İspaniya şirkətləri Azərbaycanda biznesə başlayacaq
30 aprel 2013 13:15 (UTC +04:00)

İspaniya şirkətləri Azərbaycanda biznesə başlayacaq

İspaniya şirkətləri Azərbaycanda sahibkarlıqla məşğul olacaq. Lent.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevlə görüşdə Madridin Ticarət Palatasının prezidenti Arturo Fernandes bildirib.

 

O qeyd edib ki, hazırda İspaniya ilə Azərbaycan arasında o qədər də çox işgüzar əlaqələr yoxdur: “İndi isə “Atletiko” komandası ölkənizə səfər etmək imkanı qazanıb. Düşünürəm ki, ispan şirkətləri ilə ölkəniz arasında çox iş görmək olar. Bu səfərdən sonra mən İspaniyaya, Madridə qayıdacağam. Bilirsiniz ki, Madriddə 7 milyon insan yaşayır və orada çoxlu şirkət fəaliyyət göstərir, onlar bizneslə məşğul olmaq istəyirlər və Azərbaycan da sahibkarlıqla məşğul olmaq üçün gözəl yerdir. Gözəl şəhərinizi, ölkənizi, buradakı inkişafı gördük. Ölkənizlə fəxr etməlisiniz. Bunu Madridə qayıtdıqda hər kəsə çatdıracağam ki, biz bizneslə məşğul ola bilərik, bizim üçün yaxşı imkanlar mövcuddur, biz şirkətlərimizi Sizin gözəl ölkənizə cəlb etməyə hazırıq. “Atletiko”ya və şəxsən mənim üçün buraya səfər etmək imkanı yaradıldığına görə təşəkkürümü bildirirəm”.

 

Prezident İlham Əliyev isə iki ölkə arasında əməkdaşlığın lazımi səviyyədə olmamasını məlumat azlığından irəli gələ biləcəyini söyləyib: “Əminəm ki, İspaniyada o qədər də çox insan Azərbaycan haqqında məlumatlı deyil. Azərbaycanda, əlbəttə, ölkənizi tanıyırlar, lakin İspaniyaya gedənlərin sayı çox deyil. Şübhəsiz, iş adamları bu istiqamətdə daha çox iş görməlidirlər. Bizim Avropa ölkələri ilə çox fəal əlaqələrimiz var və Avropa İttifaqı bizim bir nömrəli ticarət tərəfdaşımızdır. Bizim ixracın əksər hissəsi Avropa İttifaqınadır. Əlbəttə, Avropanın aparıcı ölkələrindən biri olan İspaniya şirkətləri bu işdə daha fəal ola bilərlər. Azərbaycanda tikinti, infrastruktur, enerji və digər sahələrlə bağlı çoxlu layihələr həyata keçirilir. Lakin əfsuslar olsun ki, ispan şirkətlərinin bu layihələrdə iştirakı yetərli deyil və bu baxımdan sizin əlaqələriniz, Azərbaycan haqqında çatdıracağınız məlumat daha çox ispan şirkətlərinin ölkəmizə gəlməsinə və birlikdə iş görməyimizə təkan verə bilər. Azərbaycanda yaxşı biznes imkanları, sərmayə mühiti mövcuddur. İqtisadiyyat daim inkişaf etməkdədir, böyük imkanlar vardır. Beləliklə, biz Azərbaycanda sizin ölkənizin daha çox şirkətlərini görmək istərdik”.

 

Arturo Fernandes isə deyib ki, artıq enerji və digər sahələri əhatə edən 20-25 ispan şirkətinin nümayəndələrindən ibarət ticarət nümayəndə heyəti ölkənizə səfərə gəlməyi planlaşdırır: “Çox güman ki, təmsil etdiyim Ticarət Palatasının dəstəyi ilə səfər bu ilin noyabr-dekabr aylarında həyata keçiriləcək. Biz əlaqələr qurmağa başlaya bilərik. Bilirəm ki, sizin İtaliya, Fransa, İngiltərə və digər ölkələrlə iş birliyiniz vardır. Əfsuslar olsun ki, İspaniya hələ də bu ölkələr sırasında deyil. Mən səylərimi əsirgəməyəcəyəm ki, İspaniya da Azərbaycanda təmsil olunsun. Belə ki, ölkənizdə gözəl imkanlar mövcuddur. Azərbaycan çox cəlbedici ölkədir. 

 

Prezident İlham Əliyev Azərbaycanın Avropanın aparıcı ölkələri ilə fəal iqtisadi iş birliyi qurduğunu vurğulayaraq İspaniya ilə də iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib və Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 300 faiz, yəni 3 dəfə artıb. “Gələcək inkişafla bağlı çoxlu planlarımız vardır” deyən dövlət başçısı Azərbaycanın tərəfdaş kimi daha çox xarici şirkətlərlə əlaqələr qurmaq əzmində olduğunu vurğulayıb. Prezident İlham Əliyev onu da bildirib ki, bu baxımdan ispan şirkətləri ilə artıq başlanan iqtisadi iş birliyinin bundan sonra daha da genişləndirilməsi ölkələrimizin iqtisadi maraqlarına cavab verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1264

Oxşar yazılar