2013-cü ilin I rübündə vergi borcları azalıb. Lent. az-ın məlumatına görə, hesabat dövrü ərzində 60 min 238 borclu vergi ödəyicisindən 87,1%-nin, cari ilin əvvəllərinə borcu olan vergi ödəyicilərinin 94,3%-nin borcu tamamilə ləğv edilib.
I rüb ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə onlara məxsus olan əmlakların siyahıya alınması barədə 14 min 791 qərar verilib, hesabat dövründə açılmış qərarlar da daxil olmaqla bunlardan 92%-i borcu ləğv edildiyinə görə bağlanıb.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən olunmuş fiziki şəxslərin borclarının hüquqi şəxslərdəki paylarından tutulması istiqaməti üzrə 57 fiziki şəxsin borc məbləğinin onların hüquqi şəxsdəki təsis payından tutulması məqsədilə əvvəlki dövrlərdə verilmiş iddialardan 9-u üzrə müvafiq məhkəmə qətnamələri çıxarılıb. Həmin vergi ödəyicilərindən 10-u üzrə borc iddia qaldırılana qədər ödənilib, 1-i üzrə isə borc məhkəməyə iddia verildikdən sonra ödənildiyindən müvafiq qərardad çıxarılıb. Hesabat dövrü ərzində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən olunmuş 538 borclu fiziki şəxslə aparılmış müvafiq tədbirlər nəticəsində 222,5 min manat məbləğində borcun tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Sahibkarlıq fəaliyyətini dayandırmış, lakin dövlət büdcəsi qarşısında öhdəliklərini tam icra etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində (şəxsi istifadəsində) olan nəqliyyat vasitələrinə yönəldilməsinə xüsusi diqqət yetirilib. Hesabat dövrü ərzində 12 belə vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 441 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərilərinə həbs qoyulmaqla cərimə meydançalarına aparılması barədə məhkəmə qərardadları çıxarılıb, nəticədə, 2 milyon 446,4 min manat məbləğində borcun dövlət büdcəsinə alınması təmin edilib.
Əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, faktiki olaraq fəaliyyətini dayandırıb, əmlakı olmayan və xırda məbləğli borcları olan vergi ödəyiciləri üzrə İnzibati İcraat haqqında qanunun tələblərinə uyğun olaraq birbaşa icra məmurlarına edilən müraciətlər nəticəsində 309 vergi ödəyicisinin borcları tamamilə ödənilib.
Hesabat dövründə əmlakı olmayan borclu vergi ödəyiciləri üzrə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq vergi orqanları tərəfindən aidiyyəti üzrə edilmiş müraciətlər nəticəsində 14 vergi ödəyicisinin ölkədən getmə hüququ məhdudlaşdırılıb.