Aprelin 19-da Makedoniya Respublikasının Baş naziri Nikola Qruevskinin ölkəmizə səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya işgüzar görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanla Balkan ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini və bu baxımdan Makedoniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.
Şahin Mustafayev iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib. O, Nikola Qruevskinin səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanmasını iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkədə həyata keçirilən investisiya layihələrinin icrasına iş adamlarının cəlb edilməsinə, işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqinə, ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artmasına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.
Nikola Qruevski dostluq zəminində qurulan Azərbaycan-Makedoniya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edib. Nikola Qruevski Azərbaycan və Makedoniya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirib. O, hər iki ölkənin iqtisadiyyatının dinamik inkişaf etməsinin iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb, azərbaycanlı iş adamlarını Makedoniyada investisiya layihələrində iştiraka dəvət edib.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.