Nisə Qasımova: “Ailə üzvlərimə tapşırmışam, evdə müğənni adı çəkilməsin!” - MÜSAHİBƏ
08 noyabr 2010 15:45 (UTC +04:00)

Nisə Qasımova: “Ailə üzvlərimə tapşırmışam, evdə müğənni adı çəkilməsin!” - MÜSAHİBƏ

Azərbaycanın xalq artisti Nisə Qasımovanın Lent.az-a müsahibəsi

- Nisə xanım, bu dəfə də konsert ərəfəsində görüşməli olduq...

- Bəli, artıq konsertdən xəbəriniz var, “Ulduzlar görüşəndə” adlı layihənin aparıcı və təşkilatçısı özüməm, konsertlərin davamı da olacaq. Bu, mənim üçün yenilikdir. Konsert proqramlarımın təşkilatçısı Yasin Seyiddir.
Oğlum mənə xəbər verdi ki, Yasin artıq Bakıdadır. Oğlum Fətulla görüşümüzü təşkil etdi və görüşdə fikirlərini açıqladı, dedim, sən ürəyimi oxumusan.

- Niyə məhz Gülden Qaraböcək?

- Son vaxtlar çox gənc müğənnilər vətənimizə gəlib. 80-ci illərdə Nəşə və Gülden Qaraböcək bacıları Azərbaycanda çox populyar idi. Biz qərara gəldik ki, Azərbaycanda hələ də yaşlı nəsil arasında onların ifasına tələbat varsa, niyə də olmasın?!

- Yaxşı, niyə məhz 13? Adətən 13-ü nəhs rəqəm kimi qəbul edirlər, lakin bilirəm ki, siz 13 fevralda anadan olmusunuz.

- 13 şüurlarda nəhs rəqəm kimi qalır. Mən isə nəhs kimi baxmıram. Ən uğurlu işlərim 13 rəqəmli tarixlərdə alınıb. Əslində biz konserti noyabrın 8-də, ya da 9-da keçirmək istəyirdik, elə oldu ki, noyabrın 13-ə təyin olundu. Allah məni bu rəqəmlə həmişə sevindirib.

- Siz Şərq dünyasına yaxınsınız, oranın musiqilərinə yaxşı bələdsiniz, repertuarınızda da var, gələcəkdə fars və ərəb müğənnilərilə birlikdə səhnə almaq fikriniz varmı?

- Hökmən! Əvvəlcədən demək istəmirəm. Elə müğənnilər var ki, onlarla görüşmək istəyirdim, imkan yarananda işlərim ya çox olurdu, ya nə isə başqa səbəblər ortaya çıxırdı. Öz-özümə deyirdim ki, o gözəl Allah şərait yaradarsa, nə vaxtsa istədiyim müğənnilər ilə görüşərəm. İndi gözəl fikirlərim var, nəfsdən-nəzərdən o qədər qorxuram ki, sizin də ağlınızda hansısa müğənni varsa, adını açıqlayıb mənə sual verməyin.

- Son vaxtlar mətbuatın konsertlərdə iştirakına qadağalar qoyulur, xüsusən də xaricdən gələn müğənnilərlə görüş məhdudlaşdırılır. Bu dəfə vəziyyət necə olacaq?

- Mətbuat bizim üçün həmişə əhəmiyyətlidir. Bizim onlarla əməkdaşlıq etməməyimiz mümkün deyil. Əlbəttə, onlar konsertin məxsusi qonaqları olacaqlar.

- Hər sənətçinin öz prinsipləri olur. Siz illərin sənətçisini qonaq çağırmısınız. Onun qarşınızda hansı şərtləri var?

- Heç bir şərt qoymayıb. O müğənni bizim vətənimizdə olmağı çoxdan gözləyir, konsertdə 5 Azərbaycan mahnısı səsləndirəcək. Onun istəyi Azərbaycan xalqı ilə bərabər olmaqdır.

- Duetləriniz olacaq?

- Bilirsiniz, hər ikimiz sənətçiyik, hərəmizin öz ismarıclarımız, mahnılarımızla deyəcəyimiz sözlərimiz var. Qoy hərə öz dünyasında qalsın. Bədahətən nə isə olsa, vəziyyət yaransa, o vaxt ruh vəziyyətim buna imkan versə, əlbəttə, ola bilər. Gülden Qaraböcək Azərbaycana gələn kimi Heydər Əliyevin məzarını ziyarət edəcək. Özü bizdən bunu istəyib.
Mən öncəgörən deyiləm, konsertin nəticəsi necə olacaq, onu da bilmirəm, bircə onu bilirəm ki, qonaqpərvərliyi bacara bilsəm, hamı mənə “əhsən” deyəcək.

- Diqqətimi çəkən məqam sizin konsertdə proqram tərtibatçısı olmağınızdır. Bundan başqa yeni “Nisa” jurnalı ilə də qarşımıza çıxdınız.

- Allah rəhmət eləsin, anamdan sonra yaradıcılığımda və daxilimdə dərin boşluq var idi, başımı işlə qatmaq istəyirdilər. “Nisa” adı çoxdan fikrimdə idi, rəfiqəmlə illər öncə biz “Nisa” qəzeti çıxarmaq fikrində idik.

Anam rəhmətə gedəndən sonra inanmırdım səhnəyə çıxam. Yorğun vəziyyətimlə jurnal işinə başladım. Bu birinci sayıdır, əlbəttə, səhvlər çoxdur.

- Sizinlə işləmək çətindir, yoxsa asan?

- Çətindir. Lakin bilmək lazımdır ki, bu iş münasibətimdir. İş bitəndən sonra ətrafımdakılar bilməlidir ki, onlar əvvəlki kimi mənim əzizlərim, doğmalarımdırlar.

- Nisə xanım, yanınızda köməkçiniz Hüseyn əyləşib, çoxları sizin iştirak etdiyiniz bir teleproqramdan sonra vəziyyəti başqa cür şərh edirlər, çoxlarına elə gəlir ki, köməkçi Hüseyn sizin doğma oğlunuzdur.

- Hüseyn: Mənim bu proqramda iştirak edəcəyimdən Nisə xanımın xəbəri yox idi. Nisə xanımı necə illərdir tanıyıram, həmişə düşünmüşəm ki, o sənətkardır, onun nazı ilə oynamaq lazımdır. Mənim üçün onun yanında olmaq şərəfdir. Bəziləri dedilər, sənə nə qədər pul veriblər çıxıb ağlayasan? Bəziləri dedi, doğrudan belə oldu, yoxsa proqram qurma idi? Mən öz yaşadıqlarımı etiraf edib demişəm. Nisə xanıma da zəng edib soruşurlar ki, bu bəlkə həqiqətən də neçə ildən sonra üzə çıxan oğlunuzdur? Nisə xanımın yanındayam, bunlar hamısı şayiələrdir.

Nisə Qasımova: Son zamanlar artıq heç kimə inanmıram. Heç kim məndən inciməsin. Gözümlə görüb, qulağımla eşitdiklərimə inanıram. Ona görə də Hüseyn də məndən inciməsin. Ünvanıma gələn xoş sözlər məni incidir. Əksinə, bir az sərt olsunlar, haqqımda bir az sərt danışsınlar!
O qədər yalançı nağıllar eşitdim ki, artıq qəbul etmirəm. Bu gündən sonra reallığı qəbul etmək istəyirəm. Çünki mən ulduz layihəsindən gəlməmişəm ki, xoş sözlərə ehtiyacım ola. Bircə etiraf edim ki, təşkilatçı Yasin müəllimdən xoş sözün vədini almışam. Demişəm konsertə qədər çox böyük stress, əsəb ola bilər, nə olur-olsun, zalda beş və ya iki min adam olsun, yalandan da olsa, səhnəyə çıxmazdan öncə qulağıma xoş söz de. Səhnə aldadıcı məkandır, insanların gözü ifaçıya zillənir.
Mən böyüməmişəm, bilirsiniz nə vaxt böyüdüm? Anam dünyasını dəyişəndə. Ailə üzvlərimə də, doğmalarıma da tapşırmışam, evin içində, müğənni adı çəkilməsin! Ailə söhbətindən kənar bir mövzu müzakirə olunmasın! Müğənni haqqında pis söz dedim, deyəcəklər Nisə paxıllıq edir, yaxşı desəm də, deyəcəklər yaltaqlıq etdi...

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776

Oxşar yazılar