Oğurluq edən   məşhurlar: Yoxluqdan deyil, həyəcandan..
04 iyul 2022 19:42 (UTC +04:00)

Oğurluq edən məşhurlar: Yoxluqdan deyil, həyəcandan..

Dünya ulduzları karyeraları ilə yanaşı, şəxsi həyatları ilə də gündəmdə olurlar. Bəzən ekranda gördüyümüz tanınmışları sevir, yaxud onlara heyran oluruq . Amma onlar bizim düşündüyümüz qədər ideal insanlar deyil. Hətta bəziləri sözün əsl mənasında oğrudur. Kimisi alışqan, kimisi makiyaj ləvazimatları oğurlamaqla gündəmə gəlir. Ən pis tərəfi odur ki, onlar bu hərəkəti yoxluqdan deyil, həyatlarına həyəcan qatmaq üçün edirlər. 

Lent.az həmin məşhurları təqdim edir: 

Ceyk Qylenhaal 

Məşhur Hollivud ulduzu Ceyk Qylenhaal çoxlarının sevimlisidir. Filmlərdəki möhtəşəm aktyorluğu və real həyatdakı insanlığı ilə həmişə özündən söz etdirməyi bacarıb. Amma Ceyk də digər insanlar kimi qüsursuz deyil. O, bir dəfə Los-Anceles ticarət mərkəzində məşhur “Speedo” üzgüçülük brendinin geyimini oğurlayıb. 

Deyilənə görə, aktyor paltardəyişmə otağında üzgüçülük geyimini çıxarmadan oradan uzaqlaşmaq istəyib. Mağazanın həyəcan siqnalına məhəl qoymayan Ceyki mühafizəçilər saxlayıb. Bundan sonra Ceyk bu hərəkəti yaxın dostu ilə əylənmək istədiyi üçün etdiyini bildirib. Məsələ çox böyümədən və polisə ehtiyac olmadan tez bağlanıb. 

Meqan Foks 

Gözəlliyi ilə çoxlarını heyran edən Meqan Foks da oğurluq edən məşhurlar arasındadır. Aktrisa məşhur olmadan əvvəl mağazalardan makiyaj ləvazimatları oğurladığını etiraf edib. Həmin vaxtlar mağaza mühafizəçilərinin yaxaladığı aktrisa cəzlandırılıb. Onun “Walmart”a gəlməyi qadağan edilib. 

Lindsi Lohan

Aktrisa Lindsi Lohan mətbuatda həmişə gündəmdə olub. Amma təəssüf ki, karyerasına görə yox, daha çox qalmaqalları ilə. 2011-ci ildə Lohan Venesiyadakı zərgərlik mağazasından 2500 dollar dəyərində boyunbağı oğurladığı üçün mühakimə olunub.

“Los Angeles Times”ın məlumatına görə, daha sonra aktrisa bir neçə dəfə oğurladığı zinət əşyası ilə kamera qarşısına çıxıb. Lohan məhkəmədə özünü təqsirli bilməyib. Amma təbii ki, bu hakimin qərarına təsir etməyib və aktrisa 120 gün müddətində inzibati qaydada həbs olunub. 

Britni Spirs

Dünyaca məşhur müğənni Britni Spirsin gənc yaşında qazandığı şöhrət onun psixologiyasına ciddi təsir etmişdi. O, 2007-ci ildə “Hustler” mağazasında almaq istədiyi alt paltarını geyinib.  Mağaza satıcıları isə bunun mümkün olmadığını deyib. Bununla belə, Britnini heç kəs dayandıra bilməyib və öz paltarını çıxarıb, yenisini geyinib. Daha sonra müğənni həmin geyimin pulunu ödəyib. Amma bu dəfə də başqa bir şey oğurlayıb. O, manikenin parikini götürərək mağazadan uzaqlaşıb. Maraqlısı odur ki, satıcılar və mühafizəçilər müğənninin pariki necə oğurladığını görməyiblər. 

Təbii ki, bu müğənninin törətdiyi ilk belə hadisə deyil. Təxminən bundan bir il sonra pulunu ödəməyi unutduğu iddia olunan paltarı geyinərək mağazadan ayrılıb. Daha sonra yaxalanaraq paltarları geri qaytarıb. Həmin ildə başqa bir oğurluğu isə yanacaqdoldurma məntəqəsində edib. Bu dəfə alıcılardan birinin bahalı alışqanını götürüb. 

# 2256
avatar

Sevinc Fərid

Oxşar yazılar