Azərbaycanlı müğənni “İnternational” radioda
15 dekabr 2010 14:10 (UTC +04:00)

Azərbaycanlı müğənni “İnternational” radioda

Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov bu gün Avropa Yayım Birliyinin Hollandiyada olan “İnternational” radiosunun qonağı olacaq. Amsterdam şəhərində fəaliyyət göstərən beynəlxalq radionun efirində ilk dəfə Azərbaycan musiqiləri səsləndiriləcək. Bu barədə Lent.az-a məlumatı radionun musiqi departamentinin rəhbəri Yurgen Boyrinq verib. Onun sözlərinə görə, Seyran Avropa ölkələrində qəbul olunan performansa malik müğənni olduğu üçün radionun bugecəki canlı efirində qonaq qismində iştirak edəcək.


Avropalı həmkarımız bildirib ki, onun işlədiyi radionun efiri daim perspektivli gənclərə açıqdır: “Seyranın mahnılarını Belçikada konsert zamanı eşidəndə onunla maraqlandım. Mənə “Almaniyada yaşayan azərbaycanlı müğənnidir”, dedilər. İstədim ki, mənim bəyəndiyim mahnıları bütün Hollandiya da eşitsin. Buna görə də, Seyranı canlı efirə dəvət etdim. Hazırda “Eurovision”a hazırlaşdığını deyərək, proqramda iştirakdan imtina etmək istəsə də, onunla canlı bağlantı yaradacağıq. Seyran bu gecə “İnternational” radioda telefonla özü mahnılarını təqdim edib, aparıcının və dinləyicilərin suallarını cavablandıracaq”.


Yurgen Boyrinq efirdə səslənəcək mahnılar haqqında da danışıb: “Seyran “Wild kises”, “Qanadsız mələklər” və “Wer liebe lebt” (“Sevgini yaşayanlar” - alman müğənnisi Mişelin (Michelle) repertuarından) mahnılarını özü təqdim edəcək”.


Qeyd edək ki, Seyran İsmayılxanov “Eurovision 2011” mahnı yarışmasında Azərbaycanı təmsil etməyə layiq ən iddialı namizədlər sırasındadır.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar