Azərbaycanın “Eurovision-2009”da göstərdiyi nəticə necə qarşılandı? - SORĞU
18 may 2009 13:15 (UTC +04:00)

Azərbaycanın “Eurovision-2009”da göstərdiyi nəticə necə qarşılandı? - SORĞU

Faiq Ağayev həmin gecə avtoxuliqanlıq edib

“Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri 3-cü yeri tutdu. Bu nəticə ölkəmizin peşəkar musiqiçiləri və sənət adamları tərəfindən necə qarşılanıb? Lent.az-ın sorğusunda iştirak edən məşhur musiqiçilərin fikirləri müxtəlifdir.

“Ədalətli nəticə idi”

Bəstəkar Vaqif Gərayzadə müsabiqənin nəticələrindən razı qalıb. Musiqiçinin sevinclə xatırladığı an Azərbaycanlı təmsilçilərin bir neçə dəqiqləik ikinci yerdə olması olub. “Ədalətli qərar idi, ama ikinci olsa daha yaxşı olardı. Açığı, İslandiya daha yaxşı ifa nümayiş etdirdi. Aysellə Araşın da ifasını bəyndim. O ki qaldı Patrisiya Kaasın müsabiqədə iştirakına, zənnimcə o, orada olmamalı idi”.

“Demək, Azərbaycanı ölkə kimi sayırlar”

Bəstəkar Eldar Mansurovun fikrincə, qalibiyyət Azərbaycanın nüfuzunun göstəricisi olub. “Bu onu göstərir ki, Azərbaycanı artıq sayırlar”.

Bəstəkar münsif qismində 25 ölkə arasında kimin yaxşı, kimin zəif olmasına qiymət verib: “Mən özüm orda oturmamışdım, xəbərim yox idi, orda bizim münsiflərin səsverməsi necə keçib. Bildiyim şey barəsində deyə bilərəm. Orada Tünzalə, Mübariz, Fəxriyyə, Faiq idi, çay içibəlr, söhbət ediblər, xəbərim yoxdur. Mənə gəlincə, Norveçi birinci seçərdim, İngiltərə, Ukrayna, Yunansıtanı seçərdim. Çox bəyəndim, yüksək səviyyəli professional idilər. Bəyəndiklərim bunlardı. Azərbaycan da pis deyildi...”

“Ehtiyat edirdim ki, beşinci yerdə olarıq”

Əməkdar artist Tünzalə Ağayeva Böyük Britaniyanı təmsil edən vokalistin ifasına valeh olub. “İngilislər layiq idilər. Yaxşı performans göstərdilər. Malta, İspaniya, Litvanın çıxışlarının uğursuz nəticələnməsinə təəssfləndim. Təəssüf ki, Patrisiya Kaas kimi dünya ulduzu geridə qaldı”.

Müğənni Azərbaycanın nəticəsini qənaətbəxş hesab edir: “Məncə bu rəqabət, üçüncü yer idealdır. Çünki rəqabət güclü idi. Hətta mən ehtiyatlanırdım ki, Azərbaycan ilk beşlikdəki yerlərdən birini tutar. Çünki İsveç və Yunansıtan çox güclü idi”.

“Qalibiyyətdən sonra küçədə avtoxuliqanlıq etdim”

Xalq artisti Faiq Ağayevin proqnozu özünü doğruldub - Norveç birinci olacaq! “Mənim proqnozum özünü doğrultdu. Hesab edirdim ki, Norveç birinci olacaq. Yarımfinalda Azərbaycana 10 səs, finalda isə 20 səs göndərdim”.

O, Aysellə Araşın üçüncü yerə çıxmasını böyük uğur sayır: “Zənnimcə, böyük uğurdu. Norveç İslandiyaya 12 xal verən zaman şok keçirdim. Bir neçə saniyədə Azərbaycan iştirakçılarının müqəddaratı dəyişdi”.

Ağayev qalibiyyət sevincini həmyerlilərimiz ilə birgə yaşayıb: “Qələbə qazandıqdan sonra aftoxuliqanlıq etməyə başladım. Maşınımla şəhəri dolanıb, Azərbaycan bayrağını
dalğalandırdım”.

Xalq artistinin fikrincə, Azərbaycanın ikinci olması da normal hesab oluna bilərdi: “Mənə elə gəlir ki, real qalibiyyət əldə olunub. Əslində Azərbaycanın ikinci olması da normal hesab oluna bilərdi. İslandiyalı iştirakçı insafən gözəl oxuyurdu, amma sırf vokalla hər şey ölçülmür”.

Faiq Ağayevi təəssüfləndirən Ukrayna, İsrail, Yunanıstan layiq olduğu qiyməti görməməsi olub. Patrisiya Kaasa gəldikdə: “Patrisiya Kaas müsabiqənin tələblərindən uzaq idi. Bu muğam müsabiqəsinə muğamdan uzaq bir insanı göndərmək kimi bir addıma bənzəyirdi”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar