Türkiyənin məşhur sənətkarı İbrahim Tatlısesin qızı Dilan Çıtak Bodrumda ona "dayan" əmri verən polis əməkdaşının üzərinə avtomobilini sürüb.
Lent.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Polis, havaya iki dəfə atəş açaraq Çıtakı dayandırıb və onu nəzarətə alıb.
Muğla vilayətinin Bodrum rayonunun Konacık məhəlləsində, Atatürk Bulvarında avtomobili ilə hərəkətdə olan Dilan Çıtak idarə etdiyi pikap tipli maşınla təhlükəsizlik zolağından irəliləyərək yol hərəkəti təhlükəsizliyini pozub.
Vətəndaşların şikayəti əsasında hərəkətə keçən yol polisi əməkdaşları sürücünü saxlamaq istəyiblər. Ancaq Dilan Çıtak polisin "dayan" xəbərdarlığına məhəl qoymadan qaçmağa cəhd edib. Polis onu dayandırmaq üçün havaya iki dəfə atəş açıb.
Hadisə yerinə çoxsaylı polis əməkdaşı göndərilib. Qısa müddət sonra avtomobilindən enərək başqa bir maşına minən Çıtak, daha sonra yenidən öz avtomobilinə qayıdaraq içəridən qapıları bağlayıb. Bu zaman o, jurnalistlərə də təhqiramiz ifadələr işlədib və çətinliklə nəzarət altına alınıb.
Dilan Çıtak barəsində tədbir görülməsi üçün Rayon Polis İdarəsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.