Azərbaycanlı sənətçi Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin edilib - FOTO
31 yanvar 2011 15:19 (UTC +04:00)

Azərbaycanlı sənətçi Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin edilib - FOTO

Bu barədə Lent.az-a Azərbaycanın Macarıstandakı səfirliyindən bildiriblər.

Məlumata görə, Eldar Əliyev 2010-cu ildə Budapeşt Opera və Balet Teatrına balet üzrə bədii məsləhətçi vəzifəsinə dəvət edilib. Yanvarın sonunda isə Macarıstanın mədəniyyət dairələrinin təklifi ilə yaxın beş il ərzində teatrın bədii rəhbəri vəzifəsi həmvətənimizə etibar edilib.

Qeyd edək ki, Eldar Əliyev 1957-ci ildə Bakıda doğulub. 1966-1975-ci illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil alıb. 1974-cü ildən Bakı Opera və Balet teatrında çalışmağa başlayıb. 1975-ci ildə Xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilən V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutub.

1979-1992-ci illərdə Leninqraddakı Kirov teatrının solisti olub. Burada “Don Kixot”, “Məhəbbət əfsanəsi”, “Korsar”, “Sonalar gölü” kimi klassik baletlərdə aparıcı partiyaları ifa edib. 1988-ci ildə Y.Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada, Böyük teatrın səhnəsində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baletində Fərhad obrazını canlandırıb. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış edib. 1991-1992-ci illərdə “Kirov teatrının və Böyük teatrın ulduzları” adlı 8 nəfərlik truppanın tərkibində ABŞ, Kanada və Meksikada 4 aylıq qastrol səfərində olub. 1992-ci ildə “İndianapolice Ballet Theatre”nin dəvəti ilə ABŞ-a köçüb. 1994-cü ildən “Ballet İnternasionale” adlanan həmin truppanın rəhbəridir.

1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınayıb, Fikrət Əmirovun “Min bir gecə” baletinə uğurlu quruluş verib. Onun Şəhriyar rolunda çıxış etdiyi balet ABŞ səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilib.

1996-2005-ci illər arasında Eldar Əliyevin rəhbərliyi ilə “Ballet İnternationale” 30-dan çox tamaşa hazırlayıb. O, məsləhətçi, xoreoqraf, baletmeyster kimi indiyə qədər Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma və s. teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib.

2007-ci ildə ABŞ-ın Boston Balet məktəbinin icraçı direktoru vəzifəsində çalışan Eldar Əliyev müxtəlif illərdə həm də dünyanın nüfuzlu balet müsabiqələrinin münsiflər heyətinə daxil edilib.
# 783

Oxşar yazılar