Martin Lindner: “Bakını gəzdim, gördüm ki... ”
11 aprel 2013 17:25 (UTC +04:00)

Martin Lindner: “Bakını gəzdim, gördüm ki... ”

Bu gün Milli Məclisdə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilə Almaniya Bundestaqının İqtisadiyyat və texnologiyalar komitəsinin üzvü Martin Lindner arasında görüş keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, o, görüş zamanı deyib :” Bakını gəzib, gördüm ki, hər şey yaxşıdır, insanlar yaxşı geyiniblər, gülümsərdirlər, çətinlik çəkmirlər.”

Sonra Martin Lindner Azərbaycanla əməkdaşlığın genişləndirilməsindən danışıb və bu istiqamətdə təkliflərini nəzərə çatdırıb. O, Almaniyanın Avropa İttifaqındakı mövqeyi, regionda yürüdülən siyasətin aktual məsələlərinə dair  Bundestaqda gedən müzakirələr barədə məlumat verib. O, qeyd edib ki, Almaniyada büdcənin 55 faizi sosial yönümlüdür, lakin elmi tədqiqatların aparılması, innovasiya texnologiyalarının inkişafı üçün də büdcə vəsaitinin artırılmasına ehtiyac var. 
 

Ziyad Səmədzadə ona Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, qazanılmış nailiyyətlər barədə danışıb, bu günlərdə Bakıda başa çatmış Dünya İqtisadi Forumundan ətraflı söhbət açıb.  Ziyad Səmədzadə ölkəmizdə Almaniya ilə əməkdaşlığa xüsusi önəm verildiyini, Milli Məclisdə müvafiq işçi qrupun fəaliyyət göstərdiyini xatırladıb. Komitə sədri Azərbaycan parlamentində müzakirə olunan mühüm məsələlər və qəbul edilən qanunlar barədə də məlumat verib.

 
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

# 758
avatar

Oxşar yazılar