Yalçın Adıgözəlzadə: “Səhv etməyə haqqımız yoxdur” - MÜSAHİBƏ
25 dekabr 2009 22:30 (UTC +04:00)

Yalçın Adıgözəlzadə: “Səhv etməyə haqqımız yoxdur” - MÜSAHİBƏ

Azərbaycanın tanınmış bəstəkarı, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru Yalçın Adıgözəlovun Lent.az-a müsahibəsi

- Bilirəm ki, Musiqili Komediya teatrı artıq sizə yad deyil. Teatr
Tarixində son 20 ildə əməkdaşlığa dəvət alan ilk dirijorsunuz.


- Mənim əsas iş yerim Bakı Musiqi Akademiyasıdır. Bu teatra iki-üç ay əvvəl dəvət almışam. Teatrın direktoru Əliqismət Lalayev təklif etdi ki, burada bir tamaşa qoyaq. Açığı, bir az duşundum. Çox şey şəraitdən asılıdır. Hiss etdim ki, yeni rəhbərlik gəldikdən sonra yaradıcılıq imkanları dəyişib. Düzdür, problemlər də var. Məsələn, binanın təmirsiz olması şərtdir. Görürsünüz, restavrasiya işləri başlayıb .

Dəvəti qəbul etdim. Heç də heyfsilənmirəm. Çünki mənim operettada bir o qədər də təcrübəm yox idi. Lakin həmişə arzum vardı. Mən Vyanada təcrübə keçəndə, “Yarasa” tamaşasına bilet əldə etmək mümkün deyildi, biletlər bəlkə də bir il əvvəl satılırdı. Qismət elə gətirdi ki, 10 gün bundan əvvəl o tamaşanı “Üns” teatrında Moskvanın məşhur “Helikon” truppası ilə təqdim etdik. Burada isə “İddialı qaraçı”nı hazırlayırıq.

- Musiqili komediya teatrının tarixində klassik Avropa operettası ilk dəfə Azərbaycan dilində səhnəyə qoyulacaq. Bu sizin ideyanız idi? Siz ölkə xaricində təhsil almısınız, Sankt-Peterburqda və Vyanada musiqi biliklərinə yiyələnmisiniz, bu kimi faktorların quruluşa təsiri olub?

- Bütün dünyada belə bir qayda qəbul olunub - tamaşalar orijinal dildə təqdim olunmalıdır. İtalyan operaları italyan, fransız əsəri fransızca səhnələşdirilməlidir. Bəstəkar hansı dildə yazıbsa, o dildə də səhnələşdirilməlidir. Keçmiş SSRİ-nin vaxtında bütün operaları tərcümə edilirdilər. Məsələn, biz İstanbulda Borodinin “Knyaz İqor” operasını səhnəyə qoyduq, türklər dedilər ki, biz türkcə oxuyaq, dedim, elə şey yoxdur... Rusca oxudular və böyük uğur qazandıq.

- Bəs niyə Musiqili Komediya teatrının səhnəsində klassik Avropa əsəri Azərbaycan türkcəsinə tərcümə olundu?

- Çünki bura opera səhnəsi deyil. Bura operetta səhnəsidir. Burada mətn, aktyorların arasında dialoq var. Bir də Musiqili Komediya teatrının auditoriyasının əksəriyyəti azərbaycandillidir, klassik Avropa opera auditoriyasından fərqlənir. Auditoriya tamaşanı qavramalıdır. Misal üçün, biz Avropada muğamı olduğu kimi təqdim etdiyimiz halda, 15-20 dəqiqədən sonra dinləyici yorulur. Ona görə biz Niyazinin “Rast” simfonik muğamını, Vasif Adıgözəlovun “Qarabağ Şikəstəsi” oratoriyasını bu yaxında Londonda təqdim etdiyimiz zaman, ingilis orkestrlə bizim muğam ustalarımızın birgə ifası inanılmaz miksə çevrildi. Mənim fikrimcə, təbliğatın məhz bu şəkildə olması çox vacibdir.

- Maraqlı bir məqamı diqqətinizə çatdırım. Mədəniyyətlə bağlı xəbər lentlərində, televiziya verilişlərində orta nəsildən sizin, gənclərdən Eyyub Quliyevin və Sevil Hacıyevanın daha çox adı çəkilir. Adamda elə təəssürat yaranır ki, ən çox məhz bu üçlük fəaliyyət göstərir...

- ...Eyyub da, Sevil də mənim tələbələrimdir. Bunlar qürurverici xəbərlərdir. Siz təkcə dirijorlar arasında nəzərdə tutursunuz?

- Bəli, bu nəticəni nə ilə izah etmək olar, sənətə maraq azdır? Bəlkə dirijorluq eksklüziv sənətdir, maraq yoxdur...

- ...Həqiqətən də dirijorluq eksklüziv sənətdir. Biz Leninqrad konservatoriyasında oxuyanda hər il cəmi 4 nəfər qəbul olunurdu.

- Azlıq bu səbəbdəndir, yoxsa fəaliyyətdə olan dirijorlar ələkdən keçənlərdir?

- Fikir verin, musiqiçilər arasında “maestro” adıyla ancaq dirijora xitab olunur. Çox yüksək uğur qazanan bəstəkara “maestro” deyilir. Bəzən elə olur ki, orkestr çuxurunda yüz nəfərlik orkestr oturur. Böyük teatrlarda səhnədə 200 nəfər ifaçı olanda, olur haradasa 300 nəfərə yaxın truppa. Dirijor hamıdan bir az təcrübəli olub, bu kütləni idarə etməlidir, onun səhv etməyə haqqı yoxdur. Əvvəllər dirijorluq fakültəsinə qəbul olunmaq istəyən konservatoriyanı bitirməli idi. Məsələn, mən 11 illik musiqi məktəbindən sonra 5 il Bakıda fortepiano sinfini bitirmişəm, sonra 5 il Leninqradda dirijorluq oxumuşam, sonra da gedib iki il Vyanada ustad dərsləri keçmişəm. Yəni, əl-qol atmaqla deyil...

- Siz sənətin çətinliyindən və eyni zamanda tələbələrinizdən danışdınız. Hansı daha çətin gəlir? Belə çətin sənəti öyrətmək, tətbiq etmək, yoxsa idarə etmək, fəaliyyət göstərmək?

- İkisi də çətindir. Bu peşənin öz sirri var. Bəzən aylarla hazırlaşırıq, o uğuru əldə edə bilmirik. Bəzən solist birbaşa konsertə gəlir, məşq etmək imkanı olmur, amma çox uğurlu işbirliyi alınır, baxmayaraq ki, hazırlıqsız çıxmışdıq. Bəzən aura öz neqativ təsirini göstərir. Dayanırsan səhnədə, kürəyin deşilir, ağır energetika özünü büruzə verir. Bəzən də tam əksinə...

- Maraqlıdır… Energetika ilə işləmək bu sənətə xas xüsusiyyətdir, yoxsa təkcə Sizdə baş verir?

- Mən salonu o saat hiss edirəm. Orkestr üzvlərini də anlamaq vacibdir. Hərənin ailəsində bir problem ola bilər, biri yaxşı, biri pis əhval-ruhiyyə ilə işə gəlir. Gərək onlarla dil tapasan, eşidəsən. Amma deyəndə ki, canın çıxsın, çal, heç vaxt uğurlu nəticə verməyəcək... Çalsa da, o ifa insanın qəlbinə toxunmayacaq. Musiqiçi yalnız əlindən gələni etsə, onda uğur alına bilər.

- Uğursuz tələbələriniz var?

- Xeyr. Maşallah, hamısı işləyir. Eyyub beynəlxalq müsabiqələr laureatıdır. Fəxrəddin Atayev operettanın dirijorudur. Sevil operanın baş xormeystridir, o birilər də məktəblərdə işləyir. Peşəsindən imtina edən tələbəm yoxdur. Mənim özümçün onlarla işləmək maraqlıdır. Cavanlarla ünsiyyətdə olanda həmişə gənclik həyəcanını hiss edirsən, mənim üçün xoşdur.

- Qara Qarayev musiqisinin ölkə xaricində təbliği təkcə yubileylə bağlıdır, yoxsa Qarayev yaradıcılığına olan istəkdən irəli gəlir? Niyə məhz Qara Qarayev?

- Baxın, Üzeyir bəy bizim dahimizdir, atamızdır, hər şeyimizdir. Onun musiqimizə verdiyi töhfə hamıya bəllidir. Üzeyir bəyin musiqimizdə daha 3 davamçısı var - Qara Qarayev, Fikrət Əmirov, Niyazi... Qara Qarayev əvvəla, sevimli bəstəkarımdır, rəhmətlik atamın müəllimidir, gözümü açandan evdə onun adını, musiqisini eşitmişəm. 2008-də Qara Qarayevin 90 illiyi idi, bütün dünyada qeyd edilirdi. Mən keçən il onun əsərlərindən ibarət, fərqli orkestrlərlə on konsert verdim. Xarici orkestrlər ilə öz musiqimizi çaldıq - mənim fikrimcə, təbliğat budur.

- Bəs digər iki nəhəng musiqiçinin əsərlərini bu şəkildə səsləndirmək kimi ideyanız var, yoxsa onların da yubileyinə saxlayırsınız bunu?

- Fikrət Əmirovun yeganə kompakt diskini, 1992-ci ildə Çaykovski Simfonik Orkestri ilə yazmaq mənə qismət olub. “Maestro Niyazi” adlı disk də həmçinin... Siz narahat olmaya bilərsiniz, onlar tarixi yazdılar, yaşatmaq bizim borcumuzdur. Xaricdə çıxış edərkən elə bir konsert yadıma gəlmir ki, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlamayım. Bu kapriççionun adı ilə biz özümüzü duyururuq. Bizim fəxr etməli çox şeyimiz var.

Lalə Yusifqızı
# 1973

Oxşar yazılar