İcra başçısına gedən RÜŞVƏT: pullar hansı yollardan keçib? – MƏHKƏMƏ
28 mart 2022 15:01 (UTC +04:00)

İcra başçısına gedən RÜŞVƏT: pullar hansı yollardan keçib? – MƏHKƏMƏ

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər, icra nümayəndələri dindirilib.

Zərərçəkmiş İmişli şəhər bələdiyyəsinin sədri Telman İsmayılov bildirib ki, mağazaya sərəncam almaq üçün Cəmil Musayevə 1200 manat pul verib və rüşvətdən sonra münasibəti normallaşıb:

“Vilyam Hacıyevlə münasibətim normal olub. Dostum Taleh Şirəliyev mağaza açmaq üçün sərəncam almaq istəyirdi. Mən də sərəncamın verilməsi üçün Vilyam Hacıyevdən xahiş etdim. O da prosesi Cəmil Musayevə həvalə etdi. Cəmil Musayevlə görüşdüm, 1200 manat pulu təqdim etdim. Pulu təqdim edəndən sonra sərəncam aldıq”.

Şahid qismində çıxış edən icra hakimiyyətinin nümayəndəsi Əli Qurbanov ifadəsində vəzifəyə təyin olunmaq üçün 4 min manat pul verdiyini deyib:

“İmişli rayon Göbəktala kənd bələdiyyəsinə təyin olunmağım üçün şöbə müdirinə 4 min manat pul verdim. Pulu verdikdən sonra vəzifəyə təyin olundum. Verdiyim məbləğ isə rəsmiləşməmişdi”.

Zərərçəkənlərdən fərdi sahibkar Zülfüqar Cabbarov qeyd edib ki, 156 hektar torpaq üçün 16 000 manat pul verdim:

“Əkin üçün torpaq sahəsi lazım idi. Buna görə İmişli rayon İcra hakimiyyətinə müraciət etdim. Müraciətimə baxıldı və 156 hektar torpaq üçün 16 000 manat vəsait verməli olduğum deyildi. Vəsaiti ödədiyim zaman heç bir rəsmiləşdirmə prosesi aparılmayıb”.

Vilyam Hacıyev zərərçəkən Zülfüqar Cabbarovun ifadəsinə narazılığını bildirib.

O qeyd edib ki, icra hakimiyyətinin sərəncamı olmadan heç kəs pul ödəyə bilməz:

“Yeni qaydalara əsasən, torpaq hərraca çıxarılır və onun dəyərinə uyğun qiymət qoyulur. Hərraclarda kim qalib olursa, torpaq həmin şəxsə verilir. İcra hakimiyyətinin sərəncamı olmadan siz necə pul ödəyə bilərsiniz?“.

Digər zərərçəkən şəxs İmişli rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyevdir.

O, ifadəsi zamanı deyir ki, “Ölkəmizi tanıdaq” layihəsi üçün icra hakimiyyətinə 3 000 manat pul verib:

“Vəzifəyə təyin ediləndən sonra Vilyam Hacıyev məni əsassız yerə sıxışdırırdı, pul istəyirdi. Daha sonra ona 3 min manat pul verdim.

Vəzifəyə müsabiqə yolu ilə təyin olunmuşam.

Sadəcə icra hakimiyyətinin mühasibatlığına “Ölkəmizi tanıdaq” layihəsi ilə bağlı 3000 manat pul vermişəm. Bu vəsait uşaqların digər rayonlara ekskursiya xərcləri idi”.

İmişli rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Fizuli İsayev söyləyir ki, rayonda hər hansı layihə həyata keçirmək istəyən ayrı-ayrı şəxslər zərfin içərisində pul gətirib verirmiş:

“2017-ci ilə qədər İmişli rayon icra hakimiyyəti başçısı köməkçisi işləmişəm. Tədbir, konsert, abadlıq işləri ilə bağlı kassaya zərfin içərisində pul gətirirdilər.

Məsəl üçün rəhbər deyirdi ki, filankəs gələcək onun gətirdiyini mənə təqdim edərsən. Mən də dediyini edirdim”.

Aqronom Həşim Camalov qeyd edib ki, pambıq sahəsi üçün icra hakimiyyətinə 10 000 manat pul verib:

“Pambıq əkmək üçün torpaq sahəsi lazım idi. İcra Hakimiyyətinə müraciət etdim. 10 000 manat pul tələb etdilər. Mən də 10 000 manatı Cəmil Musayevə təqdim etdim. Bundan sonra pambıq sahəsi verildi”.

Sahibkar Elçin Atakişiyev mağazasını böyütmək üçün icra hakimiyyətinə 1000 manat pul verdiyini deyib:

“Mağazamı böyütmək üçün ərizə ilə icra hakimiyyətinə müraciət etdim. Sərəncam verilməsi üçün 1000 manat vəsait ödədim. Pulu da icra hakimiyyətində mühasibatlığa verdim”.

İmişli rayon Beton zavodunun müdiri Samir Mirzəyev bildirib ki, rayonda tikilən binanın betonunu vermək üçün icra hakimiyyətinə 3000 manat pul verib:

“Mən İmişli rayon Beton zavodunun müdiri vəzifəsində işləyirəm. Rayonda tikiləcək binanın betonunu vermək üçün icra hakimiyyətinə müraciət etdim. Bunun üçün mənə 3000 manat pul verməli olduğumu dedilər”.

Şahidlərdən Əziz Hüseynov 100 hektar torpağa sənəd almaq üçün 20 min manat, Tamerlan Qurbanzadə mağazasına sərəncamın verilməsi üçün 2 min manat pul verdiklərini qeyd edib.

Vilyam Hacıyevin vəkili Elmar Kərimov şahidin ifadəsinə etiraz edərək rüşvət verdiyini boynuna aldığı səbəb ilə məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.

Vilyam Hacıyev məhkəmədə bəzi şahidlərin ifadə vermək üçün əvvəlcədən öyrədildiyini iddia edib:

"Şahidlərin bəzilərinin heç işə aidiyyəti yoxdur, cinayəti boynuma qoymaq üçün bu cür işə aidiyyəti olmayan şəxsləri danışdırıblar."

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

 

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3401

Oxşar yazılar