Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində “Jurnalist klubu” yaradılır. Lent.az-ın məlumatına görə, bu barədə bu gün keçirilən tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib. Onun sözlərinə görə, “Jurnalist klubu”nun yaradılmasına böyük ehtiyac yaranıb: “Əhali arasında sığorta yayılmağa başlayır. Bu rəqəmlərdə də özünü göstərir. Amma jurnalistlərin dəstəyi olmadan əhali arasında sığortanın geniş yayılması zəif baş verəcək. Biz düşünürük ki, “Jurnalist klubu”nu yaradılması, jurnalistlərin bu işə cəlb edilməsi sığortaçılar, əhali və dövlət üçün xüsusi əhəmiyyət kəsb edəcək”.
O.Bayramov qeyd edib ki, “Jurnalist klubu” layihəsi çərçivəsində sığorta mövzusunda araşdırma aparan jurnalistlər geniş informasiya ilə təmin olunacaqlar: “Jurnalist klubu”nun iş prinsipini necə görürük?! Əsas iş prinsipi belə olacaq ki, ASA mütəmadi olaraq jurnalistlərə dəstək verəcək, onların daha da geniş informasiya alması üçün mütəmadi seminarlarda, böyük tədbirlərdə iştirakı təmin olunacaqdır. Bundan başqa, müsabiqələrin, şirkətlərin rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin, iş prinsipinə jurnalistlərin təklifləri də daxil ediləcəkdir. Bu klubun yaradılmasında əsas məqsəd sığorta sahəsində daha dərində olan problemlərin araşdırılması, qaldırılması, ictimailəşdirilməsi və bu yolla həm sektora, həm də əhaliyə xeyir verməkdir”.