"Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 19 il "Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri işləmiş Həsənov Akif Şahəli oğlu tanınıb.
İclasda təqsirləndirilən şəxs Əkbər Bəşirlinin ifadəsi elan olunub.
Baş vermiş cinayət hadisəsində özünü qismən təqsirli bilən Əkbər Bəşirli Akif Həsənovun bağ evinə bağban kimi işə düzəldiyini bildirib:
"2019-cu ilin oktyabrın 24-də Akif müəllimin dostunun vasitəsilə ilə onun bağına bağban kimi düzəltmişəm. İlk olaraq bağban kimi 500-600 manat maaş verirdi, axırlarda isə maaşımı 900 manata qaldırmışdı. 2020-ci ildə 44 günlük müharibə başlayanda 2-3 aylıq müharibəyə getdim. 2024-cu ilin mart ayında Akif müəllim xaricdən evinə gəldi. Sonra evin təmizliyinə fikir ver deyib dostları ilə məclisə getdi. Bir də gördük bağ evində partlayış baş verdi, ev yandı. Akif müəllimin dostu Arif müəllim qonşuluqda idi, o gəldi. Sonra qaynar xətt olan "101"ə zəng elədim. Evdə uşaqlarım partlayışdan qorxduğundan qayınatam gəldi onları apardı. Sonra yanğınsöndürənlər gəldi. Cinayət törətməyimlə bağlı özümü qismən təqsirli bilirəm, 2 il qabaq noyabr ayında evdə olan saatları lazımsız bilib Laçın Ticarət Mərkəzində satmışam. O saatları Akif müəllim qutuda vermişdi atmağa, içində radio da var idi. Dedi radionu işlət, amma saatları soruşmadım, remenləri köhnə idi. Noyabr ayında Laçın ticarət mərkəzində Habil adlı qızıl işinə baxanla tanış oldum, o dedi qızılı lom qiymətinə alıram. Dedim məndə qədimi saatlar var, gətirdim göstərdim. Habil saatlara baxıb dedi ki, bəzi hissələri qızıldır, ikisinə 4300 manat pul verdi. Bundan başqa yanvar ayında Akif müəllimin oğlu Qüdrətlə bağda nar ağacı əkirdik, Qüdrət dedi mənim ağac əkmək videomu çək. Mən də çəkdim. Üstündən bir müddət sonra qazonun içində bir saat tapdım, heç ağlıma gəlmədi ki saat Qüdrətin olar. 10-15 gün işlətdim, sonra saat əlimdən düşdü, ekranı sındı. Apardım Habilin yanına, dedi bu qızıldandır. Daha qaytarmadım, ona saatı 8 min manata satdım. Yanğın baş verəndən sonra əməliyyatçılar aparıb izahatımı aldılar, dedilər yanğını sən törətmisən. Evdən də 3 saat oğurlamısan".
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.
Hadisə ötən ilin aprelində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, Əkbər Bəşirli bağban işlədiyi "Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Akif Həsənovun evindən ümumi dəyəri 450 manat olan - bahalı saatlar, qızıllar və pulları oğurlayıb. O, izi itirmək üçün isə bağ evini yandırıb. Belə olan halda isə qiyməti olmayan rəsm əsərləri də yanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.