Xalq artisti Faiq Ağayev Flora Kərimovaya cavab verdi
21 may 2009 18:15 (UTC +04:00)

Xalq artisti Faiq Ağayev Flora Kərimovaya cavab verdi

“Flora Kərimova növbəti dəfə Azərbaycanının hüquqi dövlət olmadığını və məhkəmələrimizin ədalətsiz olduğunu iddia edir”.

Bu açıqlamanı xalq artisti Faiq Ağayev Flora Kərimovanın Lent.az-a verdiyi müsahibəsində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib: “Lent.az-a bir müddət əvvəl verdiyim müsahibədə bu barədə açıqlama vermişdim. Bu gün saytınızda Flora Kərimovanın səsləndirdiyi fikirlər mənim bu qənaətimi bir daha təsdiqlədi. Çünki o, məhkəmə prosesi zamanı mübahisəmizlə bağlı üzə çıxan faktları geniş ictimaiyyətə yenə də təhrif olunmuş formada təqdim etməklə qanunun aliliyinə inanan insan üçün qəbul olunmaz, müəmmalı bir hərəkət edir”.

Faiq Ağayev Lent.az-a açıqlamasında bildirib ki, qanuna tabe olan şəxs məhkəmə qərarından əvvəl işin hallarını özünə sərf etdiyi şəkildə şərh etməz və prosesin gedişatına aid sənədlərin kütləvi informasiya vasitələrində dərc olunmasına yol verməz: “Bu ictimaiyyətə yanlış, mənfi və qərəzli rəy yaranmasına yönələn cəhd, qarşı tərəfin hüquqlarının birmənalı şəkildə pozulması və məhkəməyə bilavasitə açıq təzyiq etmək deməkdir. Məhz bu səbəbdən mən Flora Kərimovanın məhkəmənin tələbi ilə Ədliyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə təqdim etdiyi mübahisəli və gülməli izahatın müzakirə obyektinə çevirmirəm. “Hədəfi hakimi qorxutmaq, onun gözünün odunu almaq idi” ifadəsi ilə Flora Kərimova Azərbaycan Respublikasında məhkəmə sisteminin müstəqilliyini və ədalətli olmasını şübhə altına alır. Bu cümlə ilə o, məhkəmələrimiz haqqında həqiqətə uyğun olmayan ziyanlı və absurd ittihamlarını yenə də gündəmə gətirdi. Onun sözlərindən belə bir qənaətə gəlmək olur ki, hakimə hədə-qorxu gəlməklə onu proses bitməmiş hansısa bir tərəfin mənafeyinə uyğun bir mövqeyə gətirmək mümkündür. Xalq artisti adını daşıyan bir şəxsdə bu cür fikirlərin formalaşmasının səbəbinin nədir, bilmirəm. Çünki dövlətə və xalqa sadiq olan insan vətəndaş olduğu ölkənin müstəqil məhkəmə sisteminə bu cür hörmətsizlik yaraşmaz. Görünür bu düşüncələr Flora Kərimovanın keçmiş siyasi fəaliyyətinin qalıqları, əks-sədasının izləridir. Yuxarıda qeyd etdiklərimə bir neçə bənd əlavə etmək olardı, lakin mən qanunun aliliyinə inanan bir vətəndaş kimi məhkəmə bitənə qədər tərəfimdən izafi şərhlər verilməsinə heç bir ehtiyac görmürəm”.
# 737

Oxşar yazılar