Avropa çempionunu öldürdü,  həbs olunmadı - "Qız söhbəti" "pul söhbəti"nə  necə çevrildi?
02 sentyabr 2025 20:15 (UTC +04:00)

Avropa çempionunu öldürdü, həbs olunmadı - "Qız söhbəti" "pul söhbəti"nə necə çevrildi?

1

CİNAYƏT İŞİ

Qısa arayış...

2020-ci il fevralın 1-də Şamaxıda qətl hadisəsi olur. Rayon Polis Şöbəsinə gələn Orxan Hacıyev adam öldürdüyünü bildirib. Məlum olub ki, “Yeddi Günbəz” adlı qəbiristanlıqda 1995-ci il təvəllüdlü Ruslan Surxayev qətlə yetirilib. 
 
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Anket məlumatlarına əsasən, Orxan Hacıyev 1991-ci ildə Şamaxı şəhərində anadan olub, “Grapplin və MMA” qaydasız döyüş idman növü üzrə fərdi müəllim işləyib, əvvəllər məhkum olunmayıb.

Ruslan Surxayev yeniyetmələr arasında 3 dəfə sərbəst güləş idman növü üzrə Azərbaycan, 2012-ci ildə Avropa çempionu olub. Sosial mediada məlumatlar yayılıb ki, Surxayev son zamanlar idmanla məşğul olmayıb və cinayət aləminə yaxın şəxs olub.

Ruslan Surxayev

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Ruslan Surxayev həmyerlisi Orxan Hacıyevdən hədə-qorxu yolu ilə müxtəlif məbləğlərdə pul tələb edərək, alıb. 2020-ci il fevralın 1-i gecə saat 1 radələrində Surxayev, barəsində ayrı icraata cinayət işi ayrılmış bir nəfərlə Hacıyevin yaşadığı Şamaxı şəhəri, H.Mahmudbəyov küçəsi, 14 ünvanın yaxınlığına gedib və ondan küçəyə çıxmasını tələb edib. İradəsinə zidd olaraq evdən çıxan Orxan Ruslan tərəfindən ona qarşı yenə də qanunsuz hərəkətlər ediləcəyini düşünüb. Bunun üçün o, qorxutmaq məqsədilə məişət təyinatlı bıçağı götürüb, şalvarın kəmərinə keçirib. Ruslanın idarə etdiyi, ağ rəngli “VAZ 2121” markalı avtomobilin arxa oturacağına əyləşib. Şəhər ərazisində yerləşən “Yeddi Günbəz” adlı qəbiristanlığa gəliblər. Maşından çıxandan sonra Ruslan yumruqla üzünə zərbə vuraraq, hədə-qorxu ilə ondan yenidən 100 manat pul verməsini tələb edib. Orxan Ruslanın mütəmadi qanunsuz davranışı ilə əlaqədar yaranmış dözülməz şərait nəticəsində, həmin şəxs və dostları tərəfindən dəfələlə döyülüb, alçaldığına görə bıçağı kəmərindən çıxarıb. Orxan Hacıyev bədəninin müxtəlif nahiyələrinə dəfələrlə zərbələr vuraraq, Ruslanı qəsdən öldürüb.


 
İş üzrə dindirilmiş Orxan Hacıyev bildirib ki, yanvar ayında tanımadığı nömrədən ona zəng edən şəxs kef-əhvalını soruşub. Kim olduğunu soruşduqda, danışan şəxs güləşçi Ruslan Surxayev olmasını və onunla işi olduğunu söyləyib:

“Həmin vaxta qədər Ruslanın nömrəsini tanımırdım, amma adını eşitmişdim. Univermağın yanında dayanan əvvəldən tanıdığım Fərhada və Ruslana yaxınlaşaraq, salamlaşdım. Ruslan mənimlə söhbəti olduğunu və gedib rahat bir yerdə söhbət etməyimizi dedi. Bundan əvvəl mənimlə Fərhadın arasında sevdiyim Ramilə adlı qıza görə söhbətim olub. Çay evində, söhbət əsnasında Ruslan mənə düz hərəkət etmədiyimi, gücümə güvənib qızı Fərhadın əlindən aldığımı bildirəndə, onlara düz danışmadıqlarını sübut etdim. Bundan sonra Ruslan guya orda bu söhbəti bağladı və Fərhada bir daha həmin xanıma yaxın durmamasını tapşırdı. Bir həftədən sonra Fərhad mənə mesaj yazaraq, əsgərliyə çağırıldığını söylədi, məni və digər tanışlarını yeyib-içməyə dəvət etdi. Çay evinə çatanda, sol tərəfdəki kabinetdən çıxan Fərhad mənimlə salamlaşdı, amma Ruslan salamsız-kəlamsız mənimlə işi olduğunu dedi.

Orxan Hacıyev

İçəri keçəndə orda Ruslandan əlavə üç nəfərin də olduğunu gördüm, həmin şəxsləri tanımırdım. Masada spirtli içki vardı. Ruslan mənə "bu nə hərəkətdir, bilirsən ki, bu oğlan da həmin xanımı istəyir, durub ona acıq edirsən, qızla əl-ələ yapışıb gəzirsən" dedi. Ruslana tanımadığım adamların yanında danışmaq istəmədiyimi və çıxıb çöldə söhbət etməyimizi təklif etdim. Ruslan qarşısında olan viskisini içib, mənə "gəl dalımca" söylədi. Ruslana məxsus "Niva" markalı maşına 5 nəfər əyləşdik. Jarqon ifadələrdən istifadə edən Ruslan mənə "deyəsən sən bizi başa düşmədin, biz qardaşımızı yemə buraxmarıq", "sən idman müəllimi deyilsən, mən səninlə döyüşmək istəyirəm" dedi. Mən yalnız rinqdə döyüşdüyümü bildirəndə, Surxayev təkrar, qəbirstanlığa gedib mənimlə döyüşəcəyini söylədi. Taxıl əkilmiş əraziyə gələndən sonra hamı avtomobildən düşdü. Ruslan yaxamdan tutub məni yerə yıxdı, yumruqla üzümə 2 dəfə zərbə vurdu. Bıçağı çıxarıb, boğazına dirəyərək, üzümə çapıq atacağını dedi”.

Ruslan dava zamanı Orxana gecəyarısına qədər 200 manat pul çatdırmalı olduğunu bildirib. Ardınca daha 2 dəfə Orxanı vurub. Çarəsiz qalan Orxan Bəxtiyar adlı dostuna zəng edib, borca 200 manat verməsini xahiş edib:

“Yalandan məktəbdə şagirdlərdən pul yığdığımı, lakin itirdiyimi söylədim. Bəxtiyar mənə 150 manat verdi. 50 manatı Xəqani adlı dostumdan aldım. Axşam çayxanaya gedib həmin məbləği Ruslana verdim. 1-2 gündən sonra zəng edən Ruslan sözü olduğunu bildirdi. Küçəyə çıxıb onun avtomobilinə əyləşdim. Ruslan qardaşlarına təcili 100 manat pul lazım olduğunu deyəndə, mən ayın axırı olmasını, heç kimdə pul olmadığını və tapa bilməyəcəyimi söylədim. Ruslan bıçağı göstərib, "həmin hərəkət təkrarlanmasın" dedi. Razılaşdım və bibim oğlu Əli Məmmədovdan borca 100 manat alıb Ruslana çatdırdım. Yanvarın 31-də Fərhad mənə mesaj yazaraq, görüşmək istədiyini bildirəndə, bir neçə gün qabaq Ruslanın hədə-qoxu gələrək, məndən pul tələb etdiyini xatırladıb, yalandan yorğun olduğumu və görüşə bilməyəcəyimi dedim.

Ardınca mobil telefonuma iki dəfə Ruslan zəng etsə də, cavab vermədim. Gecə saat 1 radələrində tanışım Məsim Qədirlidən zəng gələndə, cavab verdim. Məsim salamlaşandan sonra, telefonu Ruslana verdi. Ruslan görüşmək istədiyini söyləyəndə, artıq yataqda olduğumu və evdəkilərin narahat olacağını deyərək, görüşməkdən imtina etdi. Amma Ruslan evimin qarşısında olduğunu və 5 dəqiqəlik söhbəti olduğunu bildirərək, çölə çıxmağımı tələb etdi. Evdən çıxarkən Ruslanın danışığından şübhələndim, buna görə mətbəxdən bıçağı götürüb belimə keçirdim. Harasa getmək və dalaşmaq fikrim olsaydı, çöl paltarı, ayağıma ayaqqabı geyinib küçəyə çıxardım. Ruslan maşını idarə etməyə başlamışdı, arxada oturduğumdan maşından düşmək imkanım olmadı”.

Ruslan yolda ona "məni necə oğlan kimi tanıyırsan?" sualını verib və çevrilib, ona sillə vurub. Qorxusundan onu "yaxşı oğlan kimi tanıdığını" deyib. Ruslan sabaha təcili pul lazım olduğunu və onu qəbiristanlıqda başa salacağını söyləyəndə, and-aman edərək ondan evə sürməsini xahiş edib:

“Qəbiristanlığa çatan kimi Ruslan maşından düşüb, salondan çıxmağımı tələb etdi. Maşından düşən kimi Ruslan boynumdan tutub, yumruqla bir neçə dəfə məni vurdu və sabaha 100 manat lazım olduğunu dedi. Yerə yıxıldım. Sonra məni yenidən maşına mindirdilər. Üzü aşağı gedəndə üzbəüz “Lada” markalı avtomobil gəldi. Ruslan nəqliyyat vasitəsini həmin maşının yanında saxladı. Avtomobildən Nurlan, Yadigar və Elmar adlı şəxslər düşüb Ruslangillə görüşdü. Onlar maşında olan şəxsin kim olduğunu soruşanda Ruslan "Orxandır da, sizin idman müəlliminizdir" söylədi. Yadigar dedi ki, məni düşürsünlər. "Niva"ya söykənmiş vəziyyətdə dayananda Yadigar yaxınlaşıb, mənə “böyük qardaşlarına qarşı səhv etdiyimi” dedi və 2 dəfə sillə vurdu. Sonra boynumdan tutub, maşının arxasına apardı və alnıma başı ilə zərbə endirdi. Dizlərim üstə yerə oturdum. Yadigar məni arxadan, Ruslan da yaxınlaşaraq qabaqdan zərbələr vurdu. Yerə yıxılıb əllərimlə özümü qorumağa çalışdım.

Yadigar "deyəsən bu başa düşmədi, gəlin aparaq normal başa salaq" dedi. Yarıhuşsuz vəziyyətdə məni "Niva"ya mindirib, yenidən qəbiristanlığa apardılar. Maşından çıxarıb, yenə döyməyə başladılar. “Lada” markalı maşından çıxan şəxslər də yerdə olduğum vəziyyətdə mənə təpiklə zərbələr endirdilər. Artıq müşavimət göstərə bilmədim. Özümə gələndə “Niva” maşınının yanında olduğumu gördüm, "Lada"nı idarə edən Nurlan adlı şəxs məni çağıraraq, Ruslanı öldürdüyümü bildirdi. Belimə qoyduğum bıçağı necə çıxarmağım və Ruslanı bıçaqlamağım yadımda deyil. Nurlanın maşınına oturaraq, şöbəyə sürməsini bildirdim. Növbətçi hissəyə yaxınlaşıb Ruslan Surxayevi bıçaqla vurduğumu, lakin onun ölüb-ölmədiyini bilmədiyimi dedim. Polis əməkdaşları məni müəllim kimi tanıdıqlarından əvvəl mənə inanmadılar”.

Orxan Hacıyev əlavə edib ki, Ruslan Surxayev özünü cinayət aləminin adamı kimi aparıb. Rayon yeri olduğundan, sonradan üz-üzə gələcəyindən ehtiyat etdiyindən Ruslanın barəsində polisə şikayət etməyib. Yadigarla tanışlığı olmayıb. Nurlan və Məsim onların məhəlləsindən bir az aşağıda yaşayıblar. Qəbiristanlıqda onunla birlikdə 6 nəfər olub.


 
Məhkəmə iclasında Orxan Hacıyev ittiham üzrə özünü qismən təqsirli bilib. Prokuror Orxan Hacıyevə 10 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını bildirib.

Məhkəmə nəticəyə gəlib ki, Orxan Hacıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilməyib. Hacıyevin əməli CM-nin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, qəflətən baş vermiş affekt vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum olunub.
 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Orxan Hacıyevin əməli Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək, onun cəza müddəti 1 il 6 aya endirilib. İstintaq və məhkəmə dövründə bu cəza müddətini çəkdiyindən Hacıyev iclas zalından azadlığa buraxılıb.
 
Baş prokurorluq Orxan Hacıyevin cəzasının azaldılması ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından protest verib.
 
Ali Məhkəmənin qərarı ilə protest rədd edilib və Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1208

Oxşar yazılar