Sənətçilər “donuz qripi”ndən necə qorunur? - SORĞU
10 noyabr 2009 11:45 (UTC +04:00)

Sənətçilər “donuz qripi”ndən necə qorunur? - SORĞU

Azərbaycan əhalisinin qorxulu yuxusuna çevrilən “donuz qripi” xəstəliyi şou-biznes və incəsənət nümayəndələrinə təsir etməyib. Hər halda, Lent.az-ın kiçik araşdırmasından sonra bu qənaətə gəlmişik. Araşdırma zamanı bir sıra “qlobal” problemlər də meydana çıxıb. Kimini belə bir qorxulu xəstəliklərdə günahsız heyvanların adının hallanması narahat edib, kimi fürsətdən istifadə edərək həmkarlarına ismarıc yollayıb, kimi də bizim tribunadan xalqı nizam-intizama dəvət edib. Görünən həqiqətdir ki, sabit və dəyişməz şou nümayəndələrimizin əksəriyyətinə heç nə təsir iqtidarında deyil, hətta qorxulu xəstəlik belə...

Faiq Ağayev - Xalq artisti ötən quş qripi xəstəliyindən narahat olduğu qədər bu il narahat deyil: “Ötən il “quş qripi” yayılan zaman hətta təyyarədə belə maska taxmışdım. Amma bu il açığı, bir o qədər də əhəmiyyət vermirəm. Amma buna baxmayaraq, metroda, ictimai nəqliyyat vasitələrində insanların maska taxmalarını tövsiyə edirəm”.

Nadir Qafarzadə - Müğənni həyəcanlı çağırışları və ibrətamiz məsləhətləri ilə yadda qalıb: “Heç yadıma belə düşmür. Mən belə şeylərə çox fikir vermirəm. “Quş qripi”, “at qripi”, “donuz qripi”, nə bilim, nə... İndi sabahdan da qarışqa qripi yayılar! Bu nə deməkdir?! Özümə gəlincə, vitamin qəbul edirəm. Mikrofonu spirtlə silirəm. Sarımsaq uduram. Lakin maska taxmıram. Tanınmış olduğum üçün bir az ehtiyat edirəm”.

İlhamə Quliyeva - Həkim məsləhəti ilə qripdən qorunur. Ekrana çıxdığı və cəmiyyət arasında olduğu üçün maskadan istifadə etmir.

Elariz Məmmədoğlu - Özünün şəxsi mikrofonu olmayan müğənni Elariz qripin yayılmasından dolayı narahat olub, bu yaxınlarda şəxsi mikrofon almağı düşünür. Müğənni həmkarlarına da mikrofonlarını ayırmağı tövsiyə edir.

Nura Suri isə “ehtiyat igidin yaraşığıdır” prinsiplərinə əməl edib, profilaktik tədbirlər görür. Müğənni bütün Azərbaycan xalqına təmiz su içməyi məsləhət görür.
Rəhim Rəhimli profilaktik tədbir görmək üçün Türkiyəyə getməyi qərarlaşdırır. Müğənni dostları ilə birlikdə peyvənd vurdurmaqla xəstəlikdən özlərini sığortalamaq niyyətindədir. Rəhim səfər zamanı həmin ölkədə maska ilə gəzmək niyyətindədir.
“Eurovision-2008” təmsilçisi Elnur Hüseynov isə xəstəlikdən ehtiyat etdiyi qədər həkim diaqnozundan da ehtiyatlanır. Müğənni yoluxucu xəstəliklərə qarşı vurulan qoruyucu peyvəndlərdən “donuz qripi” qədər özünü qorumaq niyyətindədir. Əgər xəstəlik kütləvi hal alarsa, o zaman Elnur da maska taxacaq.
Röya Ayxan isə hadisəyə müsəlmansayağı yanaşır. Müğənni “ölüm haqdır” deyərək, nə qorunur, nə də şəxsi mikrofonunu başqasına verməkdən çəkinmir. Başqalarından fərqli olaraq...
Səidə Sultan da taleyin qismətinə inananlardandır. Öz qədəri ilə barışmış müğənni maskadansa alnıaçıq, üzüağ gəzməyə çalışır: “Onsuz da bir gün hamı öləcək...”

Nüşabə Ələsgərli, sən demə, xəstəlik yayılmamışdan dörd-beş ay öncə maska alıb, xarici ölkələrdə istifadə edirmiş. Müğənni artıq məclislərdə həmkarları və tanımadığı şəxslərlə qucaqlaşıb-öpüşməməyə çalışır. Nə olar, nə olmaz...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar