Bu gün Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan baş nazirinin müavini Muradəli Əlimərdanla görüşüb.
Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli iqtisadi əlaqələr, xüsusilə, kənd təsərrüfatı sahəsində münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi müzakirə olunub.
Görüş zamanı Azərbaycan sahibkarlarının Tacikistan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymasına cəlb edilməsi imkanları, o cümlədən Azərbaycan şirkəti olan “Azersun” holdinqin Tacikistanda kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin yaradılmasında iştirak etmək istəyi barədə fikir mübadiləsi aparılıb. A.Həsənov Tacikistan prezidenti Emomali Rahmonun 2012-ci ilin iyul ayında ikitərəfli münasibətlərdə məhsuldarlığı ilə yadda qalan və iki ölkə arasında bir çox məsələləri həll edən Azərbaycana rəsmi səfəri zamanı imzalanmış 9 sənədin həyata keçirilməsinin vacibliyini qeyd edib. Səfir iki dövlət başçısının razılaşdırdığı məsələlərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. Onlar arasında seleksiya sahəsində əməkdaşlıq, eləcə də Ticari-İqtisadi və Mədəni Əməkdaşlıq Məsələləri üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Komissiyasının yekun protokolunun icrasının inventarlaşdırılması və hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi məsələləri də var. Azərbaycanlı diplomat Tacikistanda Azərbaycan istehsalı olan məhsulların ticarət sərgisinin keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verib.
M.Alimardon öz növbəsində Tacikistan tərəfinin Azərbaycan məhsullarından ibarət ticarət sərgisinin keçirilməsinə və “Azersun Holding”in təkliflərinə baxılmasına hazır olduğunu bildirib. A.Həsənov A.Alimardonu səfirliyin planlaşdırdığı mədəniyyət tədbirləri, xüsusilə bu ilin may ayında Düşənbə şəhərindəki opera və balet teatrında “Leyli və Məcnun” operasının səhnələşdirilməsi barədə məlumatlandırıb.