Təyyarədə edilən ən pis sərnişin vərdişləri - CAVAB
07 iyun 2025 15:10 (UTC +04:00)

Təyyarədə edilən ən pis sərnişin vərdişləri - CAVAB

Təyyarədə sərnişinlərin davranışı uçuş heyəti üçün hər gün yeni bir sınaqdır. Stüardessalar bəzən o qədər yorucu və əsəbi hallarla qarşılaşırlar ki, səbrlərinin sonuna gəlirlər. Styler layihəsi onların ən çox əsəbiləşdiyi vərdişləri açıqlayıb.

Lent.az bu vərdişləri sizə təqdim edir:

Əməkdaşlara əl vurmayın
Bort bələdçisinə toxunmaq – qəti şəkildə olmaz. Sualınız varsa, sadəcə səslə müraciət edin. Təyyarədə səs yetərincə eşidilir. İctimai yerlərdə olduğu kimi, burada da toxunmaq yolverilməzdir.

Eniş zamanı ayaqyoluna getməyin
Təyyarəyə əyləşdiyiniz andan etibarən yerinizdə qalmalısınız. Eniş uçuşun ən həssas mərhələsidir – bağlamalar yoxlanır, təhlükəsizlik kəmərləri bağlanır, heyət fövqəladə hallara hazırlaşır. Üstəlik, hava limanındakı tualetlər daha geniş və rahatdır.

Dar məkanda dirsəklə, ayaqla başqasını narahat etmək asandır. Amma keçid hər zaman açıq qalmalıdır – bu həm rahatlıq, həm də təhlükəsizlik üçün vacibdir. Əgər sizdən ayaqlarınızı və ya əllərinizi çəkib yığışdırmağınızı xahiş etsələr, mübahisə etmədən yerinə yetirin.

Təyyarə dayananda tələsməyin
Təyyarə yerə enən kimi ayağa qalxıb çıxışa qaçmaq – mənasız və narahatedici davranışdır. Bu, çıxışı ləngidir və gərginlik yaradır. Eniş növbə ilə olur, hər kəsə növbəsi çatacaq. Səbirli olun – bu anda ən faydalı keyfiyyət budur.

Stüardessalarla mübahisə etməyin
Onların dedikləri şəxsi istəyə əsaslanmır. Onlar fövqəladə hallarda necə davranmaq, tibbi yardım göstərmək, təhlükəsizliyi təmin etmək üzrə təlim keçirlər. Tələbləri qəribə gəlsə də, müzakirə olunmur – bu, uçuşun bir hissəsidir.

Ayaqlar – başqasının sahəsinə keçməsin
Rahat oturmaq olar, amma başqasının yerinə müdaxilə etmək olmaz. Xüsusilə də çılpaq ayaqların başqa sərnişinlərin oturacağına uzanması – çox narahatedicidir. Təyyarədə şəxsi sahə anlayışına hörmət vacibdir.

Ayaqqabısız gəzməyin
Təyyarənin döşəməsi steril deyil, çılpaq ayaqla gəzmək həm gigiyenik baxımdan pisdir, həm də başqılarını narahat edə bilər. Ayaqqabını çıxartmaq istəyirsinizsə, bunu yalnız öz oturacağınızda və mədəni şəkildə edin.

Oturacaq arxasını hörmətlə istifadə edin
Arxanı qaldırmaq istəyirsiniz? Əvvəlcə arxaya baxın – orada biri yeyirsə, işləyirsə və ya düz oturubsa, onu xəbərdar edin. Kiçik nəzakətlər uçuş zamanı əhval-ruhiyyəni müsbət saxlayır.

Təyyarə – ictimai nəqliyyatdır və burada hamının rahatlığı üçün mədəni davranış, səbir və hörmət əsasdır.
Stüardessalar – sadəcə xidmətçi deyil, həm də sizin təhlükəsizliyinizin təminatçısıdır. Əgər bu sadə qaydalara əməl etsəniz, həm özünüz, həm başqaları üçün uçuş daha xoş keçər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar