Türkiyənin məşhur oriyental rəqqasəsi, dünən vəfat edən Tanyelinin həyatı, uşaqlıqdan etibarən çətinliklərlə dolu olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əsl adı Öznur Kral olan Tanyeli, 1972-ci ildə İzmir şəhərində anadan olub. Valideynləri əmiuşağı olan Tanyelinin ailəsi, o, iki yaşında ikən dağılıb və o, uşaqlıq illərini Uşaq Evinə keçirmək məcburiyyətində qalıb.
Baxımsızlıqdan Vərəm Xəstəliyi
Uşaq Evində baxımsızlıq səbəbindən beş yaşında vərəm xəstəliyinə tutulan Tanyeli, həmin dövrü belə xatırlayır:
"O illərdə xatırladığım tək şey, soyuq bir otaqda “acam” deyə ağlamağım idi".
Uşaq Yaşda Evlilik və Ana Olmaq
Tanyeli, 14 yaşında ikən ilk evliliyini edib və 15 yaşında Taylan adını verdiyi oğlunu dünyaya gətirib. Bu evlilik uzun sürməyib və 19 ay sonra boşanıblar.
İzmirdən İstanbula Uzanan Karyera
Rəqsə olan marağı ilə diqqət çəkən Tanyeli, İzmirdən İstanbula köçərək karyerasında yüksəlişə başlayıb. O, 17 yaşında ikən məşhur menecerlərlə tanış olub və Prenses Margaret üçün rəqs edən oriyental seçmələrinə qatılıb. Bu seçmələr onun həyatında dönüş nöqtəsi olub və o gündən sonra şöhrət pillələrini sürətlə çıxıb.
Son İllərdə Sağlamlıq Problemləri və Vəfatı
Tanyeli, son iki il yarımda mədəaltıvəz xərçəngi ilə mübarizə aparıb. Dörd aydır xəstəxanada müalicə alan məşhur rəqqasə, 12 martda vəziyyətinin pisləşməsi səbəbilə süni tənəffüs aparatına qoşulub və 17 mart 2025-ci ildə həyatını itirib.