Nazpəri Dostəliyeva: “Siz, yaxşısı budur, Röyaya baxın!” - MÜSAHİBƏ - FOTO
14 dekabr 2010 16:25 (UTC +04:00)

Nazpəri Dostəliyeva: “Siz, yaxşısı budur, Röyaya baxın!” - MÜSAHİBƏ - FOTO

- Nazpəri xanım, sizi çox fərqli gördüm. Ötən müsahibədən bəri çəkiniz xeyli azalıb...

- Aylardır əziyyət çəkirəm. (Gülür) Əlbəttə, dəyişik görəcəksiniz... Bunun bir sirri var - idman! Günlük proqramım demək olar ki, eynidir. Hər axşam köməkçim Mikayılla bərabər sabaha olan günlük proqramı nəzərdən keçirirəm. Orda demək olar ki, hər gün təkrarlanan söz birləşmələri bunlardır: filan saatda Universitetdə dərs, studiya və idman…

- Universitetdə tədris etməyiniz sirr deyil, ölçünüz də günlük proqramı təsdiq edir. Bəs yaradıcılıq? Səhv etmirəmsə, layihəniz artıq ötən ilki tarixdə qalıb…

- Məgər mən bu günə qədər bir-iki aydan bir böyük layihələr təqdim etmişəm? Bəzən deyirlər ki, Nazpəri xanım, xalq artisti adı alandan sonra daha əvvəlki kimi aktiv deyilsiniz. Qətiyyən! Hansısa bir layihəni hazırlayıramsa, nəyi nə zaman edəcəyimdən çox, necə təqdim edəcəyimi düşünürəm. Mən iki-üç aydan bir albom çıxarmalıyam, yoxsa konsert verməliyəm? “Sehr” albomumun artıq 4 mahnısına klip çəkdirdim. Bu günlərdə efirə vermişəm. Bu ərəfədə kanallara qonaq oldum. Layihə olacaq, amma hər şeyin vaxtı və zamanı var. Mənim sənətim kiməsə maraqlıdırsa, o gözləməyi bacaracaq.

- Deməli, hazırlıq görürsünüz?

- Mən həmişə çalışıram. Baxmayaraq ki, tələbələrim var, özüm də tələbə kimi çalışıram. Hər gün öyrənirəm.

- Yox, mən başqa hazırlıqdan danışıram. Misal üçün, bu ölkədə və ölkədən kənar konsert də ola bilər. Və ya daha geniş layihə...

- Bilirsən, bu günədək ölkədən kənar çox yerlər gəzmişəm. Konsertlər vermişəm, qısası, nə isə etmişəm. Fikirləşirəm ki, səhnədə o qədər istedadlı gənclər var ki, artıq zaman onların zamanıdır.

- Siz özünüzü səhnədə artıq görmürsünüz? Belə fikrə gəlmək üçün tez deyil?

- Yox, gəl belə danışaq. Mən demirəm Azərbaycan səhnəsi üçün xarüqələr yaratdım. Lakin mən Azərbaycan incəsənətində yəqin, müəyyən rol oynaya bildim ki, fəxri ada layiq görüldüm. İndi də boş oturmamışam, iki albomu birdən hazırlayıram. Biri aşıq mahnılarından ibarət albomdur, digəri pop musiqiləri olacaq. Bu axı, hərəkətsiz olmağımdan xəbər vermir! Ölkə xaricində konsertlərə dəvət alıram, daha çox bayram ərəfələrində təkliflər gəlir. Artıq mənim reallaşdırmaq istədiklərim və tələblərim açığı bir az fərqlidir. Misal üçün, mən ölkə xaricində konsert təklifi alıramsa, çox istəyirəm ki, geniş auditoriya qarşısına çıxam. Türkiyənin Kibariyəsi Bakıya kiçik salonda konsert vermək üçün gəlir? Yox!
Qaldı sənin sualına, Nazpəri Dostəliyeva səhnədən o vaxt gedəcək ki, səsinin gücünü itirəcək. Özümü səhnədə görməyim o qədər vacib deyil, bir gün məni heç kim sevməsə, və ya mən müğənnilik edə bilməsəm, səhnədən gedəcəyəm…

- Etiraf edin ki, illər sizi yorub. Artıq əvvəlki kimi səhnəyə həvəsli deyilsiniz.

- Bilirsiniz, vaxt var idi, mən səhnədəki özbaşınalıqdan, qeyri-istedad bumundan narahat və narazı idim. Lakin indi daha rahatam. Bilirsiniz niyə? Zaman keçdikcə məni narahat edən səslərin səhnədən və radio dalğalarından itdiyinin şahidi oldum. Və anladım ki, mənim yaşadıqlarım sadəcə hüceyrə itkisidir. Səhnə səhnəni sevənləri sevir. Siz, yaxşısı budur, Röyaya baxın! Bu qız niyə məşhurdur, niyə sevilir bilirsiniz? Çünki səhnəni dəlicəsinə sevir! Mən də belə həvəslə gəldim və sevildim.

Mən niyə həvəssiz olum ki? Kimsə mənim sevilmədiyimi iddia edirsə, tamaşaçı qarşısına çıxanda kənardan müşahidə eləsin. Niyə ruhdan düşüm ki? Bu günə qədər hansı gənc müğənni ekrana çıxıb dedi ki, Nazpəri xanım mənə filan konsertdə, el şənliyində maneə yaratdı, paxıllıq etdi, qarşımı kəsdi…
Mən sənə bu etirafı etməyəcəyəm. Məni illər yormayıb. Sadəcə, daha rahatam. Görəcəyim o qədər işlər var ki! Gənclərə mane olmamağı çalışıram. Elə işlər görməyə çalışaram ki, gələcək nəslə faydası olsun.

- Amma ATV kanalında adınız anons olunanda bu qədər rahat deyildiniz?

- Mən o barədə bir müsahibəmdə danışdım, artıq danışmayacağam. Sözügedən kanal barəsində bu saatdan sonra heç nə danışmaq istəmirəm. Sadəcə uğurlar arzu edirəm!

- Maraqlıdır, sizə uğur arzu edən dostlarınız var?..

- Bəlkə mənə inanmayacaqsan, lakin çox səmimi sözümdür. Azərbaycan səhnəsində elə bir müğənni yoxdur ki, onun varlığı məni narahat edir. Bizim səhnəmizdə hamının yeri var. Hamının auditoriyası və sevəni var.

- Amma sizi sevməyən sənət adamları var… Hətta sizi hələ də həzm etməyənlər…

- Allah canlarını sağ eləsin. Mən onların bu problemlərini necə həll edə bilərəm? Səhnədən getməklə? Səsimi itirməklə? Yoxsa xarici görünüşümə fikir verməməklə? (Gülür).

- Onların barışmadıqları bilirsiniz nədir? Deyirlər qısa vaxt içində tez nüfuz və fəxri ad qazandınız...

- Mənə qısa müddətdə “Nə olar, Allahım”, ardınca o vaxtlar dillər əzbəri olan silsilə mahnılarım, ölkə xaricində bir-birinin ardınca verdiyim konsertlər, layihələr uğur gətirdi. Düz deyirlər, başqalarının bəlkə də illərlə əldə edə bilmədiyini iradəmlə, çalışqanlığımla qısa vaxtda əldə etdim, razıyam!

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1618

Oxşar yazılar