Bakıda taksi şirkətinə məxsus avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonunda yerləşən “Ağ Şəhər” taksi şirkətinə məxsus müxtəlif şəxslərə icarəyə verilən 5 ədəd “Daewoo” markalı nəqliyyat vasitəsinin ümumi dəyəri 2500 manat olan səsboğucu sistemi, yəni katalizatoru oğurlanıb. Bu barədə ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilən kimi dərhal araşdırmalara başlanılıb. Məlum olub ki, nəqliyyat vasitələrinin katalizatorları elə həmin maşınları icarə əsasında idarə edən sürücülər tərəfindən, vətəndaş Pərvin Rəhimlinin təklifi əsasında oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin şirkətə məxsus taksiləri idarə edən sürücülər Gündüz Nəcəfov, Pərvin Rəhimli, Murad Nəcəfov, Seymur Şamilov və oğurluq katalizatorları alan Qabil Babayev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Rəhimli şirkətə məxsus avtomobilin katalizatorunu satmaq üçün Qabil Babayevin təmiri sexinə gətirdiyi sürücülərin hər birinə görə ondan 70 manat pul alıb. Saxlanılan şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.
Qeyd edək ki, katalizator sistemi bilərəkdən çıxarılan və ya işlək vəziyyətdə olmayan nəqliyyat vasitələri atmosferə normadan artıq zərərli qazlar buraxırlar. Bu isə ekologiyanın pozulması kimi qiymətləndirilir.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.