“Toppuş Bacı”: “Artıq məni sevən şəxs var...” - MÜSAHİBƏ
26 oktyabr 2010 16:18 (UTC +04:00)

“Toppuş Bacı”: “Artıq məni sevən şəxs var...” - MÜSAHİBƏ

Azərbaycanın əməkdar artist Tünzalə Əliyevanın Lent.az-a müsahibəsi

- Tünzalə xanım, gəlin əvvəlcə yayılan xəbərlərə aydınlıq gətirək. Deyilənlərə görə, sizin kökəlməyinizin səbəbkarı elə arıqladığınız tibbi mərkəzin özüdür, çünki hansı məşhurlar ki, orada arıqlamışdılar, onlar yenidən həmin çəkini qaytarıblar.

- Yox, səbəb bu deyil. Mən 8 ay pəhriz saxladım, 60 kiloqram arıqladım. Bayram vaxtı dedim bir paxlava yeyim, yenə də pəhrizə girəcəyəm, qoy birini də yeyim... Bu gedişlə, yeməyin qarşısını ala bilmədim.

- Axı siz Novruz bayramından danışırsınız, iki-üç ay bundan öncə çəkinizin azalmağı hiss olunurdu...

- Hiss olunmurdu. Hər dəfə iki-üç kiloqram kökəlirdim, yavaş-yavaş çəkim artırdı, bu əvvəllər hiss olunmurdu...

- Maraqlıdır, sizin ən az çəkiniz nə vaxt, neçə yaşında olub? Həmişə kök olmusunuz?

- Özümü tanıyandan 90 kiloqramdan aşağı olmamışam. Uşaqlıqda “totuş-motuş” olmuşam, lakin kök olmamışam. Yedim-yatdım, yedim-yatdım... Bir də ayıldım ki, artıq kökəlmişəm...

- Köklüyün ən böyük fəsadı nədi sizin üçün?

- Oy, fəsadı çoxdur! Əvvəla, ayaqlarıma ağırlıq çökmüşdü. Həkimə getdim, mənə dedi çəkin 70 kiloqram olmalıdır. Mən də 164 kiloqram idim, deməli hardasa, 100 kiloqram arıqlamalı idim. 60 kiloqram çəkimi azaldanda özümü yaxşı hiss edirdim. Gümrah, şən idim, elə bil qayğılardan azad olmuşdum. Əvvəl həyat eşqim yox idi, özümə nifrət edirdim. Bu yaxınlarda ayıldım ki, yenə bu gündəyəm.

- Kökəlməyiniz depressiyanın nəticəsi deyil?...

- Yox, depressiyaya düşməmişdim, sadəcə işim çox idi. İllərlə belə kök olmuşam. Şəxsi həyatım olmayıb deyə də bilmərəm, olub da deyə bilmərəm... Arıqlayandan sonra güman etdim ki, şəxsi həyatımda dəyişiklik olacaq. Amma şəxsi həyatda o istədiyim şey alınmadı. Kökələndən sonra şəxsi həyatımda dəyişikliklər baş verdi. Hər halda artıq məni sevən var. İnşallah, ziyarətə getməyi düşünürəm.

- Bayaq dediniz, demək olar ki, həyatımda sevgi olmayıb. Bu, ilk real sevginizdir?

- Hər halda, ilk qarşılıqlı sevgidir. Daha doğrusu, inandığım sevgi... Mən insanların puluna, varına, gözəlliyinə qiymət vermirəm. Əsas insanlığa qiymət verirəm.

- Tamaşaçıya komplekssiz, şən əhvallı insan təəssüratı bağışlamağa çalışırsınız. İstər-istəməz üzünüzdə əziyyət, gözünüzdü nigarançılıq hiss olunur...

- ...mən çox işləyirəm. Dayanmadan, istirahətsiz işləyirəm. Qayğılarımı həll edirəm. Ailədə yüküm çoxdur. Ummasalar da, ailədə üzdə olan insan olduğum üçün qayğıları öhdəmə götürmüşəm. Bu yolda 10 manat pul qazanıramsa, onu bölürəm. Pəhrizi-filanı unutdum, özümü işə verdim, bir də baxdım, yenə kökəlmişəm...

- Proqramların birində qardaşınızın evindən çəkilişə baxdım. Maşallah, evin görünüşünə baxanda imkanlı olduğu hiss olunurdu...

- ...hamı elə bildi ki, bu onun öz evidir, mən də bənd olmadım bu söz-söhbətlərə... Həmin o qardaşımla 20 ildir kirayədə qalıram. Hərdən bunları danışıram, o demək deyil ki, ağlayıram, şükür əlim-ayağım var, Allah ömür versin, hər şeyi özüm həll edəcəyəm. Yaşadığım evi kim görsə, haqqımda fikirləri tamamilə darmadağın olar. Bir adamın ki yaşadığı evdə “trap” yoxdur. Ümumi həyətdə ikiotaqlı mənzildə yaşayırıq.

- Axı siz şöhrətpərəst biri kimi tanınmırsınız, nə əcəb, belə dəbdəbəli evdə çəkiliş etmək fikrinə düşdünüz?

- İnanın, ətrafımda elə insan yoxdur ki, onun evi çəkiliş üçün yararlı ola. Üstəlik, heç kimi də narahat etmək fikrində deyiləm. Mən öz kirayə qaldığım evdə də çəkiliş edə bilərdim. Sadəcə, o qədər insanları o evə yığmaq problemi var idi. O qədər insanı ora sığışdırmaq, bişirib çatdıra bilmək var idi.

İnanın ki, çəkilişə bir gün qalmış mən ağlaya-ağlaya ev axtarırdım... Çəkiliş apardığımız ev də mənim uzaq qohumumun evi idi, təsadüfən gecə saat 12-də qardaşım onların evinin önündə maşını saxladı... Çəkilişə gedəndə hələ bilmirdim ki, o evdə nə haradadır...

- Deyirsiniz, 37 yaşım var, bu günə qədər özünüzə dair şəxsi həyatınız belə olmayıb, ailənin yükü çiyninizdədir. Hər insanın daxilində partlayışlar olur, elə vaxtlarınız olubmu, deyəsiniz, bəsdir, bir az da özüm üçün yaşayım?

- ...Son zamanlar içimdə bu var. Ailədə məni başa düşürlər, şikayət etmək istəmirəm. İstəyirəm açıb deyəm ki, yenə mən varam, yenə kömək edəcəyəm, lakin ayrı həyat qurmaq istəyirəm... Ona görə də hər şeyi Həcc ziyarətinin üstünə atmışam. İstəyirəm ziyarətdən gələndən sonra hər şeyi aydınlaşdıram. Ailə həyatımı da, şəxsi məsələləri də, ziyarətdən gələndən sonra, inşallah, aydınlaşdıracağam.

- Xarakterinizi necədir? Dözümlü insansınız?

- Çox güclü insanam, hər kişi mənim kimi dözümlü deyil. Arıqlamağıma diqqət edin. Kişilərdən bir Oqtay Əliyev, qadınlardan təkcə mən o qədər çəkini azalda bildim.

- Həyatda özünüzə dayaq tapmısınız, bu sizə sabah üçün nəyi vəd edir? Nəyə son qoyacaqsınız?

- Kişi həyatına son qoyacağam. Mağazaya getmək, ağır çəkidə ərzaqları daşımaq... məni yoran kişi işlərinin dalınca getmək idi. Demirəm işləməyəcəyəm. Hazırda üç televiziya layihəsində işləyirəm. El şənlikləri, filan... Bu boyda yükün altına girmişəm.

- Bu qədər işlərdən danışdınız, bu qarışıqlığın içində necə oldu ki, işarə etdiyiniz o şəxsə rast gəldiniz?

- Mən sizə hər şeyi danışacağam, lakin Həcc ziyarətindən sonra! Çünki gərək özüm-özümlə, Allahımla baş-başa qalam, planlarımı qurum, düzümü-səhvimi götür-qoy edim. 50 faiz güman edirəm ki, hər şey yaxşı olacaq.

- Qərarlarınızda bir qədər inamsızsınız. Ətrafdan çox ziyan görmüsünüz?

- O qədər insan masamın başında çörək yeyib ki! Lakin həmişə mənə xəyanət edib.

- Çətin dövrünüzdən bu günə qədər yanınızda olan sənət dostunuz var?

- Hamı ilə münasibətim yaxşıdır. Tək bir nəfərdən başqa! Adını çəkməyəcəm, zəhləm gedir ondan! Layiq bilmirəm adını çəkməyi. Onunla da dava-şava olmayıb, sadəcə adını çəkmək istəmirəm.

- İrəvan teatrını niyə tərk etdiniz?

- Həyatıma, dolanışığıma görə. Çatdıra bilmirdim. Yüküm çox idi. Bəzi çatışmazlıqları aradan qaldırım, yenidən qayıdacağam.

- Deyilənlərə görə, teatrdan narazı ayrılmısınız.

- Yox. Heç bir problem olmayıb, ərizəmi yazıb çıxmışam. İndi də teatrın direktoru İftixar müəllimlə əlaqəmiz var. Məşqlərə gecikirdim. Əhmədlidə yaşayırdım, gəlib-getmək çətin olurdu. Saatlarla məşqlərdə xalq artistlərini gözlətməkdən utanırdım.

- Sənət adamı kimi statusunuzdan, tutduğunuz mövqedən razısınız?

- Əlbəttə! Beş ilə yaxın İrəvan teatrında işlədim, əməkdar artist adını aldım. Beş ildə əməyimi dövlət qiymətləndirdi. Hələ nə etmişəm ki, nə də umam? Elə insan var ki, neçə ildə işləyir, hələ də əməkdar artist deyil, mən onların yanında oturmağa utanıram.

- Hər sənətçinin yaradıcılığının pik nöqtəsi var. Sizi daha çox “Toppuş bacı” kim sevirlər. Zaman keçdikcə “Toppuş bacı” aktrisa Tünzalə Əliyevaya düşmən ola bilər.

- Bilmirəm, hələ bu vaxta qədər çalışmışam obrazları başqalaşdıram. Vaqif Mustafayev məni filminə dəvət edəndə çalışdım, obrazımla tam başqa bir həyatı oynayıb ortaya çıxaram. Gərək məni rejissorlar tamaşalara, filmlərə dəvət etsinlər ki, tamaşaçı da məndən yorulmasın. Bundan yararlanıramsa, buna da qane olmuşam. İndi eşitmişəm ki, məni Vaqif Mustafayev yeni filminə dəvət edəcək. Görək...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3337

Oxşar yazılar