Aygün Kazımovanın növbəti hədəfi – jurnalistlər
05 noyabr 2009 10:15 (UTC +04:00)

Aygün Kazımovanın növbəti hədəfi – jurnalistlər

Xalq artisti gündəmdə qalmağın yeni variantını tapıb


Bu gün ATV-də yayımlanan «Xeyir ola?» verilişində Azərbaycan şou-biznesində müğənnilərlə jurnalistlərin münasibətləri müzakirə olundu.


Lent.az “Trend Life” istinadən bildirir ki, proqramın aparıcıları - xalq artisti Aygün Kazımova və İrəvan Dövlət Dram Teatrının aktyoru, şoumen Azər Axşam mövzuya dair fikir bildirməkdən ötrü studiyaya hər iki tərəfin nümayəndəsini dəvət etmişdilər.

Qonaqlar - iki sənətçi - meyxanaçı Namiq Qaraçuxurlu ilə müğənni Zamiq və iki jurnalist oldu. Proqram başlayandan açıq-aydın hiss olunurdu ki, Aygün xanım, son günlər haqqında yazılan məlumatlara görə jurnalistlərdən bir növ qisas almaq niyyəti ilə efirə çıxıb. Həmişə yerli-yersiz atmacaları ilə gündəmdə qalmağa müvəffəq olan xalq artistinin, bu dəfə media mənsubları üçün efirdən verdiyi «açıq dərsini» uğursuz addım adlandırmaq olar.


Başlayaq, Namiq Qaraçuxurlu ilə olan münasibətlərindən. Bir-birilərinə duyduqları sevgilərindən illər boyu ağız-dolusu danışan Aygün xanım, nədənsə indi jurnalistləri şəxsi həyatına müdaxilə etməkdə günahlandırır. Bu yerdə çox müəmmalı əmma meydana çıxır. Axı, görəsən o, nə üçün bu gün düşünməyə başlayıb ki, şəxsi həyatında baş verən bütün hadisələrin ən xırda detallarına kimi jurnalistlərlə bölüşməsində özündən başqa heç kim səbəbkar olmayıb. Bəli, hamı kimi mən də qəbul edirəm ki, 21 illik səhnə fəaliyyətində Aygün xanım bir çox yeniliyə imza atıb. Amma təəssüf ki, bu uğurlar maksimum 12-13 ili əhatə edir. Qalan vaxtı isə müğənni gah plastik əməliyyatları ilə reklam olundu, gah özündən yaşda böyük və ya kiçik olan sənətçilərlə apardığı intriqa, gah da adı olub-özü olmayan «məhəbbət üçbucaqları» yaradıb ərə getmə xəbərləri ilə…


Yaxın 6 ildə isə onu yalnız Namiq Qaraçuxurlu ilə dueti və məlum olmayan münasibətlər yaşamasıyla gündəmdə saxladı. Yuxarıdakı zəruri xatırlatmaları ona görə xüsusilə qeyd etdim ki, sənətini dəlicəsinə sevdiyini hər zaman dilə gətirən xanım Kazımova günahı jurnalistlərdə yox, özündə və yaxın ətrafında axtarsın. Çünki, son vaxtlar istər hamilə olması, istərsə də başqa dedi-qoduların yayılması, əvvəlcədən düşünülmüş bir şəkildə müğənninin mətbəxində hazırlanaraq müxtəlif KİV-lərdə yayılır. Bəli, A.Kazımova özü çox gözəl bilir ki, taktiki gedişlərinin nədən ibarət olmasını çox gözəl bilirik. Və əgər biz susqunluğu pozsaq, nələrin olma ehtimalını yəqin ki, düşünmək belə istəməz…


Bu gün onun, həmkarlarını jurnalistlərə hücuma çağırışı çox gülünc və absurd, eləcədə arxadan atılan daşın, konkret ünvana düşməməsi kimi görünür. Axı, həmin Aygün Kazımovadır ki, hansısa yaradıcı işini pərəstişkarlarına təqdim etməyə hazırlaşanda, hər zaman köməyinə biz jurnalistlər gəlmişik (Öz adımı da indi təəssüf hissi ilə vurğulamaq məcburiyyətindəyəm-Ş.C). İndi günahkar deyilik ki, o, yaradıcılığında əvvəlki uğurlarını təzələyə bilmir və səhnədən heç də alışdığımız Aygün kimi bərq vurmur…Qəbul edib-etməməsindən asılı olmayaraq, gözəl bilir ki, «fanat ordum» ifadəsi, leksikonunda əzbərlənmiş şablon sözlərdən başqa bir şey deyil…


Proqram boyu müğənni Zamiq və meyxanaçı Namiq də bəzi media nümayəndələrinə olan şikayətlərindən danışdılar. Namiqin bəzi jurnalistlərə ünvanladığı «boş qələm» ismarıcı isə heç də effektli səslənmədi. Çünki, Zamiqin müğənni, Namiqin isə meyxanaçı kimi şou-biznes arenasında qəbul olunmasında, ən tanınmamış jurnalistin belə qələmi onlara yardımçı olub. Bu yerdə çəkdiyimiz əməyə açığı heyfim gəlir…


Nə isə, Aygün-Namiq cütlüyünün növbəti şousuna münasibətimə bu yerdə böyük bir vergül qoyuram, amma hələlik. Açığı hesab edirəm ki, doğru sözləri qələmə almaqla, keflərinə yetərincə soğan doğradım. Ancaq qoy, qanları qaralmasın. Çünki, onlar bu gün yol üstədir. Belə ki, Göyçay rayonunda ənənəvi keçirilən nar bayramında iştirak etmək üçün sözügedən rayonda təşkil olunacaq konsertdə çıxış edəcəklər. Qoy, bolluca nar yeyib, həm doyunca oxusunlar, həm də damarlarındakı qanı təmizləsinlər. Bəlkə, ondan sonra jurnalistlərin necə iti və dəyərli qələmə sahib olduqlarını bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819

Oxşar yazılar