Ultra-mühafizəkarların müsabiqəni ləğv etmək cəhdlərinə baxmayaraq, İsveçrə "Avroviziya-2025"in Bazeldə keçirilməsi üçün təxminən 40 milyon dollar ayırıb. Gələn ilin mayında İsveçrənin Bazel şəhərində keçiriləcək Beynəlxalq Mahnı Müsabiqəsi demək olar ki, təhlükə altında idi.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, buna səbəb, müsabiqə üçün ayrılan vəsaitin ləğv edilməsini tələb edən ultra-mühafizəkar xristian partiyası olan İsveçrə Federal Demokratik İttifaqının hərəkətləri olub.
Layihənin əleyhdarları şounun keçirilməsinə çəkilən xərclərin - təxminən 40 milyon dolların həddən artıq olduğunu bildirərək öz mövqelərini əsaslandırıblar. Onlar məbləğin məhdudlaşdırılmasını və ya tamamilə ləğv edilməsini tələb ediblər.
Lakin noyabrın 24-də səsvermənin nəticələrinə əsasən, "Avroviziya-2025"in hələ də İsveçrədə keçirilməsi qərara alınıb. Hökumət layihənin maliyyələşdirilməsini təsdiqləyib və qeyd edib ki, o, turistlər, reklamlar və əlaqəli tədbirlər vasitəsilə təxminən 67 milyon dollar qazanacağını gözləyir.