təşəbbüsü bizi maraqlandırdı. Tədbirin həm mahiyyəti, həm də iştirakçıları baxımından Azərbaycanın tanıdılmasına töhfə verəcəyini gördük. Ona görə də bu təşəbbüsə qoşulmağa razılıq verdik”.

Ülviyyə xanım xatırlatdı ki, həmçinin də mart ayında “Azərcell” Vaşinqtonda “Azərbaycan ritmləri” konserti ilə yanaşı, daha bir tədbirin baş tutmasına köməklik göstərib. Belə ki, martın 21-də Rokvilldə yerləşən tarixi qəsrlərdən birində bayram şənliyi təşkil olunub. Burada həm azərbaycanlı, həm də amerikalı qonaqlar həm Azərbaycan sənətçilərinin çıxışlarını izləyiblər, həm də bayramı birlikdə Azərbaycan adət-ənənələri ilə qeyd ediblər. Belə ki, şənlik iştirakçıları çay süfrəsi arxasında şəkərbura-paxlava və digər şirniyyatların dadına baxıblar. Sonra da ocaq üstündən tullanıb birlikdə yeni ili qarşılayıblar.

Ü.Həsənzadə deyir ki, “Azərcell”in məqsədi Azərbaycanın dünyaya tanıdılmasına işində bacardığı qədər yardım etməkdən ibarətdir: “Çünki məhz Azərbaycanın sənətçilərinin iştirakı ilə bu cür tədbirlərin təşkili əslində ölkəmizin daha geniş dairələrdə tanınmasına xidmət edir”. Digər tərəfdən, “Azərcell”in bu layihələrdə iştirakı həm də bir nümunə olmaq məqsədi daşıyır: “Göstərmək istəyirik ki, heç də hər işi dövlətin görməsini gözləmək lazım deyil. Məhz bu sahədə - Azərbaycanın hər kəsə tanıdılması işində özəl qurumların xidməti böyük ola bilər”.

“Azərcell” təmsilçisi qürurla qeyd edir ki, şirkət Azərbaycan mədəniyyətinin, zəngin tarixə malik adət-ənənələrinin paylaşması sahəsində fəaliyyətini davam etdirmək niyyətindədir.
# 732

Oxşar yazılar