İradə-Röya qalmaqalında son pərdə!
03 noyabr 2009 14:30 (UTC +04:00)

İradə-Röya qalmaqalında son pərdə!

“Onun özünün də anası Bakı-İstanbul yollarında qalmışdı”

Hamilə vəziyyətdə konsert verdiyi və efirə çıxdığı üçün ictimaiyyətin qınağına tuş gələn müğənni Röya Ayxan səssizliyini həmkarı İradə İbrahimovaya verdiyi cavablarla pozub. Röyanın açıqlaması da öz növbəsində cavabsız qalmayıb. Bu dəfə İradə İbrahimovanın mətbuat katibi Lent.az vasitəsilə Röyanın açıqlamalarına münasibət bildirib.

Mövzunun əndazədən çıxmasına təəssüfləndiyinin bildirən mətbuat katibinin sözlərinə görə, dünyada ən ülvi duyğu olan analıq hissinin ucuz şou elementləri ilə bəzəmək olmaz: “Mühafizəkar Azərbaycan cəmiyyəti ana olmağa hazırlaşan qadına həmişə birmənalı münasibət bəsləyib. Onun tez-tez cəmiyyətin müzakirə mövzusuna çevrilməsini qəbul etməyib. Odur ki, hamiləliyin təbliğat mövzusu kimi istifadəsinin bir çox sənət adamları, ziyalılar, hətta siyasətçilər tərəfindən tənqid hədəfinə çevrilməsini nəzərə alsaq, o zaman İradə İbrahimovanın sözlərindən Röyanın qəzəblənməsinə ehtiyac qalmır”.

Mətbuat əlaqələndiricisi deyib ki, İradə İbrahimovanın analıq mövzusuna öz baxışı var və o, cəmiyyətdə mənəvi-əxlaqi dəyərləri üstün tutur, kiminsə bostanına daş atmaq fikri də olmayıb: “İradə xanım ona eyni mövzu ilə bağlı sual ünvanlayan KİV nümayəndələrinə cavab olaraq bildirib ki, həmin fizioloji vəziyyətdə cəmiyyət arasında aktiv və parlaq görünməyi məqbul saymır. Həmin hissləri İradə xanım da nə vaxtsa yaşayacaq. Bu zaman o, milli dəyərləri üstün tutaraq, yaradıcılıq sərgiləyəcək. O ki qaldı İradə xanımın ünvanına işlədilən “Mən onun kimi Bakı-İstanbul yolunda qalmamışam” fikrinə, hesab edirəm ki, bu replika qarşı tərəfin fizioloji vəziyyətini sərgiləməsinin gətirdiyi ictimai tənqidlə müqayisədə yersizdir.

Röya xanım müəyyən müddətdir ki, ictimaiyyətin qınağına tuş gəlib. Televiziya kanalları, KİV səhifələrində bu mövzu yetərincə müzakirə edilib. Lakin müğənni həmin məqamlarda susurdu. İradə xanımın açıqlamalarından sonra o danışmağa başladı. Bir həftəlik ana olan Röyanın həssas hisslər yaşadığını zənn edirik. Çünki tibbin qənaətinə görə, övladını yeni dünyaya gətirən əksər analar həssaslaşır, bəzən isə depressiyaya düşürlər”.

Mətbuat katibi İradənin tez-tez ölkəsinə səfər etməsinə də münasibət bildirib: “Röyanın dəfələrlə mətbuata sızdırdığı xəbərlərdə onun iki qardaşının səhv etmirəmsə, Türkiyədə təhsil aldığını bildirmişdi. Bu səbəbdən anasının həmin ölkəyə sıx səfərlər etdiyini söyləyirdi. Öz təbirincə desək, Bakı-İstanbul yollarında qalmışdı.

Eyni zamanda, hazırda Bakı-İstanbul yolunu İradə xanımdan başqa, yaradıcılığının bir qolu Türkiyə ilə bağlı olan xalq artisti Brilyant Dadaşova və əməkdar artist Azərin də qət edir. Və onların məhz peşəsi ilə bağlı xəbər mətbuat işçilərinin maraq dairəsindədir.
İradə xanımın ünvanına səslənən “konsert verib, onun biletlərini hansısa şirkətə payladığı” fikri isə absurddur. Çünki bir neçə il öncə təqdim edilən konsert ictimaiyyətin İradə xanımı dinləmək marağından yaranmışdı. Bu uğurlu konsertin indiyə qədər telekanallarda yayımlanması bariz nümunədir. İradə xanımın hazırda üzərində çalışdığı növbəti konsert layihəsi də məhz tamaşaçı marağına xidmət edir. Eyni zamanda, İradə İbrahimova ilk konsertindən daha üstün bir layihəyə imza atmaq niyyətindədir.
Yazıda Röyanın öz adı ilə yanaşı hallandırdığı Elnarə xanımın ana olmağa hazırlaşdığı ərəfədə nəinki İradə xanımın, eyni zamanda ictimaiyyətin qınağına tuş gələn fikirlərin səsləndirildiyini xatırlamırıq”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar