Aysel: “Mən yunan kişiləri üçün etalonam” - MÜSAHİBƏ
18 iyun 2009 11:00 (UTC +04:00)

Aysel: “Mən yunan kişiləri üçün etalonam” - MÜSAHİBƏ

“Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan Aysel bir neçə ölkəyə səfərdən sonra Vətənə dönüb. Sənətçi səfərdən sonra ilk müsahibəni APA-ya verib.

- Bir neçə ölkəyə səfərini başa vurub Vətənə qayıtmısan. Səfərlə bağlı təəssüratların necədir?

- Vətənə çox gözəl təəssüratlarla və xoş xəbərlərlə qayıtmışam. Səfərim çox uğurlu oldu. İsveçdə bu ölkənin ən tanınmış radiosunun təşkil etdiyi konsertdə Araşla birgə çıxış etdik. Konsertdə tamaşaçıların sayı həddindən artıq çox idi. Sevindirici hal isə o idi ki, çıxışımızdan əvvəl aparıcı xanım bizi tamaşaçılara “Azərbaycan” deyərək təqdim etdi və elə bu təqdimatdan sonra tamaşaçıların ardı-arası kəsilməyən alqışları səsləndi. Səmimi olaraq deyim ki, belə hərarətlə qarşılanacağıma inanmırdım. Bu sevgini qazanmaq çox çətin olsa da, çox fərəh doğuran bir şeydir. “Eurovision-2009” müsabiqəsinin bitməsindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, Araşla birgə ifa etdiyimiz və Azərbaycana üçüncülük qazandıran “Always” mahnısı İsveçin radiolarda top onluqda birincidir. İsveçdən sonra Araşla birgə Moskvaya getdik, burada bəzi kanallara müsahibələr verdik. Moskva səfərimiz də çox yaddaqalan oldu. Daha sonrakı səfərimiz Yunanıstana oldu. Orada da birgə çıxışlarımız oldu və bir neçə Yunanıstan kanalına müsahibə verdik. Yunanıstan səfəri çərçivəsində “Miss Yunanıstan” müsabiqəsinə də dəvət olunduq və o səhnədə də “Always” mahnısını oxuduq. Bundan başqa iki ən reytinqli verilişdə qonaq olduq.

- Gözəllik yarışmasından söz düşmüşkən, gözəllik yarışmasında iştirak etmək təklifi almamısan?

- Yox, hələ belə bir təklif almamışam. Axı mən sənətçiyəm, bu yarışmada necə iştirak edə bilərəm? Elə həmin yarışmada səhnədə gəzdim, özümü podiumda hiss etdim.

- Yunanıstanda necə qarşılandınız? Maraqlı və yaddaqalan hadisələr baş verdi?

- Sözlə ifadə edə bilməyəcəyim qədər yüksək səviyyədə qarşılandıq. Yunanıstanda bu qədər sevildiyimi bilmirdim. Maraqlı hadisələr çox oldu, ancaq ən yaddaqalan hadisə Yunanıstan səfərində baş verdi. Televiziyada qonaq olanda mənə bildirdilər ki, tamaşaçı qismində gələn bu kişi sənin heyranındır. Biz mahnını oxuyanda həmin kişi səhnəyə çıxdı, guya məni görüb ürəyi getdi. Sonra da dedi ki, “bu mənim ən xoşbəxt günümdür, nəhayət ki, mən sizi gördüm”. Bundan sonra isə gül dəstəsi və qızıl klon göndərdi. Bu mənim üçün çox xoş və yaddaqalan hadisə oldu. Yunanıstanda olarkən “Eurovision-2007” müsabiqəsinin qalibi Eleno Popotritzonun konsertinə getdik. O səhnədən zala baxanda bizi orada gördü və Araşla məni səhnəyə çağırdı. Həmin səhnədə biz canlı olaraq “Always” mahnısını oxuduq. Elə Yunanıstanda olarkən mənə dedilər ki, onların kişiləri üçün mən etalonam. Bu ölkənin radiolarında mahnımız top 10-da birinci, ikinci və üçüncü yerdədir. Hər bir ölkədə səfər zamanı bizə çox diqqətlə yanaşırdılar. Orada olarkən qərar verdim ki, zəngin repertuarım olandan sonra Yunanıstanda çox böyük konsert verəcəyəm.


- Yunanıstan səfəri ərzində Sakis Ruvasla görüşmək imkanınız oldumu?

- Sakis Ruvasla görüş nəzərdə tutulmuşdu. Ancaq biz orada olanda Sakis Ruvas qızı ilə birgə istirahətə getmişdi. Sakis haqqında çox gözəl fikirlər eşitdik, onun çox yaxşı ata olduğunu bildik.

- “Eurovision-2009” müsabiqəsinin iştirakçılarından kiminləsə əlaqə saxlayırsan?

- Yox, heç kimlə əlaqə saxlamıram. Ancaq Araşla mütəmadi danışırıq.

- Bu müddət ərzində istirahət etməyə necə, vaxt tapdın?

- “Eurovision”dan sonra istirahət çox vacib idi. Bir neçə gün Moskvada, bir neçə gün isə Yunanıstan adalarında istirahət etdim. Avqust ayında da istirahət etməyi düşünürəm. Ancaq hələlik istirahət edəcəyim məkanı dəqiqləşdirməmişəm.

- Sözsüz ki, bu ərəfədə yeni təkliflər də az deyil...

- Təkliflər həddindən artıq çoxdur. Hətta təkliflərin çoxundan xəbərim yoxdur. Səfərdən dünən qayıtmışam və yaxın günlərdə bütün təkliflərlə tanış olacağam. İyulun ilk günlərində Türkiyəyə dəvət olunmuşam və orada keçiriləcək festivalda çıxış edəcəyəm. Həmin festivalda Aleksandr Rıbak da çıxış edəcək. Yeni reklam, konsert təklifləri var. Ancaq bu təklifləri qəbul edib-etməyəcəyimi dəqiqləşdirdikdən sonra açıqlayacağam. İlk dəfə olaraq sizə açıqlayım ki, uşaqlıqdan mənə sirdaş olan pianomu uşaq evinə bağışlamışam. İfa eləməyi məhz o pianoda öyrənmişəm, XVIII əsrin pianosudur. Ümidvaram ki, bu piano həmin uşaq evində yeni istedadların yetişməsinə zəmin yaradacaq. Bu hal məni çox xoşbəxt və bəxtiyar edər.

- Duet ortağın olan Araşla işbirliyi davam edirmi?

- Bəli, davam edir və mənim üçün yeni mahnılar hazırlanır. Araş və onun komandasının təşəbbüsü ilə mənim diskim hazırlanacaq. Bu albom üzərində çox işləyəcəyəm. Məhz bu albom üçün yeni mahnılar yazılır. Albomun çıxacağı tarix dəqiq bilinmir, ancaq bu albomun mükəmməl olacağına inanıram. Eyni zamanda albomun tək Azərbaycanda deyil, bütün Avropa ölkələrində satışı təşkil olunacaq.

- Beynəlxalq arenada tanınan və uğur qazanan Ayselin bundan sonrakı albomları Azərbaycanda hazırlanacaq?

- Xeyr, albomlarım Azərbaycanda hazırlanmayacaq. Albomlarım üçün “Sony BMG” və “Worner Muzik” şirkətlərini seçmişəm. İyulda İsa Məlikovun “Say may be” mahnısına hazırlanan singl işıq üzü görəcək.

- Özün üçün hər hansısa repertuar müəyyənləşdirmisən?

- Hələ repertuar üzərində işlər gedir və tamaşaçıların görüşünə maraqlı repertuarla gəlmək arzusundayam. Çox gözəl mahnılar üzərində işləyirik. Araş eksklüziv mənim üçün yeni mahnılar yazır. Həmin mahnılar da repertuarıma daxil ediləcək. Mən “tez olsun, ancaq olsun” prinsipi ilə yaşamıram və belə işin mükəmməl alınacağına inanmıram. Hər şeyin mükəmməl və ürəyimcə olması üçün çox işləməliyəm. “Gec olsun, güc olsun” prinsipinə sadiq qalıram və səviyyəli iş təqdim etmək istəyirəm. Çoxları deyir ki, tez repertuar hazırla, disk burax ki, camaat səni unutmasın. Bu, düzgün fikir deyil.

- İyulun 10-dan Türkiyəni təmsil edən Hadisə ilə eyni səhnəni bölüşəcəksiniz. Azərbaycan tamaşaçısının qarşısına çıxmaq səni həyəcanlandırmır ki?

- O günü səbirsizliklə gözləyirəm. “Eurovision” müsabiqəsində iştirakdan sonra ilk dəfə Azərbaycan tamaşaçıları qarşısında çıxış edəcəyəm. Bu çox məsuliyyətli və gözəl hissdir. Böyük sevgini elə öz Vətənimdə səhnədən hiss etmək yəqin ki, əvəzolunmaz bir şeydir. Bu konsertdə nə geyinəcəyimi hələ dəqiqləşdirməmişəm. Konsertə xüsusi qonaq kimi dəvət olunmuşam.

- Araşın da həmin gün səhnəyə çıxması reallaşa bilər?

- Bu suala dəqiq bir cavab verməyə çətinlik çəkirəm. Araşın öz iş qrafiki var, bunu deyə bilmərəm. Sadəcə bu konsertlə bağlı Araşla söhbət olunmayıb.

- Yaxın vaxtlarda Araşın Bakıya gəlməsi nəzərdə tutulurmu?

- Bəli nəzərdə tutulur. Yaxın vaxtlarda Araş Bakıya gələ bilər. Biz Araşla elə doğmalaşmışıq ki, bir-birimizdən ayrı qala bilmirik. Hətta Bakıda birgə konsert vermək istəyirik. Bunu yaxın vaxtlar üçün planımıza daxil etmişik. O konsertdə Araşla yeni mahnılar ifa edəcəyik. Ancaq Araşla növbəti duet nəzərdə tutulmur. Hələlik solo ifa üzərində işləyirəm.

- Səninlə bağlı yazılarda Aysel olaraq, yəni soyadsız təqdim olunmağını istəmisən...

- Sadəcə Aysel olaraq tanınmaq istəyirəm, eyni zamanda adımın daha sadə səslənməsini istəyirəm. Bunun ən böyük səbəbi isə Aysel adının gələcəkdə bir brendə çevrilməsini reallaşdırmaqdır.

- “Eurovision”dan sonra yəqin elçilərinin sayı da çoxalıb... Ailə qurmaq haqqında düşünmürsən ki?

- “Eurovision”dan sonra bütün qohum-əqrəba, tanışlar mənə elçi düşüb. Düzdür, heç kimin qəlbini qırmaq istəmirəm. Ancaq ürəyi məcbur etmək olmur. Mən də ürəyimi məcbur edə bilmərəm. Hətta internet ünvanıma yazırlar. Hələ evə məktub, gül göndərənləri demirəm. Danimarka, Norveçdən məktublar alıram. Allahın qisməti deyim, hələlik şəxsi həyatla bağlı planda heç nə yoxdur.

- Ailə quracağın insanın necə olmasını istəyərdin?

- Mənim üçün ən əsas çox yaxşı ürəyinin olmasıdır. Gözəl ürəyə sahib olsun, bu yetərlidir mənim üçün. Sonra başqa xüsusiyyətləri ilə maraqlanmaq olar, ancaq gözəl ürəyi olmayan adamla ailə qurmağım heç vaxt mümkün deyil.

- İmicində hər hansısa yenilik etməyi düşünürsənmi?

- Bu barədə də hələ konkret fikirlər yoxdur. Dəyişiklik etsəm də, bu radikal dəyişiklik olmayacaq. Mən olduğum kimi olmağı sevirəm. Ən qorxduğum şey odur ki, məni özümdən razı hesab etsinlər. Düzdür, o səhnədə çıxış etdik və həqiqətən də uğur qazandıq. Bu müddətdə həm professionallıq baxımdan, həm karyera baxımından dəyişiklik oldu, ancaq xasiyyətimdə heç bir dəyişiklik yoxdur. Özündən razılığı heç sevmirəm.

- Bəs bu müsabiqədə uğurlu çıxışan sonra özünə qarşı qısqanclıq hiss edirsənmi?

- Ən birinci gündən çox qısqanclıqla qarşılandım. Əlbəttə ki, bu məni təəssüfləndirdi və indinin özündə də təəssüflənirəm. Amma başa düşdüm ki, bu insanın qanında-canında olan şeydir. Elə “Eurovision”dan əvvəl də özüm haqqında elə şeylər eşitdirdim ki, dəhşətə gəlirdim. Bu söz-söhbətləri isə məni yaxından tanımayan, xüsusiyyətimə bələd olmayanlar edirdi. Axı, bu şayiəni əmin olmadan necə yaya bilirlər, bu söz-söhbətləri necə çıxara bilirlər? Sonra isə hər şeyə göz yumdum, özümə inandım, heç kimə, heç nəyə fikir vermədim. O söz-söhbəti özümə yaxın buraxsaydım, bu gün mən olduğum yerdə olmazdım.

- Bu qısqanclığın səbəbi nədir? Bəlkə qorxu hissi keçirirlər ki, sən onların yerini tutacaqsan...

- Bu mümkün olan bir şey deyil. Bu yaşıma qədər mən bu düşünmüşəm ki, heç kim heç kimin yerini tutmur, tuta da bilməz. Hər kəsin öz yeri, layiq olduğu yer var. Mənim bu cür istəyim yoxdur, çünki mənim öz yerim var.

- Müsabiqə müddətində Araşla sənin haqqında gəzən şayiələr necə, səngiyib?

- Qətiyyən səngiməyib. Hələ davam edir. Düzdür, Azərbaycanda Araşın evlənəcəyini biləndən sonra artıq bu şayiə bir az azalıb, ancaq getdiyimiz ölkələrdə daha da çoxalıb. Yunanıstanda, Moskvada kim görürdüsə, soruşurdu. Biz də deyirdik ki, qətiyyən belə bir şey yoxdur, biz sadəcə dostuq. Ancaq onlar bildirirdilər ki, “bir-birinizə çox yaraşırsınız”.

- Araşın nişanlısı səni qısqanmır ki? Onunla tanışsınız?

- Bəli, onunla tanış olmuşuq. Hələ “Eurovision”dan əvvəl biz onunla tanış olduq. Axı o bizim səmimi münasibətimizə inanır. Burada qısqanmağa bir səbəb yoxdur. Nə mən, nə Araş ona bunun üçün səbəb yaratmırıq. Heç inanmıram ki, o qısqansın, çünki o bizim bir-birimizə bacı-qardaş münasibəti bəslədiyimizi bilir. O işlədiyi üçün səfərlərə bizimlə gələ bilmədi. Gələn ilin yayında Araşla evlənəcəklər.

- Müsabiqədən sonra sənə hansı hədiyyələr verilib?

- Hədiyyələrin sayı çox olub. İki otaqlı mənzil, ev kinoteatrı və daha nələr, nələr. Müsabiqədən qayıdanda elə təyyarədə mənə çox gözəl brilyant üzük də bağışladırlar...

- Gələn il Azərbaycan təmsilçisini dəstəkləmək üçün Osloya getmək fikriniz var?

- Elə müsabiqə bitəndən sonra Araşla gələn il Norveçə gedəcəyimi və həmyerlimizə dəstək olacağımızı bildirdik. Osloya mütləq gedəcəyik.

- “Eurovision-2010”da Azərbaycanın kim tərəfindən təmsil olunmasını istəyərdin?

- Dəqiq ad çəkə bilməyəcəyəm. Sadəcə bir şey demək istəyirəm ki, Azərbaycan iki il ardıcıl çox gözəl çıxış etdi. İlk çıxışda səkkizinci, ikinci çıxışda isə üçüncü oldu. Bu nəticə çox yüksəkdir. Üçüncülükdən sonra gələn il bütün Azərbaycan birincilik gözləyir. Mən də səmimi qəlblə bu nəticəni gözləyirəm və bunun arzusundayam. Üçüncülük də qələbəyə bərabər bir nəticə idi. Ancaq Azərbaycanın qazanmasını çox istəyirəm. Gələn il müsabiqədə ölkəmizi kimin təmsil etməsinə baxmayaraq, həmin təmsilçi öz üzərində dayanmadan və yorulmadan işləməlidir. Mən gələn il də Azərbaycanımıza uğurlar arzulayıram. “Eurovision” mənə çox uğur gətirdi. Bundan sonra da Azərbaycanı xarici ölkələrdə layiqli təmsil edəcəyimə söz verirəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2801

Oxşar yazılar